Məhkəmə qərarları › İş №3(048)-341/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-341/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-341/2024 24.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X18, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X10 və X5 iştirakları ilə, X18 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X23 Azərbaycan Respublikasının İXM-nin 233.1 və 264.0.2-ci maddələri ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X23 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2024cü il tarixli MN ******* saylı “inzibati tənbeh vermə haqqında” Qərarına əsasən o, X28 sistemlərinin istismarı idarəsinin rəisi, vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.2-ci maddələri ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə olunmuşdur. Qeyd edir ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun iştirakı olmadan inzibati işə baxaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Bildirir ki, o 01 noyabr 2024-cü il tarixindən X25 Sistemlərinin İstismari idarəsinin mühəndisi vəzifəsində çalışır. X25 Sistemlərinin İstismari İdarəsi 05 avqust 2024-cü ildə yaranmışdır və onun rəisi X12. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onu cərimə etməsi məlumatını o, sözügedən idarənin onun yaşayış yerinə ünvanladığı Ç-BM\4024-421№-li 29 oktyabr 2024-cü il tarixli məktubu alandan sonra bilmişdir. Məktubda göstərilmiş vaxtda yəni 14 noyabr 2024-cü il tarixində o, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə getmiş və cərimə olmağının səbəbini soruşmuşdur. Ona Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Monitorinq idarəsinin 23 sentyabr 2024-cü il tarixində X25 sistemlərinin İstismarı idarəsinin bioloji su təmizləmə idarəsindən çirkab su nümunələrini götürərək üzərində analiz apararaq guya aşkar etmişlər ki, çirkab su zəhərli olmuşdur. Ona görə də onun barəsində protokol tərtib edilərək cərimə olunur. O, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Ceyhun Hüseynova və onun əməkdaşlarına etirazını bildirərək ona qarşı olan bu qərəzli protokoldan şikayətini bildirmiş və şikayət ərizəsini idarənin e-poçtuna təqdim etmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən onun cərimə olunmağı barədə toplanmış materialları və labarator analiz nəticələrini surətini onlardan tanış olmaq məqsədi ilə tələb etmiş, barəsində hər hansı qərar qəbul olunacaqsa onun iştirakının təmin olunmasını xahiş etmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov ona demişdir ki “gedin Sizə xəbər verərik”. Sonralar dəfələrlə bu idarə ilə telefon əlaqəsi saxlayaraq onlardan barəsində hər hansı qərarın verilməsini soruşmuş və ona bildirmişlər ki “narahat olmayın Sizinlə əlaqə saxlayarıq”. Nəhayət ki, 28 noyabr 2024-cü il tarixində onun yaşadığı ünvana poçt vasitəsi ilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məktubu (cərimə olunması barədə qərar) gəlmişdir. Onun iştirakı olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən 88142 №-li 28 oktyabr 2024-cü il tarixli qərəzli akt tərtib olunmuşdur. Aktda yazılıb ki, guya “24 oktyabr 2024-cü ildə X25 idarəsinin rəisi Asif İmanov onları qəbul edib və qurğulara nəzarət onda olduğunu bildirmişdir və labaratoriya nəticələri ilə razı deyildir”. Bildirmək istəyir ki, 2024-cü ilin avqust-oktyabr aylarında X26 Sistemlərinin istismarı idarəsində heç bir səlahiyyəti olmamışdır və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları ilə görüşməmişdir. Bundan başqa labaratoriyanın nəticələri ilə 2024-cü ilin 14 noyabr tarixində tanış olmuşdur. İnzibati orqanın vəzifəli şəxsi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Ceyhun Hüseynov onun iştirakını təmin etmədən birtərəfli qaydada qərəzli qərar çıxarmışdır. Barəsində seçilmiş inzibati tənbeh haqqında qərar ilə razı deyildir bu səbəbdən də məhkəmə müdafiəsi hüququna əsaslanaraq inzibati tənbeh haqqında qərarın ləğvində israrlıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Ceyhun Hüseynov xx.xx.2024-cü il tarixli 99\458\d saylı məktubla X21 Monitorinq idarəsinə müraciət edərək bildirmişdir ki, Lerik rayonu Günəşli kəndində müvəqqəti qeydiyyatda olan X1 və Təbii Sərvətlər Nazirliyinin 168 “çağrı mərkəzinə” xx.xx.2024-cü ildə müraciəti araşdırılaraq ondan izahat alınmışdır. Yazılı izahatında E.Mirzəyev bildirmişdir ki, “Azərsu qovşağı tərəfindən Lənkəran çayına tullantı suları axıdıldığından çay suyunun təqribi olaraq 1 saat bulanıq axdığını və çaydan pis qoxunun gəldiyini qeyd etmişdir.” Ona görə də su nümunələrinin analizi zərurəti yaranır. 23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Monitorinq idarəsi X26 Sistemlərinin istismarı idarəsinin çirkab su təmizləmə qurğusunun çıxışından təmizlənmiş çirkab su nümunəsi götürmüşlər. İlkin vizual baxışda da X21 Monitorinq idarəsinin əməkdaşları qurğuların normal həm də günün tələbləri səviyyəsində işləməsinin şahidi olmuşlar. Lakin E.Mirzəyev Qurğuların fəaliyyətinə “qara yaxmaqdan” ötrü müxtəlif provakasiya hərəkətləri edərək monitorinq əməkdaşlarını qurğunun çıxışından 1 km uzaqlıqda çaydan məhz özü su nümunəsi götürərək əməkdaşlara təqdim etmişdir. Bu barədə video çəkilişlər vardır. X21 Monitorinq idarəsinin xx.xx.2024-cü il tarixli hesabatında göstərilir ki X25 sistemlərinin istismarı idarəsinin çirkab su təmizləmə qurğusundan çıxan təmizlənmiş çirkab su “Yerüstü sular üçün X30 hədləri" (YVQH) normasındadır və zəhərli deyildir. Lakin E.Mirzəyev onlardan əl çəksin deyə idarəyə aid olmayan ərazidə qurğularından 1 km uzaqlıqda Lerik rayonunun Velaçola ərazisində isə guya çirkab su zəhərlidir. Göründüyü kimi X21 Monitorinq idarəsinin mövqeyi həm qərəzli həm də əsassızdır. Bunu da bildirir ki, Lerik rayonunda heç bir sənaye obyekti və zavodlar fəaliyyət göstərmir ki, çay suları zəhərli olsun. Lerik rayonu ərazisindən keçən Lənkəran çayında Dövlət səviyyəli monitorinqlər aparılaraq bu çayın fauna və florası yüksək nəticələrlə qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli yazılı izahatında E.Mirzəyev bildirmişdir ki, təqribən 1 saat çayda su bulanıqlı olmuşdur. xx.xx.2024-cü ildə çaydan su nümunəsi götürərkən guya su zəhərli olmuşdur. Lerik rayonunun relyefi dağ-dərə relyefi olduğundan çayın suyu axıntılıdır və bu çayda zəhərli su 20 gün necə qala bilər? Belə çıxır ki zəhər E.Mirzəyevi gözləyirmiş. Qeyd edir ki, təqdim etdiyi video görüntüdə göründüyü kimi X21 Monitorinq idarəsinin əməkdaşları çaydan su nümunələrini özləri yox məhz E.Mirzəyev götürür. Əgər həqiqətən bu çirkab su zəhərlidirsə onda bilərəkdən E.Mirzəyev qabaqcadan əlində olan zəhəri suya qatıb manitorinq əməkdaşlarına vermişdir. Bütün bunlardan başqa ona göndərilən məktublarda, protokollarda, bildirişlərdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Ceyhun Hüseynovun fərqli imzaları vardır. Barəsində tərtib edilmiş aktlar iştirakı olmadan aparılmış və xeyli müddət keçəndən sonra ona poçt vasitəsi ilə göndərilmişdir. Bir daha qeyd edir ki, 2024-cü ilin avqust-oktyabr aylarında onun X28 sistemlərinin istismarı idarəsinində heç bir səlahiyyəti olmamışdır. Bu idarənin rəisi başqa adam olmuşdur. Göründüyü kimi həm inzibati xəta haqqında protokol, həm də inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən çoxsaylı prosessual pozuntulara yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş məsul əməkdaş protokolu inzibati tənbeh tədbirinə məruz qalan şəxsin iştirakı olmadan qəbul etmiş və beləliklə protokol İXM-nin nəzərdə tutulmuş tələblərinə cavab vermir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X23 şikayəti müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X17 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, araşdırma müddətində X29 Sistemlərinin İstismarı İdarəsində olmuşlar və idarədə Asif İmanova bildirmişlər ki, qurğulara cavabdeh şəxs kimdirə onun adını versin, onun barəsində protokol tərtib olunsun, Asif müəllim də onlara qurğulara cavabdeh şəxsin özü olduğunu bildirmişdir. Bu səbəbdən protokol da onun barəsində tərtib olunmuşdur. Bundan əlavə bildirir ki, X32 İdarəsi tərəfindən çirkab suların Lənkəran çaya axıdılması barədə Lerik rayonu Günəşli kənd sakini X16 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətti”nə müraciət etmiş, həmin müraciət əsasında X21 Monitorinq İdarəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə əraziyə gələrək Lerik Su X4 İdarəsinə məxsus X7 çıxışından və X6 çıxan borunun 1 km məsafəsindən su nümunələri götürmüşlər. Götürülmüş su nümunələrinin laboratoriya müayinəsinin nəticəsinə əsasən su nümünələrində suyun zəhərli və çirkli olması müəyyən edilmiş və bu səbəbdən X23 barəsində protokol tərtib olunmuş və qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə X13 X29 Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Asif İmanov və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Monitorinq İdarəsinin əməkdaşları ilə baxış keçirmişlər. Baxış zamanı Asif İmanov özünü İdarənin rəisi kimi təqdim etmişdir. Daha sonra Ekoloji Monitorinq İdarəsinin əməkdaşları və X29 Sistemlərinin İstismarı İdarəsinin əməkdaşlarının iştirakı ilə X6 su nümunələri götürülmüşdür. Hər iki tərəfin iştirakı ilə birinci su nümunəsi ilk növbədə X7 içindən götürülmüş, həmin nümunənin ağzı bağlanmış, daha sonra ikinci su nümunəsi həmin X6 çıxan borunun töküldüyü yerdən həmin qurğudan 1 km aralıda yerləşən çaya tökülən hissədən götürülmüş, həmin yer dərə olduğundan X21 Monitorinq İdarəsinin əməkdaşlarının ayağında çəkmə olmadığından montiorinqdə iştirak edən Elxan Mirzəyevin ayağında çəkmə olduğundan qab nümunələri ona verilmiş və o, da tərəflərin iştirakı ilə həmin borunun axan hissəsindən su nümunəsini götürmüş, daha sonra nümunənin ağzı tərəflərin iştirakı ilə bağlanmış və nümayinə olunması üçün labaratoriyaya göndərilmişdir. Labaratoriya müayinəsinin nəticəsinə əsasən götürülən su nümünələrində suyun zəhərli və çirkli olması müəyyən edilmiş və bu səbəbdən X23 barəsində protokol tərtib olunmuş və qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin baş mütəxəssisi Həsən-zadə Zəki Ramiz oğlu izahatında bildirmişdir ki, çay suyunun çirklənməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Monitorinq İdarəsinə vətəndaş tərəfindən müraciət olanda həmin müraciətə şübhə ilə yanaşmışlar, həmin şübhənin aradan qaldırılması üçün X29 Sistemlərinin İstismarı İdarəsinin X13 baxış keçirmək üçün gəlmişlər. Baxışda o, Monitorinq Mərkəzinin digər əməkdaşı, X29 Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Asif müəllim və idarənin digər əməkdaşı, eləcə də 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Məftun Qəniyev və şikayətçi Elxan Mİrzəyev iştirak etmişdir. Baxış zamanı birinci X13 baxış keçirmişlər və qurğuda suyun az olduğunu müşahidə etmişdir. Onlar birinci X6 su nümunəsini götürmüşlər. Daha sonra X6 çıxan və suyun çaya töküldüyü hissədən su nümunəsi götürmək üçün getmişlər. X6 çıxan boru asfalt qatının altı ilə (yerin altı ilə) çəkilmiş və təxminən 1 km aralıqda dərədən çaya töküldüyü yerə gəlmişlər, orada iki ədəd 1 litrlik qab və bir ədəd 20-30 qramlıq mikrobiologiya üçün su nümunəsi götürülmüş, daha sonra nümunənin ağzı tərəflərin iştirakı ilə bağlanmış və müayinə olunması üçün labaratoriyaya göndərilmişdir. Şahid izahatında əlavə olaraq qeyd etmişdir ki, müşahidə zamanı X8 suyun miqdarı az olmuş, lakin X6 çıxaraq həmin qurğudan aralıda yerləşən qurğunun çaya tökülən borusundan isə çıxan suyun miqdarı çox olmuşdur. Bu da həmin X6 çıxan boruya yerin altından əlavə X6 keçməyən borunun qoşulması halında mümkün ola biləcəyini, belə halda elektrik enerjisinə, filtirlərə və s. qənaət olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirmişdir ki, X23 ilə şəxsi tanışlığı, düşmənçiliyi və ədavəti yoxdur. Mahiyyəti üzrə bildirir ki, o Lerik rayonu, Günəşli kəndinin yaxınlığında ev tikmiş və 2014-cü ildən orda yaşayır. 2018-ci il tarixdə Lerik rayonunda kanalizasiya qovşağı tikildi. Onun yaşadığı ev çayın yanında yerləşir. 2019-cu ildən həmin çayın suyunun dəyişərək boz rəngdə axdığını, bu zaman həmin çayın suyundan pis qoxunun gəldiyini, suyun köpüklü axdığını və sudan yuyucu vasitələrin qoxusunun gəldiyini müşahidə etmişdir. O, maraqlandıqda həmin çayın suyunun rənginin dəyişməsinin səbəbinin Su İdarəsi tərəfindən çaya axıdılan çirak suyun səbəb olduğunu bildirmişlər. Bununla bağlı o, Lerik Su İdarəsinin müdiri ilə əlaqə saxlamış, ona həmin çirkab suyunun onlar tərəfindən deyil, kamaz maşınlarının axıtdığını bildirmişdir. Daha sonra o çaya axıdılan suyun yerini tapmış və oradan çaya qapqara çirkab suyun axıdıldığını görmüşdür. Bunları videogrüntüyə çəkmişdir. Həmin çirkab su axıdılan boru Lerik su İdarəsinin borusu olduğunu müəyyən etmişdir. Çaya çirkab suyun axıdılması daha çox yağış yağan vaxtları daha çox olmuşdur. Bundan sonra o, Ekologiya Nazirliyindən çaya axan çirkab suyun dayandırılması ilə bağlı müraciətlər etmiş, məsələnin araşdırılmasını xahiş etmişdir. Müraciəti əsasında X21 Monitorinq İdarəsinin, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, X29 Sistemlərinin İstismarı İdarəsinin əməkdaşlarının, eləcə də onun iştirakı ilə X29 Sistemlərinin İstismarı İdarəsinin X13 baxış keçirilmiş, Qurğudan su nümunələri götürülmüş, daha sonra X6 çıxan və suyun çaya töküldüyü hissədən su nümunəsi götürmək üçün getmişlər. X6 çıxan boru təxminən 1 km aralıqda dərədən çaya töküldüyü yerə gəlmişlər, onun ayağında çəkmə olduğundan su nümunəsi götürüləcək qablar ona verilmiş və o, da hamının gözü qarşısında borunun töküldüyü yerdən su nümunəsi götürərək X21 Monitorinq İdarəsinin əməkdaşlarına təqdim etmişdir. Sonda isə məhkəmənin sualına cavab olaraq şahid borunun töküldüyü yerdən su nümunəsi götürən zaman əlində nümunə qablarından başqa heç nəyin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən X21 Monitorinq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərsu” qovşağının tullantı sularını Lənkəran çayına axıdılması və nəticədə çaydan pis qoxuların gəlməsi ilə əlaqədar Lerik rayonu, Günəşli kəndində müvəqqəti qeydiyyatda olan X16 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə daxil olmuş xx.xx.2024-cü il tarixli İD-25760 nömrəli müraciət tərəflərindən araşdırılmışdır. Müraciətin araşdırılması məqsədi ilə əməkdaşlar Elxan Mirzəyevin yaşadığı ünvana (Lerik rayonu, Günəşli kəndinə) gəlmişlər. Elxan Mirzəyev yazılı izahat verərək Lerik şəhərində yerləşən “Azərsu” qovşağı tərəfindən Lənkəran çaya tullantı sularının axıdılması nəticədə çay suyunun təqribi olaraq 1 saat bulanıq axdığını və çaydan pis qoxunun gəldiyini qeyd etmişdir. Qeyd olunan məsələ ilə əlaqədar olaraq çay suyundan nümunə götürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən həmin ərazidən su nümunələrinin götürülüb laboratoriya şəraitində çirklənmə dərəcəsinin müəyyən olunmasından ötrü müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 Monitorinq İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 002389 nömrəli Aktdan görünür ki, Lerik şəhəri X29 Sistemlərinin İstismarı İdarəsinin ətraf ərazilərində monitorinq keçirərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt” xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, İD-25760 nömrəli şikayətlə bağlı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq X21 Monitorinq İdarəsinin əməkdaşları baş mühəndis Valeh Kərimov, mühəndis Zəki Həsən-zadə və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi Məftun Qəniyevin iştirakı ilə yuxarıda adı çəkilən ünvanda fəaliyyət göstərən müəsissədə monitorinq həyata keçirilmiş Monitorinqdə müəsissənin rəisi Asif İmanov, şikayətçi Elxan Mirzəyev, iştirak etmişlər. Şikayətdə qeyd edilən təmizləyici qurğudan tullantıların birbaşa çaya axıdılması informasiyasını tədqiq etmək məqsədilə qurğunun çıxışıdan və Lerikin çıxışı olan Velaçola adlanan ərazidəki borunun çıxışından qəbul edilmiş standart və normalara uyğun olaraq su nümunələri götürülmüş və qablaşdırılmışdır. Nümunələrin götürülməsi barədə 584 nömrəli akt tərtib olunmuşdur. Su nümunələri “AZELAB”a təhvil veriləcəkdir. İş materiallarında olan 23 sentyabr 2024-cü il tarixli 584 nömrəli nümunə aktından görünür ki, X29 Sistemlərinin İstismarı İdarəsinin X6 laborator təhlillər üçün – 1) X6 çıxan (təmizlənmiş su) sudan, 2) Lerikin girişi Veləçola ərazisində X6 1 km aralıda nümunələr götürülmüşdür. Akta idarənin əməkdaşları Valeh Kərimov, Zəki Həsən-zadə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Məftun Qəniyev, şikayətçi Elxan Mirzəyev və müəsissənin rəisi Asif İmanov imza etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixində Lerik rayonu X25 Sistemlərinin İstismarı idarəsinin Bioloji Təmizləyici qurğusundan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələri barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 çıxan (təmizlənmiş su) suyun zəhərli olmaması, Lerikin girişi Veləçola ərazisində X6 1 km aralıda götürülmüş su nümunəsində isə suyun kəskin zəhərli olması müəyyən edilmişdir. Yerüstü sular üçün X30 Hədləri (YVQH) 04 yanvar 1994-cü il № 01 əmri ilə Azərbaycan Respublikasının Dövlət Ekologiya və X9 Komitəsi tərəfindən təsdiq edümiş "Yerüstü suların tullantı sularla çirklənməsindən mühafizə qaydaları" sənədindən götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 88142 nömrəli Aktından görünür ki, X32 İdarəsi tərəfindən çirkab suların Lənkəran çaya axıdılması barədə Lerik rayonu Günəşli kənd sakini X16 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətti”nə müraciət daxil olmuşdur. Həmin müraciət əsasında aparılmış araşdırma zamanı Elxan Mirzəyev “Azərsu”ya məxsus borudan çirkab suların Lənkəran çaya axıdıldığını bildirmişdir. Həmin müraciət əsasında X21 Monitorinq İdarəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə əraziyə gələrək 2 yerdən (X6 çıxışından və X6 çıxan borunun 1 km məsafəsindən) su nümunələri götürmüşlər. Su nümunələri götürülərkən 002389 nömrəli akt tərtib olunmuşdur. X33 X4 İdarəsinin rəisi Asif İmanov imza etmişdir. Götürülmüş su nümunələri labaratoriya şəraitində analiz edilmiş və X21 Monitorinq İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Su nümunələri üzərində aparılan təhlillərdən məlum olunmuşdur ki, X7 çıxışıdan götürülmüş su nümunələri çirkli olduğu müəyyən edilmiş, lakin zəhərli təsirə malik olmamışdır. X6 1 km məsafədən borudan götürülmüş nümunə təhlil edilmiş və nümunə çirkli və zəhərli təsirə malik olmuşdur. Məsələyə aydınlıq gətirmək üçün xx.xx.2024-cü il tarixdə Lerik rayonunda yerləşən Lerik Su X4 İdarəsinə getmişlər. Orada idarənin rəisi Asif İmanov onları qəbul edərək təmizləyici qurğulara nəzarətin onda olduğunu bildirmişdir. Asif İmanova mövcud vəziyyət bildirildikdən sonra o, labaratoriya nəticələri ilə razılaşmadığını bildirmişdir. Qeyd olunanlardan məlum olur ki, törədilmiş fakt Azərbaycan Respublikası Su Məcəlləsi və Ətraf mühitin mühafzəsi haqqında qanunvericiliyin tələblərinə ziddir. Asif İmanov aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X17 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Lerik Su X4 İdarəsinin X6 götürülmüş su nümunələrinin zəhərli və çirkli olması faktı ilə bağlı X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.2-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X19 ünvanladığı 29 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Lerik Su X4 İdarəsinin X6 götürülmüş su nümunələrinin zəhərli və çirkli olması faktı ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.2-ci maddələrinə uyğun olaraq barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati protokol və toplanmış sənədlər əsasında 14 noyabr 2024-cü il tarixdə saat 11:30-da idarədə araşdırma aparılaraq inzibati qərar çıxarılacağı, işə baxılmasında iştirak etmək üçün həmin tarixdə idarəyə gəlməsinin zəruri olması, əks təqdirdə həmin işə tərtib edilmiş sənədlər əsasında iştirakının olmadan baxılacağı və müvafiq qərar qəbul ediləcəyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X19 ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə 10:09-da təyinatı üzrə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Lerik Su X4 İdarəsinin X6 götürülmüş su nümunələrinin zəhərli və çirkli olması faktı ilə bağlı X23 Azərbaycan Respublikasının İXM-nin 233.1 və 264.0.2-ci maddələri ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X19 ünvanlandığı 15 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, X18 barəsində tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli 88142 nömrəli akt, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati protokol və toplanmış sənədlər əsasında xx.xx.2024-cü il tarixdə işə baxılaraq idarənin MN ******* nömrəli qərarı ilə barəsində inzibati qaydada fiziki şəxs qismində 2500 (iki min beş yüz) manat cərimə tətbiq edilməsi və həmin cəriməni könüllü olaraq idarəyə ödəməsi göstərilmişdir. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X32 İdarəsi tərəfindən çirkab suların Lənkəran çaya axıdılması barədə Lerik rayonu, Günəşli kənd sakini X16 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətti”nə müraciət olunmuş, həmin müraciət əsasında X21 Monitorinq İdarəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə əraziyə gələrək Lerik Su X4 İdarəsinə məxsus X7 çıxışından və X6 çıxan borunun 1 km məsafəsindən su nümunələri götürmüşlər. Su nümunələri götürülərkən akt tərtib olunmuş və həmin akt Lerik Su X4 İdarəsinin rəisi Asif İmanov tərəfindən imza olunmuşdur. Götürülmüş su nümunələri labaratoriya şəraitində analiz edilmiş və su nümunələri üzərində aparılan təhlillərdən X7 çıxışından götürülmüş su nümunələrinin çirkli olduğu, lakin zəhərli təsirə malik olmadığı, X6 1 km məsafədən borudan götürülmüş nümunələrdə isə suyun çirkli və zəhərli təsirə malik olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X23 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. X2 şikayətində göstərdiyi xüsusatlar, yəni təqsirinin olmaması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə şikayət verən şəxs X19 istinad edilən inzibati xətaya inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 233.1 və 264.0.2-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə şikayət verən şəxs X23 şikayətində X6 çıxan borunun 1 km məsafəsindən su nümunələri götürülən zaman X3 zəhərli madddə qatdığını qeyd etsə də, məhkəmə iclasında monitorinq zamanı çəkilmiş videogörüntülərə tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı X11 nümunə götürülən zaman suya hər hansı bir maddə əlavə etməsi halı aşkar olunmamışdır. Əksinə məhkəmə iclasında aparılmış araşdırma zamanı və təqdim olunmuş videogörüntülərə baxış zamanı Lerik Su X4 İdarəsinə məxsus X7 1 km uzaqlıqda yerləşən çıxışından köpüklü suyun çaya axıdılması halı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsinə əsasən, su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə X18 şikayət ərizəsində göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və hesab edir ki, onun göstərdiklərinin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Əksinə, məhkəmə iclasında müəyyən edilərək bir-birini tamamlayan mötəbər sübutlarla X18 Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayət vermiş şəxs qərarın ləğv edilməli olmasını onun təqsirinin olmaması ilə əsaslandırmağa çalışmışdır ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbləri və işin faktiki halları baxımından onun irəli sürdüyü dəlillərlə məhkəmə razılaşmır, əsassız olması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X18 Azərbaycan Respublikasının İXM-nin 233.1 və 264.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı tam qanuni və əsaslıdır. Ona görə də, X18 şikayət təmin edilməməli, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar