Məhkəmə qərarları › İş №3(048)-39/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-39/2025

20.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-39/2025 20.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, aili təhsilli, "xxxx" MMC-də xarici iqtisadi əlaqələr üzrə mütəxəsiss işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 20 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 yanvar 2025-ci il tarixdə, saat 23:05 radələrində Lerik rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, 4 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən 19.01 2025-ci il tarixdə, təxminən saat 23:00 radələrində Lerik RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid1 Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik-serjantı Şahid2la birlikdə avtopatrulla rayon ərazisində xidmətdə olduqları zaman 2 saylı marşrut üzrə xidmətdə olan Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Məqsəd Şamıyev mobil telefon vasitəsilə Lerik rayonu, Zuvand adlanan istiqamətdən 10-A-562 dövlət qeydiyyat nişanlı motosikletin onların saxlama işarəsinə məhəl qoymadan yüksək sürətlə Lerik- Lənkəran yolu istiqamətində hərəkət etdiyini bildirmişdir. Həmin motosiklet Lerik rayonun çıxacağında “Daş parkı” adlanan ərazidə tərəflərindən saxlanılmışdır. Polis əməkdaşları sürücüyə yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədləri tələb etmişlər. Həmin şəxs aqressiv şəkildə ucadan “Azərbaycan Respublikası vətəndaşıyam” deyərək əvvəlcə sənədlərini təqdim etməkdən və ad, soyadını bildirməkdən imtina etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o öz hərəkətlərini davat etdirərək sözlə mübahisə etmişdir. Daha sonra, o, aqresiv şəkildə sənədlərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları daha sonra motosikletin yük yerində olan əl çantasına, eləcə də motosikletin yük yerinə onun iştirakı ilə vizual baxış keçirməli olduqlarını bildirdikdə, sürücü təkrarən nizam-intizamsızlıq edərək onlarla aqressiv şəkildə danışmış və özünə məxsus mobil telefonla videogörüntüyə çəkərək polisin xidməti fəaliyyətinə maneçilik törətmişdir. Həmin şəxsi yenidən nizamintizama dəvət etsələr də, o, polisin qanuni tələbinə məhəl qoymadığı üçün tərəflərindən RPŞ-yə gətirilmiş və növbətçi hissəyə təhvil verilmiş, RPŞ-də həmin şəxsin Bakı şəhəri, Sabunçu rayon sakini Şəxs olması məlum olmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 19 yanvar 2025-ci il tarixdə Lerik rayonuna gəlmiş, gəlişinin məqsədi isə gəzmək və istirahət etmək olmuşdur. O, idarə etdiyi 10-A-562 dövlət qeydiyyat nişanlı motosikletlə Lerik rayonuna gələrkən onu saat 15:00 radələrində Salyan rayonu stasionar postunda saxlamışlar və yoxlanışdan sonra yoluna davam etmişdir. Onu yenidən saat 16:30 radələrində Masallı stasionar postunda saxlayıb sənədlərini yoxlamışlar. Daha sonra 18:00 radələrində Lerik rayonuna daxil olarkən Lerik rayonu, Piran kəndində polis əməkdaşları onu saxlamış, sənədlərini yoxladıqdan sonra hərəkətinə davam etmiş və Lerik rayonu Zuvand ərazisində yerləşən Hüseynabad kəndində olan ata evinə getmişdir. Orada bir neçə saat qaldıqdan sonra geri qayıdan zaman Lerik şəhərinin çıxacağında PPX əməkdaşları onu saxlamış, ondan sənədlərini tələb etmişlər, sənədlərinə baxdıqdan sonra motosikletin yük yerinə baxış keçirmək istəyərkən o, polis əməkdaşlarından bununla bağlı yazılı sənəd tələb etmiş, sənəd təqdim etmədiklərindən o, videoçəkilişlə baxış keçirilməsinə razılıq vermişdir. Buna baxmayaraq polis əməkdaşları onun məcburi olaraq polis şöbəsinə gəlməsini tələb etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri X3 izahatında bildirmişdir ki, 19 yanvar 2025-ci il tarixdə saat 22:59 radələrində Lerik rayonu Avtovağzal ərazisində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri Məqsəd Şamıyevlə birlikdə xidmətdə olduqları zaman İran İslam Respublikası ilə sərhəd istiqamətindən bir nəfər şəxsin motosikletlə Lerik rayonu Avtovağzal ərazisindən keçən zaman ona saxla işarəsi vermişlər, lakin həmin şəxs onların saxla işarəsinə məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Onlar dərhal növbəti postda olan polis əməkdaşlarına bu barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 izahatında bildirmişdir ki, 19 yanvar 2025-ci il tarixdə saat 23:00 radələrində Lerik şəhəri Şəhidlər xiyabanı ərazisində xidmətdə olduqları zaman tanımadıqları bir şəxs motosikletlə yanlarından keçmişdir. Belə ki, rayon İran İslam Respublikası ilə sərhə olduğundan və narkotik vasitələrin ən çox bu ərazilərdən daşındığı üçün onun hərəkətləri də şübhə doğurduğundan həmin şəxsi saxlamaq qərarına gəlmişlər. Onlar özlərini həmin şəxsə təqdim etdikdən sonra şəxsiyyətini təsdiq edən sənədini soruşmuşlar. Həmin şəxs onlara aqressiv şəkildə “Azərbaycandanam” deməklə kifayətlənmiş, daha sonra onun idarə etdiyi motosikletin yük yerinə baxmaq istəyərkən onları telefonla videogörüntüyə çəkərək onların xidməti fəaliyyətinə maneçilik törətmişdir. Həmin şəxsi yenidən nizamintizama dəvət etsələr də, o, polisin qanuni tələbinə məhəl qoymadığı üçün tərəflərindən RPŞ-yə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Lerik RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 19.01 2025-ci il tarixdə, təxminən saat 23:00 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçikserjantı Şahid2la birlikdə avtopatrulla rayon ərazisində xidmətdə olduqları zaman 2 saylı marşrut üzrə xidmətdə olan Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Məqsəd Şamıyev mobil telefon vasitəsilə Lerik rayonu, Zuvand adlanan istiqamətdən 10- A-562 dövlət qeydiyyat nişanlı motosikletin onların saxlama işarəsinə məhəl qoymadan yüksək sürətlə Lerik-Lənkəran yolu istiqamətində hərəkət etdiyini bildirmişdir. Həmin motosiklet Lerik rayonun çıxacağında “Daş parkı” adlanan ərazidə tərəflərindən saxlanılmışdır. Polis əməkdaşları sürücüyə yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədləri tələb etmişlər. Həmin şəxs aqressiv şəkildə ucadan “Azərbaycan Respublikası vətəndaşıyam” deyərək əvvəlcə sənədlərini təqdim etməkdən və ad, soyadını bildirməkdən imtina etmişdir. Polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, o öz hərəkətlərini davat etdirərək sözlə mübahisə etmişdir. Daha sonra, o, aqresiv şəkildə sənədlərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları daha sonra motosikletin yük yerində olan əl çantasına, eləcə də motosikletin yük yerinə onun iştirakı ilə vizual baxış keçirməli olduqlarını bildirdikdə, sürücü təkrarən nizam-intizamsızlıq edərək onlarla aqressiv şəkildə danışmış və özünə məxsus mobil telefonla videogörüntüyə çəkərək polisin xidməti fəaliyyətinə maneçilik törətmişdir. Həmin şəxsi yenidən nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə məhəl qoymadığı üçün tərəflərindən RPŞ-yə gətirilmiş və növbətçi hissəyə təhvil verilmiş, RPŞ-də həmin şəxsin Bakı şəhəri, Sabunçu rayon sakini Şəxs olması məlum olmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:05 radələrində Lerik şəhəri ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, şahidlərin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2025-ci il tarixdən (saat 02:00-da) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar