Məhkəmə qərarları › İş №3(049)-100/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-100/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-100/2025 30.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, inzibati protokolu tərtib edən şəxs: Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, Lənkəran rayonu İstisu qəsəbəsi tam orta məktəbinin hərbi rəhbəri, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Şəhər Rayon X10 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla HK-1/3695 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilmiş və həmin material üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın və toplanmış materialların surəti Lənkəran Şəhər Rayon X9 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Həmin qərar və toplanmış materiallar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən MN ******* seriyalı, 30 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində yerləşən fərdi yaşayış evində bacısı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində vurmaqla sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokolda X2 İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran ŞRPŞnin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 izahat verərək bildirdi ki, Lənkəran ŞRPŞdə araşdırma aparılmış və 19 dekabr 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra həm Şəxs, həm də Zərərçəkmiş şəxs inzibati xəta törətməsi öz təsdiqini tapdığından hər iki şəxs barəsində protokol tərtib edilməklə Lənkəran rayon məhkəməsinə təqdim edilmişdir. Ekspert rəyi alınmış və Zərərçəkmiş şəxs xəsarət alması təsdiq edilmişdir. Xəsarətin dərəcəsi müəyyən edilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, iş materialları ilə tanış olmuşdur. 19 dekabr 2024-cü il tarixdə bacısı Zərərçəkmiş şəxs ata evinə, yəni Şağlaser kəndinə qonaq gəlmişdir. Həmin gün bacısı Elduzə ilə anası Zəhra söhbət etdikdən sonra Elduzə ilə həyat yoldaşı Şahid2 arasında mübahisə olmuş və Elduzə Şahid2 vurmuşdur. Təxminən 2 saat sonra evə gəldiyi zaman Elduzə onun da üstünə hücum edib söyüşlər söymüş, o da Elduzəni sakitləşdirməyə çalışmışdır. Bu zaman əli ilə Elduzəni tutub saxlamış, əli ilə onun boğaz nahiyəsindən də tutmuşdur. Ola bilər həmin zaman Elduzə Nurullayeva xəsarət almışdır. X4 hər hansı formada zor tətbiq etməmiş, onu vurmamış və təhqir etməmişdir. Hazırda bacısı Elduzə Nurullayeva ilə barışmaq istəyir. Vətən müharibəsi iştirakçısıdır və bununla bağlı çoxsaylı dövlət təltifləri ilə təltif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 18 ildir Bakı şəhərində yaşayır, nadir hallarda doğulduğu Lənkəran rayonuna gəlir. 19 dekabr 2024cü il tarixdə də ölmüş həyat yoldaşının sədələrinin alınması üçün Lənkəran şəhərinə gəlmiş və digər qardaşıgildə olmuşdur. Həmin gün anasını ziyarət etmək üçün Şağlaser kəndində yerləşən ata evinə getmişdir. Orada anası ilə söhbət edərkən anasına gəlinləri Könül Nurullayevə barəsində gileylənib onun barəsində dediyi sözlərə görə Könüldən narazılıq etmişdir. Anası Zəhra Şahid2 çağırıb onun barəsində nalayiq sözlər deməsini soruşduqda sonuncu ilə aralarında söz-söhbət olmuşdur. Bundan təxminən 2 saat sonra qardaşı Şəxs evə gəlmiş və həyətdən içəri daxil olan kimi onun üstünə hücum etmişdir. Bu zaman Ceyhun onun xüsusən baş nahiyəsinə yumruq zərbələri vurmuş, başını divara çırpmış və ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmçinin 102 xidmətinə zəng etməməsi üçün telefonunu əlindən almışdır. İmkan tapıb digər ailə üzvlərinə məlumat verdikdən sonra sonuncular polis şöbəsinə hadisə barədə məlumat vermişlər. Hazırda qardaşı ilə aralarında küskünlük vardır və bir daha həmin evə gəlməyəcəkdir. Qardaşı və anasından küskünlüyü olsa belə qardaşı ilə barışır və iş üzrə icraata xitam verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 və Şahid1 Balabəy qızı da Şəxs məhkəmədə verdiyi izahatla oxşar məzmunlu izahatlar verərərk Şəxs Zərərçəkmiş şəxs vurmadığını, əksinə onu sakitləşdirməyə çalışdığını, sonuncunun özü özünə xəsarətlər yetirdiyini, zərərçəkmiş şəxsin psixi problemləri olduğunu göstərmişlər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ərizə ilə müraciət edərək barışdıqlarını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Vəkil barışıq əldə edildiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şahid2 müraciətləri üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsinin 20 dekabr 2024-cü il tarixli 1150 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində sağ almacıq, sağ əl nahiyəsində sıyrıqlar, alt çənə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin arayışından görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat-Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs heç bir əlillik statusu olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, həmin şöbənin növbətçi hissəsində yığılan inzibati kartotekasında Şəxs barəsində son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş № 126860 nömrəli vəsiqədən görünür ki, Şəxs müharibə veteranıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsindən təqdim edilmiş çıxarışdan görünür ki, X3 2-ci qrup əlilliyi vardır və şizofreniya paranoid forma, psixi qüsur halı özünə suiqəsd cəhdləri ilə diaqnozlu xəstəlikdən əziyyət çəkir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, həm zərərçəkmiş şəxs hər ikisi məhkəməyə ərizə təqdim edərək barışdıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128- 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN ******* seriyalı, 30 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar