Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-101/2024 30.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X1 30 mart 2021-ci il tarixli MN0758809 №-li qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş vəsatəti nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X1 30 mart 2021ci il tarixli MN0758809 №-li qərarı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X4 vəsatətlə müraciət edərək, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X1 30 mart 2021-ci il tarixli MN0758809 №-li qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatətə məhkəmə qaydasında baxılmalı olmadığından vəsatət geri qaytarılmalıdır. Belə ki, İXM-nin 128-ci maddəsinə görə; 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən; 129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Həmin Məcəllənin 130-cu maddəsində qeyd olunmuşdur ki; 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərardan 10 günlük şikayət vermə müddəti üzrlü səbəbdən baxıldıqda bu müddət şəxsin vəsatəti əsasında qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan tərəfindən bərpa edilir. Hazırki işin hallarında isə görünür ki, X4 barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 tərəfindən 30 mart 2021-ci il tarixli MN0758809 №-li inzibati xəta haqqında qərar qəbul edilmişdir. İXM-nin 130.2-ci maddəsinin tələbi baxımından qeyd olunan qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası məsələsinə də həmin oqan tərəfindən baxılaraq müvafiq qərar qəbul olunmalıdır. Belə olan halda X4 tərəfindən verilmiş vəsatətə məhkəmə qaydasında baxılmalı olmadığından sonuncuya geri qaytartılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Seyran Kərəmov eyni məzmunlu vəsatətlə xx.xx.2023-cü il tarixdə Lənkəran rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin həmin tarixli, 3(049)-1721/2023 №-li qəraradı ilə vəsatət qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqana verilməli olduğundan geri qaytarılmışdır. Vəsatətə əlavə edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 ünvanlanmış xx.xx.2024-cü oı tarixli məktubdan görünür ki, inzibati tənbeh vermə haqqındakı qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə idarəyə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə yerində araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, onun barəsində idarənin əməkdaşları tərəfindən 2021-ci ildə İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Tərtib olunmuş protokola əsasən barəsində xx.xx.2021-ci il tarixində MN0758809 №-li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərarın verilməsi idarənin səlahiyyətinə aid deyil və sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X2 tərəfindən İXM-nin 130.2-ci maddəsinin tələbi pozularaq vəsatətə inzibati orqan tərəfindən deyil, məhkəmə tərəfindən baxılmalı olmasına dair Seyran Kərəmova hər hansı hüquqi əsasa söykənməyən məktub göndərilmişdir. Bu hal isə vətəndaşın süründürməçiliyinə səbəb olan haldır. Buna görə də məhkəmə hesab edir ki, hazırki qərardadın surəti məlumat üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Məhkəmə göstərilənləri və İXM-nin 128-130 maddəlrinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X1 30 mart 2021-ci il tarixli MN0758809 №-li qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş vəsatətə məhkəmə qaydasında baxılmalı olmadığından X3 geri qaytarılsın. Qərardadın surəti məlumat üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-101/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-101/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver