Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-348/2024 09.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər - Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1 və Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lerik rayonu, Bürsülüm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lerik rayonu, Bürsülüm kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lerik rayonu, Bürsülüm kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2024-cü il oktyabr ayının əvvəllərində X3 məxsus taxıl anbarının damının 54 manat dəyərində olan 6 ədəd dəmir örtüyünü yaşadığı evin həyətinə aparmaqla oğurluq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 08 dekabr 2024-cü il tarixli, protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:08-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X11 izahatında göstərmişdir ki, 2024cü ilin oktyabr ayının əvvəllərində Lerik rayonu, Bürsülüm kənd sakini Şəxs Lerik rayonunun Bürsülüm kəndi ərazisində yerləşən X3 məxsus taxıl anbarının damının 6 ədəd dəmir örtüyünü oğurlayaraq Bürsülüm kəndində yerləşən yaşadığı evin həyətinə aparmışdır. X9 54 manat maddi ziyan dəymişdir. X6 kəndi ərazisində yerləşən taxıl anbarının damının 36 ədədini oğurlayan şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə Şəxs Lerik rayon Bürsülüm kəndində yerləşən həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilmiş kömür quyusunun sonuncuya məxsus olduğu müəyyən edilmişdir. Şöbədə onun barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X4 izahatında göstərmişdir ki, raporta əsasən Lerik rayon Bürsülüm kənd sakini Şəxs barəsində xırda talama faktı ilə bağlı Lerik RPŞ-də açılan inzibati icraat materialı ilə əlaqədar olaraq Lerik RPŞ-yə dəvət olunsa da, o gəlməkdən imtina etmişdir. Bu məqsədlə Lerik RPŞ-nin İTB-nin rəisi Emil Aslanov, Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Fuad Hüseynov və polis sahə nəfəri, polis serjantı Qadir Zeynalov ilə birlikdə xx.xx.2024-cü il tarixdə Lerik rayon Bürsülüm kənd ərazisində xidmətdə olduqları zaman yenidən onunla profilaktik söhbətlər aparıb onu inzibati icraat materialının icrası məqsədi ilə Lerik RPŞ-yə dəvət etsələr də o, ucadan səsküy salaraq “mən heç bir yerə getmirəm” kimi ifadələr işlətmişdir. Həmçinin onların qanuni tələblərinə məhəl qoymayaraq Lerik RPŞ-yə gəlməkdən yayınıb qaçmağa çalışmışdır. Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik RPŞ-yə gətirilmişdir. Şöbədə onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən yəni ona elan olunmuş Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə deyil, 535.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o X6 kəndi ərazisində yerləşən taxıl anbarının dam örtüklərini oğurlamamışdır. Həyətində olan 6 ədəd tam örtüyünü o, avqust ayında Lənkəran şəhərində yerləşən bazardan birini 10 manata almış, Eldəniz adlı şəxs də həmin dam örtüklərini onun yaşadığı həyətə gətirmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı bildirir ki, barəsində Lerik RPŞ-də açılan inzibati icraat materialı ilə əlaqədar olaraq o, Lerik RPŞyə dəvət olunsa da, polis əməkdaşlarından qorxduğu üçün onların qanuni tələblərinə tabe olmayaraq onlarla birlikdə RPŞ-yə gəlməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin İTB-nin rəisi, polis polkovnik-leytenantı X12 izahatında göstərmişdir ki, Lerik rayon Bürsülüm kənd sakini Şəxs barəsində xırda talama faktı ilə bağlı Lerik RPŞ-də açılan inzibati icraat materialı ilə əlaqədar olaraq Lerik RPŞ-yə dəvət olunsa da, o gəlməkdən imtina etmişdir. Bu məqsədlə o, Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Fuad Hüseynov və polis sahə nəfəri, polis serjantı Qadir Zeynalov ilə birlikdə xx.xx.2024-cü il tarixdə Lerik rayon Bürsülüm kənd ərazisində xidmətdə olduqları zaman yenidən Şəxslə profilaktik söhbətlər aparıb onu inzibati icraat materialının icrası məqsədi ilə Lerik RPŞ-yə dəvət etsələr də o, onların qanuni tələblərinə məhəl qoymayaraq Lerik RPŞ-yə gəlməkdən yayınıb qaçmağa çalışmışdır. Şəxs onlar tərəfindən saxlanılaraq Lerik RPŞ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 izahatında göstərmişdir ki, Lerik rayon Bürsülüm kənd sakini Şəxs barəsində xırda talama faktı ilə bağlı Lerik RPŞ-də açılan inzibati icraat materialı ilə əlaqədar olaraq Lerik RPŞ-yə dəvət olunsa da, o gəlməkdən imtina etmişdir. Bu məqsədlə Lerik RPŞ-nin İTB-nin rəisi, polis polkovnik-leytenantı Emil Aslanov, o və polis sahə nəfəri, polis serjantı Qadir Zeynalov ilə birlikdə xx.xx.2024-cü il tarixdə Lerik rayon Bürsülüm kənd ərazisində xidmətdə olduqları zaman yenidən Şəxslə profilaktik söhbətlər aparıb onu inzibati icraat materialının icrası məqsədi ilə Lerik RPŞ-yə dəvət etsələr də o, onların qanuni tələblərinə məhəl qoymayaraq Lerik RPŞ-yə gəlməkdən yayınıb qaçmağa çalışmışdır. Şəxs onlar tərəfindən saxlanılaraq Lerik RPŞ-yə gətirilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatda təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1-833, HK-2-1289, HK-2-1290 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci və 275.1.1-ci maddələri ilə tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-nin İTB-yə göndərilmiş, X3 məxsus Lerik rayonu Bürsülüm kəndində yerləşən taxıl anbarının damının dəmir örtüyünün qalan hissəsini oğurlayan naməlum şəxs(lər)in müəyyən edilib barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, ona vurulmuş zərər tam şəkildə ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Lerik RPŞ-nin İTB-nin rəisi, polis polkovnik-leytenantı X12 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Lerik rayon Bürsülüm kənd sakini Şəxs barəsində xırda talama faktı ilə bağlı Lerik RPŞ-də açılan inzibati icraat materialı ilə əlaqədar olaraq Lerik RPŞ-yə dəvət olunsa da, o gəlməkdən imtina etmişdir. Bu məqsədlə Lerik RPŞ-nin İTB-nin rəisi Emil Aslanov, Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Fuad Hüseynov və polis sahə nəfəri, polis serjantı Qadir Zeynalov ilə birlikdə xx.xx.2024-cü il tarixdə Lerik rayon Bürsülüm kənd ərazisində xidmətdə olduqları zaman yenidən onunla profilaktik söhbətlər aparıb onu inzibati icraat materialının icrası məqsədi ilə Lerik RPŞ-yə dəvət etsələr də o, ucadan səs-küy salaraq “mən heç bir yerə getmirəm” kimi ifadələr işlətmişdir. Həmçinin onların qanuni tələblərinə məhəl qoymayaraq Lerik RPŞ-yə gəlməkdən yayınıb qaçmağa çalışmışdır. Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik RPŞ-yə gətirilmişdir. Şöbədə onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Beləliklə, araşdırma zamanı Şəxs xx.xx.2024-cü il tarixdə Lerik rayonu, Bürsülüm kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, özünün, şahidlərin izahatları, eləcə də, işin digər materialları ilə sübut edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 08 dekabr 2024-cü il tarixdən, saat 19:08-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 dekabr 2024-cü il tarixdən, saat 19:08-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-348/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-348/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver