Məhkəmə qərarları › İş №3(048)-332/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-332/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-332/2024 28.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lerik rayonu, Murya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lerik rayonu, Murya kəndində qeydiyyatda olan və yaşayan İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Lerik Rayon Məhkəməsinin 2(048)-424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs Zərərçəkmiş şəxs ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GTKR3745054A114 saylı kredit müqaviləsinə əsasən 8109,59 manat əsas borc və 1562,02 manat faiz borcu olmaqla, cəmi 9671,61 manat məbləğində borc pul, xx.xx.2021-ci il tarixli, BRED336065A114 saylı kredit xətti müqaviləsinə əsasən 699,84 manat əsas borc, 137,4 manat faiz borcu olmaqla, cəmi 837,24 manat pul və 121,52 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASCnin xeyrinə verilməlidir. İcra sənədi 15.02.203-cü il tarixdə Lerik rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, zəruri icra tədbirləri görülmüş, borclunun əmlak vəziyyəti yoxlanılmış, hər hansı gəliri müəyyən edilməmişdir. İcra tədbirləri nəticəsində borclu İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş və borclu şəxs Lerik rayon Polis şöbəsi tərəfindən axtarışla icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində borclunun izahatı alınmış və izahatında heç bir yerdə işləmədiyindən kredit borcundan ödəniş edə bilməyəcəyini bildirmişdir. Hazırda borclu İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının icra sənədi üzrə ödənilməyən 10629 manat məbləğində kredit borcu vardır. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmiyeva (Mustafayeva) Natəvan İslam qızı izahatında heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından kredit borcundan hər hansı bir məbləğdə ödəniş edə bilmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GTKR3745054A114 saylı kredit müqaviləsinə əsasən 8109,59 manat əsas borc və 1562,02 manat faiz borcu olmaqla, cəmi 9671,61 manat məbləğində borc pul, xx.xx.2021-ci il tarixli, BRED336065A114 saylı kredit xətti müqaviləsinə əsasən 699,84 manat əsas borc, 137,4 manat faiz borcu olmaqla, cəmi 837,24 manat pul və 121,52 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə verilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)- 424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Göründüyü kimi İsmiyeva (Mustafayeva) Natəvan İslam qızı qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və axtarışla gətirilmişdir. Borcluya ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, üzürsüz səbəbdən öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İsmiyeva (Mustafayeva) Natəvan İslam qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, İsmiyeva (Mustafayeva) Natəvan İslam qızının təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İsmiyeva (Mustafayeva) Natəvan İslam qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İsmiyeva (Mustafayeva) Natəvan İslam qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar