Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-316/2024 16.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Astara rayonu, Asxanakəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Astara rayonu, Asxanakəran kəndində kəndində qeydiyyatda olan və Lənkəran rayonu, Bürcəli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Murad Məmmədov 16 noyabr 2024-cü il tarixli raportla müraciət edərək həmin gün saat 00:30-da Lerik rayonunun Hamarat kəndində xidmətdə olan Şəxs və qardaşı X3 1 ədəd 16 kalibrli, nömrəsi silinmiş, yivsiz, tək lülə ov silahı ilə iki ədəd meşə cüllütünü ovlamasını aşkar etdiyini bidirmişdir. Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs və qardaşı X6 barələrində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 noyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qanunsuz saxladığı silah ilə Lerik rayonunun Hamarat kəndində iki ədəd meşə cüllütünü ovlamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X4 izahatında göstərmişdir ki, Lənkəran rayonunun Bürcəli kənd sakini Şəxs qardaşı X6 ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Lerik rayonunun Hamarat kəndində 1 ədəd 16 kalibrli, nömrəsi silinmiş, yivsiz, tək lülə ov silahı ilə iki ədəd meşə cüllütünü ovlamışlar və nəticədə təbiətə 220 manat ziyan vurmuşlar. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3 və 590.2-ci maddələri ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Bürcəli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə o, qardaşı X6 ilə birlikdə Lerik rayonunun Hamarat kəndində yaşayan bacısı Əfruzənin evinə qonaq gəlmişlər və bu zaman özləri ilə birlikdə babalarından qalan 16 kalibrli, tək lüləli ov silahını da götürmüşlər. Həmin gün bacısının heyvanlarını meşədən gətirmək üçün tüfəngi götürüb axşam saat 20 radələrində qardaşı ilə birlikdə meşəyə getmişlər, lakin heyvanları tapa bilməmişlər. Meşədə olan zaman o, iki ədəd meşə cüllütünü tüfənglə vurmuşdur. Cüllütlərin başını qoparıb torbaya qoymuşdur. Lakin evə qayıdan zaman Lerik RPŞ-nin əməkdaşları onları saxlamışlar və onlardan ov silahının sənədlərini tələb etmişlər. Silahın sənədi olmadığı üçün o polislərə sənəd təqdim edə bilməmişdir. Daha sonra polislər onları Lerik RPŞ-yə dəvət etmişlər. Onlar polislərlə birlikdə Lerik RPŞ-yə gəlmişlər. Ov etməklə bağlı hər hansı bir icazə sənədi yoxdur. X8 silahla ov etməmişdir. Sonda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs lazımi icazə olmadan ov etməsinə görə və müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı saxlamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibrli, tək lülə, nömrəsi silinmiş yivsiz ov tüfəngi müsadirə edilməklə, 1000 (min) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibrli, tək lülə, nömrəsi silinmiş yivsiz ov tüfəngi müsadirə edilməklə, 1000 (min) manat inzibati cərimə edilsin. Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibrli, tək lülə, nömrəsi silinmiş yivsiz ov tüfəngi Azərbaycan Respublikası DİN-nin X9 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Lerik Rayon Polis Şöbəsinə və Lerik Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-316/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-316/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver