Məhkəmə qərarları › İş №3(048)-37/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-37/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-37/2025 16.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Lerik rayonu, Siyov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lerik rayonu, Siyov kənd məktəbində xadimə işləyən, Lerik rayonu, Siyov kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonunun Siyov kənd sakini Zərərçəkmiş şəxs 29 noyabr 2024-cü ii tarixdə, saat 09:23-də Azərbaycan Respublikasının DİN-in 102 XZM-nə məlumat verərək məktəbin direktoru olan İlham Əmirovun və xadimə Şəxs onu döyərək təhqir etməsi barədə məlumat vermişdir. Lerik rayonun Siyov kənd sakini Şəxs 29 noyabr 2024-cü il tarixdə Lerik RPŞ-yə ərizə yazaraq göstərmişdir ki, həmin gün səhər saatlarında iş yoldaşları Zərərçəkmiş şəxs və həyat yoldaşı Rahib Ramazanov onu döymüşlər. Bu barədə tədbir görülməsini xahiş edir. Lerik rayonu Siyov kənd sakini Şəxs 29 noyabr 2024-cü il tarixdə, saat 09:41-də Azərbaycan Respublikasının DİN-in 102 XZM-nə məlumat verərək M.Qafarov adına məktəbdə münaqişə olduğunu bildirmişdir. Lənkəran RMX-nın həkimi X6 RPŞ-yə telefon məlumatı verərək Lerik rayon Siyov kənd sakini 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs “hər iki boynunda sıyrılmış yaralar” diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirmişdir. Deməsinə görə İlham adlı şəxs tərəfindən döyülmüşdür. Lerik rayonunun Siyov kənd sakini Zərərçəkmiş şəxs 29 noyabr 2024-cü il tarixdə Lerik RPŞ-yə yazdığı ərizəsində göstərmişdir ki, həmin gün saat 09:10 radələrində məktəbin direktoru İlham Əmirov onu məktəbin dəhlizində itələyərək çölə çıxarmaq istəmişdir. İş yoldaşı Şəxs onu boğazından sıxaraq nalayiq ifadələrlə təhqir etmişdir. Şillə ilə bədəninə vurmuşdur. Bu barədə tədbir görülməsini xahiş etmişdir. Muraciətlər əsasənda Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Lerik RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 29 noyabr 2024-cü il tarixdə Lerik rayon Siyov kənd məktəbinin texniki işçiləri Zərərçəkmiş şəxs qız ilə Şəxs arasında şəxsi münasibətlər zəmnində aralarında münaqişə baş vermiş, münaqişə zamanı Bahar yumruqla Almagülün boyun nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Almagül isə hər iki əli ilə Baharın boğazından yapışaraq sıxmış və şillə ilə bədəninin müxtəlif yerlərinə zərbə vurmuşdur. Almagül ilə Bahar əlbəyaxa olaraq biri-birilərinə fiziki ağrılar yetirmişlər. Şəxs və Zərərçəkmiş şəxs aldığı xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Lerik rayonunun Siyov kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və onun həyat yoldaşı Rahib Ramazanovu tanıyır. Əvvəllər aralarında narazılıq olmuşdur. Belə ki, 29 noyabr 2024-cü il tarixdə, səhər saatlarında o, məktəbə gələn zaman məktəbin dəhlizində Rahib Ramazanov mobil telefon ilə onu videoya çəkmişdir. O, bu barədə Rahibə iradını bildirmiş, Rahib onun iradına məhəl qoymayaraq onu videoya çəkməyə davam etmişdir. O, məktəbin ikinci mərtəbəsində olan anbar otağına getmişdir. Anbara daxil olan zaman otaqda iş yoldaşları Bayram İsgəndərov və Nisə Bayramova olmuşlar. O, otaqda stulda əyləşmiş, bu zaman Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək onun üzərinə hücum etmiş və qənd qabını başına çırpmış, sonra yumruqla boyun nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Baharın həyat yoldaşı Rahib də otağa daxil olub onun sol qoluna bir yumruq zərbəsi vurmuşdur. O, ürək xəstəsidir və ürəyindən əməliyyat olmuş, həmçinin şəkər xəstəsidir, səhhətində ciddi problemlər olduğundan özünü piss hiss etdiyi üçün qısa müddətə huşunu itirmişdir. Bir təhər özünə gələndən sonra Bahar onunla əlbəyaxa olmuş, sonradan otağa daxil olan Sərəngül Bayramova və Rahib Ramazanov onları ayırmışdır. O, Zərərçəkmiş şəxs boğazından tutmamış, həmçinin şillə ilə ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs barəsində yalan və böhtan xarkaterli məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Lerik rayonunun Siyov kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. İlham Əmirov və Şəxs tanıyır. Onlarla arasında uzun müddətdir ki, narazılıq davam edir. Belə ki, 29 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində məktəbin xadiməsi Şəxs heç bir səbəb olmadan onu və həyat yoldaşını nalayiq ifadələrlə təhqir etmişdir. O, Almagülə heç bir söz deməmiş və onu təhqir etməmişdir. Bu zaman Almagül hər iki əli ilə boğazından yapışaraq sıxmış və şillə ilə bədəninin müxtəlif yerlərinə zərbə vurmuşdur. O, Almagülə heç bir xəsarət yetirməmişdir. Hazırda şikayətçi olduğunu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışığın olmadığını nəzərə alaraq, ona ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 29 noyabr 2024-cü il tarixli, 99 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - hər iki körpücük, boyun nahiylərində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı iş materialları, o cümlədən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla və qərarda göstərilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək, yəni ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar