Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-373/2024 20.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Lerik rayonu, Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Xanagah kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Murad Məmmədov 19 dekabr 2024-cü il tarixli raportla müraciət edərək, həmin gün polis nəfəri, polis kiçik serjantı Sarvan Seyfiyevlə birlikdə Lerik rayonunun Xanagah kəndi ərazisində xidmətdə olarkən X4 1 ədəd “ГИС” markalı, 12 kalibrli, 2112 nömrəli, tək lülə ov silahı ilə 1 ədəd dovşan ovlamasını aşkar etdiyini bildirmişdir. Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 20 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 20 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 qanunsuz saxladığı ov silahı ilə xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Xanagah kəndi ərazisində bir ədəd dovşan ovlamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X5 izahatında göstərmişdir ki, Lerik rayonu Xanagah kənd sakini X6 mərhum atası X2 məxsus saxlanılması və gəzdirilməsinə dair hər hansı bir rəsmi sənədi olmayan 1 ədəd “ГИС” markalı, 12 kalibrli, 2112 nömrəli, tək lülə ov silahı ilə xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Xanagah kəndində ərazisində bir ədəd dovşan ovlamış və nəticədə təbiətə 11 manat ziyan vurmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:00 radələrində mərhum atası X2 məxsus 1 ədəd “ГИС” markalı, 12 kalibrli, 2112 nömrəli, tək lülə ov silahını götürərək Lerik rayonu Xanagah kənd ərazisində meşəyə getmiş, meşədə olan zaman bir ədəd dovşanı vuraraq torbaya qoymuşdur. Həmin ərazidə gəzərkən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək qanunsuz ov etməyini ona izah etdikdən sonra üzərində olan ov silahının sənədlərini tələb etmişlər. Qeyd olunun tüfəngin saxlanılması və gəzdirilməsinə dair hər hansı bir rəsmi sənədi olmadığını üçün polis əməkdaşlarına sənəd təqdim edə bildirmişdir. Daha sonra polis əməkdaşları onu izahat vermək üçün Lerik RPŞ-nə dəvət etmişlər. Ov etməklə bağlı hər hansı bir icazə sənədi yoxdur. Sonda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs lazımi icazə olmadan ov etməsinə görə və müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı saxlamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (32.2.) Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinməli, ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 1 ədəd “ГИС” markalı, 12 kalibrli, 2112 nömrəli, tək lülə ov silahı müsadirə edilməklə, 1000 (min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinsin, ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 1 ədəd “ГИС” markalı, 12 kalibrli, 2112 nömrəli, tək lülə ov silahı müsadirə edilməklə, 1000 (min) manat inzibati cərimə edilsin. Lerik rayon Polis şöbəsində saxlanılan - 1 ədəd “ГИС” markalı, 12 kalibrli, 2112 nömrəli, tək lülə ov silahı Azərbaycan Respublikası DİN-nin X10 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Lerik Rayon Polis Şöbəsinə və Lerik Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-373/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-373/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver