Məhkəmə qərarları › İş №3(048)-355/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-355/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-355/2024 24.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Lerik rayonu, Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lerik rayonu, Lerik şəhəri Ərdəbilə küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Həşimxan Fərziyev xx.xx.2024cü il tarixdə Lerik RPŞ-nin rəisinə raportla məruzə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Lerik şəhəri Ərdəbilə küçəsində yaşayan Şəxs istifadəsində olan 12 çaplı “MR-155” markalı, ********** nömrəli ov silahının saxlanma qaydaları tərəfindən yoxlanılarkən Şəxs odlu silahı dəmir şkafa yerləşdirməyərək yaşadığı evdə açıq şəkildə saxladığı müəyyən olunmuşdur. Eyni zamanda silahın kompleks hissələrinin üzərində olmaması aşkar edilmişdir. Şəxs ov silahının saxlanma qaydalarını pozduğu üçün 2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib eilərək 50 manat cərimə olunması ilə bağlı qərar qəbul edilmişdir. Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq silahın saxlanma qaydalarını pozmasını, yaşadığı evdə azyaşlı uşaqların olmasını və silahın hissələrinin olmaması ilə əlaqədar təhqiqat araşdırması aparılması zəruri olduğundan silah götürülərək Lerik RPŞ-yə gətirilmişdir. Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 çaplı “MR-155” markalı, ********** nömrəli ov silahının saxlanma qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, ildə bir dəfədən az olmayaraq şəxsi istifadədə olan silahların saxlanması qaydalarının yoxlanması məqsədi ilə Şəxs yaşadığı mənzildə onun istifadəsində olan silahın saxlanması yoxlanılarkən silah seyfdə yox açıq şəkildə saxlanması aşkar olunmuşdur. Bundan əlavə Şəxs 2023-cü il tarixdə silahın dəmir seyfdə sökülmüş vəziyyətdə saxlamadığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 50 manat cərimə olunmuşdur. Növbəti dəfə xx.xx.2024-cü il tarixdə təkrar Şəxs yaşadığı evində istifadəsində olan silahın saxlanma qaydası yoxlanılarkən yenidən silahın dəmir seyfdə yox açıq şəkildə saxlandığı aşkar olunmuş, Şəxs silahı açıq şəkildə saxladığını bildirmişdir. Bununla əlaqədar olaraq silah ondan götürülərək təhqiqat araşdırması üçün Lerik RPŞ-yə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək izahatında bildirmişdir ki, 12 çaplı “MR-155” markalı ov tüfəngi özünə məxsusdur. Qeyd olunan tüfəngin saxlanması və gəzdirilməsinə dair rəsmi sənədi vardır. Bir dəfə silahın saxlanma qaydasını pozmuş, silahı dəmir seyfdə yox taxta tipli seyfdə saxladığı üçün 50 manat miqdarında cərimə olunmuşdur. Maddi imkanı olmadığı üçün silahı saxlanması üçün dəmir seyf düzələ bilməmişdir. Hal-hazırda silahın saxlanması üçün tələb oluna dəmir seyfi vardır. Sonda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsiri bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı saxladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə, Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə inzibati cərimənin aşağı həddində tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 12 çaplı “MR-155” markalı ********** nömrəli tək lüləli yivsiz ov tüfəngi müsadirə edilməklə, 50 (əlli) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 12 çaplı “MR-155” markalı ********** nömrəli tək lüləli yivsiz ov tüfəngi müsadirə edilməklə, 50 (əlli) manat inzibati cərimə edilsin. Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 12 çaplı “MR-155” markalı ********** nömrəli tək lüləli yivsiz ov tüfəngi Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Lerik Rayon Polis Şöbəsinə və Lerik Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar