Məhkəmə qərarları › İş №3(048)-63/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-63/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-63/2025 17.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı – X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 17 fevral 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran-Lerik yolunun 26-cı kilometrliyində əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan Lerik RPŞ-in PPXB-in manqa komandiri, polis baş serjantı Dəyəanət Əsədov tərəfindən tərtib olnmuş xx.xx.2025-ci il tarixli raporuntda da qeyd etmişdir ki, 16.02 2025-ci il tarixdə, saat təqribən 18:50 radələrində Lənkəran-Lerik yolunun 26-cı kilometrliyində əməliyyat-axtarış tədbiri zamanı Lerik RPŞ-nin PPXB-nin manqa komandirləri, polis baş serjantı X2 və polis serjantı X1 ilə birlikdə əməliyyat keçirilən ərazini mühafizə etdikləri zaman “Toyota Prius” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin əraziyə yaxınlaşmış, avtomobil əraziyə yaxınlaşdıqdan sonra avtomobildən sürücü və sərnişin qismində 1 nəfər şəxs düşərək onlara yaxınlaşmışlar. Həmin şəxslər onlara yaxınlaşdıqdan sonra onlardan ərazidən uzaqlaşmalarını tələb etdikdə sürücü onlara qarşı aqressivlik göstərməyə başlamış, həmin şəxsdən dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilən ərazidən uzaqlaşmağı tələb etmələrinə baxmayaraq onların və əməliyyat-axtarış tədbirində iştirak edən digər polis əməkdaşlarının yanında ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə məhəl qoymadığı üçun o və sərnişin qismində olan digər şəxs tərəflərindən RPŞ-yə gətirilmiş və RPŞ-yə gətirildikdən sonra həmin şəxslərin Bakı şəhər sakini Şəxs və İmişli rayonu, Xəlfəli kənd sakini X6 olduqları məlum olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 16 fevral 2025-ci il tarixli, 8 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:25-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X7 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, xx.xx.2025-ci il tarixdə o, dostu X3 və onun ailəsini taksi kimi Lerik rayonuna istirahətə gətmiş, özü də rayonda qalmışdır. Onlar Lerik rayonunda bir neçə gün qalmışlar. İstirahət etdikdən sonra xx.xx.2025-ci il tarixdə geri qayıtmaq qərarına gəlmişlər və avtomobil çirkli olduğundan onu yudurtmaq üçün dostu Qafarla birlikdə qaldıları evdən çıxaraq avtoyuma məntəqəsinə getmişlər. Onlar avtomobili yudurdub qayıdan zaman yolun kənarında avtomobilin dayandığını və ətrafına şəxslərin toplaşdığını görmüşdür. O, həmin avtomobilin nömrəsindən həmin avtomobilin oğluna məxsus olduğunu tanımış və bir qədər getdikdən sonra maşını saxlamış və oğlunun maşının dayandığı əraziyə yaxınlaşmışdır. O, həmin əraziyə yaxınlaşan zaman mülki geyimdə olan şəxslər ondan nə üçün avtomobilini saxladığını soruşmuş, o isə avtomobilin oğluna məxsus olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşları onu saxlayaraq Lerik RPŞ-yə gətirmişlər. RPŞ-də ona məlum olmuşdur ki, oğlunun avtomobilində sərnişinə məxsus çantadan narkotik vasitə aşkar olunmuşdur. Hadisə zamanı mülki geyimdə olan şəxslər ona əməliyyat keçirdiklərini və hadisə yerindən uzaqlaşmağı ona bildirməmişlər. O, heç bir tabesizlik göstərməmişdir, əgər polis tərəfindən əməliyyat keçirildiyini bilsə idi avtomobili orada saxlamazdı. Məhkəmə iclasında şahid qismində dindirilən şəxs X6 izahatında bildirmişdir ki, Şəxs taksi sürücüsü kimi tanışıdır. Şəxs öz avtomobili ilə xx.xx.2025-ci il tarixdə onu ailə üzvləri ilə birlikdə istirahətə Lerik rayonuna gətirmişdir. Bir neçə gün istirahət etdikdən sonra xx.xx.2025-ci il tarixdə qayıtmaq qərarına gəlmişlər və avtomobil çirkli olduğundan onu yudurtmaqdan ötrü avtoyuma məntəqəsinə getmişlər. Onlar maşını yudurdub, qayıdan zaman Yaşar birdən avtomobilini saxlamış və avtomobili geriyə hərəkət etdirərək saxlamışdır. Onlar yolun kənarında bir neçə avtomobilin dayandığını görmüşdür. Yaşar ərazidə olan şəxslərə yaxınlaşdıqda ondan nə üçün avtomobili burada saxladığını soruşmuşlar. Yaşar da cavabında yolun kənarında olan avtomobilin oğluna məxsus olduğunu demişdir. Bu zaman Yaşarı və onu polis maşınına oturdaraq Lerik RPŞ-yə gətirmişlər. Onlar orada olan şəxslərin polis əməkdaşları olduqlarını bilməmişlər, Yaşar da onlara qarşı heç bir tabesizlik etməmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilsə də, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı sübut növü məhkəməyə təqdim edilməmiş, onun həmin əməli, yəni Lənkəran-Lerik yolunun 26-cı km yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş raportun məzmunu Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Şəxs polisin qanuni tələbinə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. (53.2) Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar