Məhkəmə qərarları › İş №3(049)-1022/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1022/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1022/2022 14.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, inzibati xəta haqqında protokolu tərtib edən şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X4, polis leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, 07 iyun 1985-ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 14 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 14 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 12 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında ünvansız nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X5 göstərdi ki, Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. 12 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Səfərli X3 Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında ünvansız ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd edilənlər nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək göstərdi ki, 12 noyabr 2022-ci il tarixdə barəsində Lənkəran Rayon Məhkəməsində inzibati işə baxıldıqdıqdan sonra sənədləri polis şöbəsində qaldığından polis şöbəsinə getmişdir. Polis Şöbəsində olarkən o, dostunun ünvanına nalayiq sözlər demiş, onu işə saldğını üşün dostunu təndiq etmişdir. Lakin o, heç bir polis əməkdaşını söyməmiş və tabesizlik göstərməmişdir. Hazırda dostunu polis şöbəsində söyüb tənqid etdiyi üçün peşmandır.Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X9 X11 Yol Polisi Xidmətinin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında olarkən Şəxs inzibati otaqların birində ünvansız söyüşlər söyərək avtoxuliqan olmadığını və bunu məhkəmədə sübut etdiyini bildirmiş, onları Şəxs intizama dəvət etsələr də, sonuncu hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X9 X11 Yol Polisi Xidmətinin baş inspektoru vəzifəsində işləyir. 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında olarkən Şəxs onun inzibati otağında ünvansız söyüşlər söyərək avtoxuliqan olmadığını və bunu məhkəmədə sübut etdiyini bildirmiş, onları Şəxs intizama dəvət etsələr də, sonuncu hərəkətlərinə davam etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon X9 X11 Yol Polisi Xidmətinin baş inspektoru X6 Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanladığı 14 noyabr 2022-ci il tarixli raportdan görünür ki, 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında olarkən Şəxs onun inzibati otağında ünvansız söyüşlər söyərək avtoxuliqan olmadığını və bunu məhkəmədə sübut etdiyini bildirmiş, onları Şəxs intizama dəvət etsələr də, sonuncu hərəkətlərinə davam etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində ictimai yer hesab olunan Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasında ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin polis əməkdaşlarına qarşı söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Lakin məhkəmə iclasında Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanə törətməsinə dair sübut müəyyən edilməmişdir. Belə ki aşağıdakılara əsasən şəxsin törətdiyi əməl kimi göstərilmiş və şəxsə qarşı tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Şəxs polisin inzibati binasında nalayiq ifadələrdən istifadə etməsi İXM-nin 510-cu maddəsi ilə tam əhatə olunur ki, bu zamanda polisin şəxsi intizama dəvət etməsi onun vəzifə borcudur və şəxsin dayanmadan nalayiq ifadələr işlətməyə davam etməsi əlavə olaraq polisə müqavimət deyil, xırda xuliqanlıq əməlinin davamıdır. İnzibati xətanın mahiyyətindən də görünür ki, polis əməkdaşları Şəxs intizama dəvət etsələr də, o, nalayiq ifadələr işlətməyə davam etmişdir. Polis əməkdaşlarının məhkəmədə verdiyi ifadədə və protokoldan da aydın olur ki, Şəxs ünvansız nalayiq ifadələr işlətmişdir. Göstərilənlərdən aydın olur ki, Şəxs əməlində polisin qanuni tələblərinə mane olmamaq kimi hallar müəyyən edilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs nalayiq sözlər deməsinə görə əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəində nəzərdə tutulan inzibati xətaı törətməkdə təqsirli bilinərək inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, habelə inzibati xətanın törədilmə yerini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən onun barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 14 noyabr 2022-ci tarixdən, saat 19.35-dən hesablansın. Şəxs oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar