Məhkəmə qərarları › İş №3(048)-7/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-7/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-7/2025 21.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Lerik rayonu, Mondigah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Lerik rayonu, Mondigah kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Lerik RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik Rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 25 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokol və əlavə edilmiş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş 25 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı (tüfəngi) əldə edib saxladığına görə İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxs və ya nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxs və ya nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək izahatında bildirmişdir ki, 16 kalibirli tək lülə ov tüfəngi rəhmətə gedən atasından ona yadigar qalmışdır. Həmin silahı yadigar olduğu üçün yaşadığı Lerik rayonu Mondigah kəndində fərdi yaşayış evinin damında saxlamış, qeyd olunun tüfəngin saxlanılması və gəzdirilməsinə dair hər hansı bir rəsmi sənədi olmamışdır. Polis əməkdaşları 14 sentyabr 2024-cü il tarixdə yaşadığı ünvana gələrək onda qanunsuz ov silahı olduğunu bildirmişlər, o da həmin ov tüfəngini polis əməkdaşlarına təhvil vermişdir. Sonda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 04 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-yə göndərilmişdir. İş materiallarında olan 25 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almadan mülki silahı əldə edib saxlamışdır. Materiala əlavə edilmiş inzibati xəta haqqında 25 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı saxladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci madəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə inzibati cərimənin aşağı həddində tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibirli,tək lüləli i 45275 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ondan götürülmüş inzibati xətanın törədilməsində alət olan və Lerik rayon Polis Şöbəsində saxlanılan - 01 ədəd 16 kalibirli,tək lüləli i 45275 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat inzibati cərimə edilsin. İnzibati xətanın törədilməsində alət olan Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 16 kalibirli,tək lüləli i 45275 nömrəli yivsiz ov tüfəngi Azərbaycan Respublikası DİNnin X5 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Lerik Rayon Polis Şöbəsinə və Lerik Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar