Məhkəmə qərarları › İş №3(048)-379/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-379/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-379/2023 21.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X4 iştirakı ilə, xx.xx.1994-cü ildə Lerik rayonunun Hücü kəndində anadan olmuş, azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, Lerik rayonunun Hücü kəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Lerik RPŞ-in sahə rəisi X1 tərtib etdiyi 26.10. 2023-cü il tarixli MN №1611190 saylı inzibati xəta haqqında protokolu və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X3 qəbul etdiyi 21 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. X9 həmin qərardan şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X3 qəbul etdiyi 21 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X9 şikayətini müdafiə edərək izahatında göstərdi ki, o, Lerik rayonu Hücü kəndində yaşamaqla, heç bir yedə işləmir. Təii fəlakət yəni külək nəticəsində həyətində olan ağac aşmış və aşan ağac onların gediş-gəlişinə mane olduğundan həmin ağacı kəsmişdir. Lakin Lerik RPŞ-in sahə rəisi tərəfindən barəsində əsassız protokol tərtib edilmiş və həmin protokol Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İdarə tərəfindən də həmin protokola əsasən barəsində əsassız inzibati qərar qəbul edilməklə cərimə edilmişdir. Həmin qərardadn da görünü rki. Qərar düzgün yazılmamışdır. Belə ki, qərarın əsaslandırıcı hissəsində İXM-in 253.2-ci maddəsi, nəticə hissəsində isə İXM-in 253.4-cü maddəsi ilə qərar qəbul edilmişdir. Bunlarla da məlum olur ki, barəsində qəbul edilmiş həmin protokol və qərar əsassız və qanunsuzdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X8 tərəfindən qəbul olunmuş 30 mart 2023-cü il tarixli MN № ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş səlahiyyətli orqan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir, Məhkəmə şikayətçini dinləyib, iş materiallarını tədqiq edib, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X3 qəbul etdiyi 21 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 rayonu Hücü kəndi ərazisində öz pay torpağında bir ədəd 50 sm-li qızılağac cinsli ağacı matorlu mişarla kəsdiyinə görə (inzibati tənbehvermə haqqında qərarın İ səhifəsində “inzibati xəta törədilmişdir” hissəsində İXM-in 253.2-ci maddəsi ilə, qərarın İİ səhifəsində ”inzibati xəta haqqında iş üzrə məsrəflər” hissəsində İXM-in 253.4-cü maddəsinə əsasən cərimə edilməsi qeyd edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslılığını yoxlamaq üçün məhkəmə İXM-in 109.1.3-cü maddəsinin tələbinə əsasən iş barəsində zəruri olan əlavə materialın (inzibati xəta haqqında protokolun və qərarın) məhkəməyə təqdim edilməsini tələb etsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallardan bəhs edən 75.0.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə ilk növbədə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Təqdim edilmiş sübutlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən (İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.) hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını kifayət qədər təsdiq etmədiyinə görə məhkəmə hesab edir ki, X6 istinad edilən İXM-in 253.2-ci və İXM-in 253.4-cü maddəsində nəzərdə tutlan inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2– 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında,134.1.3-cü maddəsinə əsasənə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 133-cü və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X5 tərəfindən X9 barəsində qəbul etdiyi 21 noyabr 2023-cü il tarixli MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarı ləğv edilsin. Həmin qərarın hüquqi nəticələri ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar