Məhkəmə qərarları › İş №3(048)-64/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-64/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-64/2024 27.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Lerik RPŞ-nin DYP-nin YPX-nin inspektoru, polis serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333- 1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:29 radələrində Lerik şəhəri, Nizami küçəsində “Lexus RX 350” markalı, ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən və narkotik vasitə istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333-1.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Lerik Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 3(048)-64/2024 nömrəli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələrinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 3(106)-337/2024 nömrəli qərarı ilə Lerik rayon Polis şöbəsinin apellyasiya şikayəti təmin edilərək, Lerik Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 3(048)-64/2024 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 329.1 və 333-1.1ci maddələri ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Şəxs idarə etdiyi “Lexus RX 350 minik” markalı **-ND- *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhəri Nizami küçəsində hərəkətdə olarkən Lerik RPŞ-nin DYPB-nin YPX inspektoru tərəfindən saxlanılmış, onun sərxoş olub-olmaması müəyyən edilərkən o, polis əməkdaşında olan alkotesterdən keçməkdən imtina etmiş, bu səbəbdən polis əməkdaşı onu tibbi müayinə üçün Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına aparmış, orada həmin gün, yəni xx.xx.2024-cü il tarixdə aparılan tibbi müayinə zamanı onda narkotik sərxoşluğu aşkar edilmişdir. Bundan sonra Şəxs barəsində Lerik RPŞnin DYPB-nin YPX inspektoru tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə Şəxs Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına yenidən müraciət etmiş, öz arzusu ilə tibbi müayinədən keçirilmiş və bu zaman onda heç bir sərxoşluq, o cümlədən narkotik sərxoşluğu aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Şəxs birinci dəfə xx.xx.2024-cü il tarixdə, ikinci dəfə isə bundan iki gün sonra, yəni xx.xx.2024-cü il tarixdə tibbi müayinədən keçirilmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə yuxarıda qeyd olunan ziddiyyət araşdırılmalı, bu məqsədlə tibbi rəyləri vermiş eyni tibb müəssisəsinin həkim-narkoloqu dindirilməli, zərurət yarandığı təqdirdə ziddiyyətin səbəbi müvafiq tibbi ekspertiza yolu ilə məhkəmə tərəfindən aydınlaşdırılmalı idi. Bundan başqa, məhkəmə Şəxs saxlamış yol polisi əməkdaşının dindirilməsini təmin etməklə Şəxs həqiqətən alkotester müayinəsindən keçməkdən imtina edib-etməməsini, əgər etmişdirsə, bunun səbəblərini aydınlaşdırmalı idi. Bundan başqa, inzibati xəta haqqında protokoldan görünür ki, protokol Şəxs barəsində həm də İXM-nin 329.1-ci maddəsi ilə tərtib olunmuşdur. Lakin məhkəmə protokolun İXM-in 329.1-ci maddəsi ilə olan hissəsinə ümumiyyətlə qiymət verməmiş, həmin hissədə də icraata xitam verməsinin əsaslarını göstərməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi həqiqəti müəyyən etmək üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmadan səthi qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik RPŞnin DYP-nin YPX-nin inspektoru, polis serjantı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 09:29 radələrində Lerik şəhəri, Nizami küçəsində “Lexus RX 350” markalı, ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün onun tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücüdə narkotik sərxoşluğun əlamətləri müşahidə olunmuşdur. Buna görə də o, Lənkəran rayonlararası Narkoloji xəstəxanasında müayinədən keçirilmiş, müayinə zamanı həmin şəxsin narkotik vasitə olan kannobinoiddən istifadə etdiyi aşkar edilmişdir. Bu səbəbdən də o, həkim rəyinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs daha sonra izahatında alkotester müayinəsi ilə ancaq sürücünün spirtli içkidən istifadə edibetməməsinin yoxlanıla bildiyini, sürücünün narkotik vasitədən istifadə edib-etməməsinin isə alkotester müayinəsi ilə deyil, xəstəxanada həkim müayinəsi ilə müəyyən olunduğunu bildirmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Lexus RX 350” minik markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhəri Nizami küçəsində hərəkətdə olarkən YPX əməkdaşı ona saxla işarəsi vermiş və əmrə tabe olaraq avtomobili saxlamışdır. O, avtomobili saxladıqdan sonra YPX əməkdaşı ona birbaşa sərxoş olduğunu demişdir. O, da sərxoşluğu müəyyən etmək üçün alkotesterdən istifadə etməyə hazır olduğunu demişdir. Lakin alkotesterdən istifadə etmədən YPX əməkdaşı bu dəfə ona narkotik istifadəçisi olduğunu demiş və ona Lerik RPŞ-yə gəlməyi təklif etmişdir. O, YPX əməkdaşları ilə Lerik RPŞ-yə gəlmiş, oradan onu narkotik vasitədən istifadə edib-etməməsini müəyyən etmək üçün Lənkəran şəhərinə aparmışlar. Lənkəran Rayonlararası Narkoloji xəstəxanasında narkoloji müayinədən keçirilmiş, sonra isə onu təkrar Lerik RPŞ-yə gətirərək gecəni Lerik RPŞ-də saxlamışlar. Analizin nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Bu səbəbdən o, 16 mart 2024-cü il tarixdə analizin cavabın almaq üçün Lənkəran şəhərinə getmiş və Lənkəran Rayonlararası Narkoloji Xəstəxanada təkrar olaraq sidikdən analiz vermiş və ona müayinənin cavabı olaraq “neqativ” cavabı verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daha sonra izahatında heç vaxt narkotik vasitədən istifadə etmədiyini, İ tip şəkərli diabet xəstəsi olduğunu, insulin qəbul etdiyini, YPX əməkdaşının əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini, heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının tibb işçisi X1 izahatında göstərmişdir ki, narkotik vasitədən istifadəyə dair müayinənin nəticəsinin şəxs müayinə olunan zaman “pozitiv”, bir və ya iki gün sonra “neqativ” olması barədə halların çox olduğunu, narkotik vasitənin təsirinin bir və ya iki gün ərzində orqanizmdən təmizlənə bildiyini, adi maye qəbul edildikdə, eləcə də Natri-xlor adlanan maye orqanizmə qoşulduqda, sidikqovucu vasitələrdən istifadə edildikdə orqanizmdə qalan narkotik vasitənin təmizləndiyini, müayinə zamanı bir xəttin “pozitiv”, iki xəttin “neqativ” olduğunu, maye qəbul edildikdə belə bir iki gün sonra ikinci xəttin cüzi qızarmağa başladığını, bu halı da neqativ kimi qəbul etdiklərini, müraciət edən şəxs də ilkin müayinədən iki gün sonra müraciət etdiyindən onun orqanizmində olan narkotik vasitənin təsirinin keçmə ehtimalı çox olduğundan nəticəsinin “neqativ” olduğunu bildirdi. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının tibb işçisi X4 izahatında göstərmişdir ki, narkotik vasitədən istifadə edən şəxs həmin narkotik vasitədən mütəmadi deyil, ayda və yaxud ildə bir dəfə istifadə edən şəxsdirsə, eləcə də sidikqovucudan və ya sistemdən istifadə edirsə, çoxlu maye qəbul edirsə həmin narkotik vasitənin oqranizmdən qısa müddət ərzində yəni bir və ay iki gün ərzində təmizlənə bildiyini, narkotik vasitədən mütəmadi, yəni hər gün istifadə edən şəxs olduqda isə narkotik vasitənin orqanizmdə 45-60 gün ərzində qala bildiyini, müayinə olunan şəxsin də həmin gün nəticəsinin “pozitiv” olduğunu, həmin gün təkrar müayinə gəlsə idi nəticəsinin dəyişməcəyini, lakin bir iki gün sonra müayinəyə gəldikdə nəticənin dəyişə bildiyini bildirmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lerik şəhəri Nizami küçəsində “LEXUS RX 350 minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan və narkotik sərxoşluğu vəziyyətində idarə etdiyinə görə barəsində Lerik RPŞ tərəfindən İXM-in 329.1 və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 14 mart 2024-cü il tarixli 000376 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, tibbi müayinədən keçirilmiş Şəxs sidik müayinəsi zamanı, sidiyində “kannabionid pozitiv” aşkar olunmuşdur. İşdə olan Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 16 mart 2024-cü il tarixli 000387 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, tibbi müayinədən keçirilmiş Şəxs sidik müayinəsi zamanı, sidiyində heç bir narkotik vasitə aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin narkotik vasitədən istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı xx.xx.2024-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə, şəxsin sonradan yəni xx.xx.2024-cü il tarixdə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına yenidən müraciət edərək öz arzusu ilə tibbi müayinədən keçməsi və bu zaman onda heç bir sərxoşluq, o cümlədən narkotik sərxoşluğunun aşkar edilməməsi ilə bağlı qeyd edir ki, aradakı gün fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə narkotik sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bu halı məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının tibb işçiləri də təsdiq etmişlər. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 322.0.2 və 329.3-cü maddələri nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə ziddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 333-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta olması haqqında iş materialları baxılması üçün Azərbaycan Respublikası DİN Lerik Rayon Polis X7 Polisi Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar