Məhkəmə qərarları › İş №3(048)-317/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-317/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-317/2024 18.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lerik rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lerik rayonu, Əliabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonunun Veri Əliabad kənd sakini Zərərçəkmiş şəxs 07 oktyabr 2024-cü il tarixdə, saat 09:35-də Azərbaycan Respublikasının DİN-in 102 XZM-nə məlumat verərək Naimə adlı şəxs tərəfindən döyülməsini bildirmişdir. Lerik rayonunun Veri Əliabad kənd sakini Zərərçəkmiş şəxs 07 oktyabr 2024-cü il tarixdə Lerik RPŞ-yə ərizə ilə müraciət edərək 06 oktyabr 2024-cü il tarixdə axşam saatlarında gəlini Şəxs onun belinə daş parçası ilə, ağac parçası ilə isə hər iki əlinə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Bu barədə tədbir görülməsini xahiş edir. Ərizə əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 06 oktyabr 2024-cü il tarixdə Lerik rayonunun Veri Əliabad kənd sakinləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında narazılıq yaranmış və mübahisə etmişlər, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Lerik rayonunun Veri Əliabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Zərərçəkmiş şəxs tanıyır, ögey qaynansıdır. Belə ki, onunla Zərərçəkmiş şəxs arasında narazılıq var və onlar küslüdürlər. O, qaynanasından ayrı yaşayır, həyat yoldaşı isə Neftçala rayonunda təssərrüfatların birində işləyir. Belə ki, təxminən bir həftə əvvəl qaynanası Zərərçəkmiş şəxs onun böyük oğlu Rövşən Əlizadəni məktəbdən gələrkən öz evlərinə aparmışdır. O, da buna əsəbləşərək xx.xx.2024-cü il tarixdə axşam saatlarında qaynanası Zərərçəkmiş şəxs evinə getmiş, əsəbi halda ağac parçası ilə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Daha sonra oğlunu götürüb evinə gəlmişdir. O, Sevinci daş parçası ilə deeyil, sadəcə ağac parçası ilə vurmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Lerik rayonunun Veri Əliabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Şəxs tanıyır, onun gəlinidir. Uzun müddətdir ki, aralarında narazılıq var. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında ailə-məişət zəminində Naimə ilə aralarında münaqişə baş vermiş, Naimə onu təhqir edərək daşla belindən vurmuş, daha sonra həyətdə olan ağac parçası ilə hər iki əlindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt həyat yoldaşı X6 onları ayıraraq Naiməni atası evinə aparmışdır. Hazırda şikayətçi olduğunu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışığın olmadığını nəzərə alaraq, ona ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Veri Əliabad kənd sakini Şəxs şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs ağac parçası ilə bir neçə dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı iş materialları, o cümlədən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək, yəni ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində 4 uşağı vardır. Məhkəmə Şəxs himayəsində 4 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar