Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1024/2023 20.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1974-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İİ qrup əlil, orta təhsilli, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-486/2020 saylı, 10 avqust 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 14 sentyabr 2008-ci il tarixdə doğulmuş X3, 14 yanvar 2010-cu il tarixdə doğulmuş X4 və 28 aprel 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs heç bir üzrlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs dindirilərkən izahatında göstərdi ki, onun tələbkar Zərərçəkmiş şəxs ümumilikdə 12000 (on iki min) manat məbləğində aliment borcu vardır. O, heç bir yerdə işləmədiyi üçün təyin edilmiş aliment məbləğini ödəyə bilmir. Həmçinin şəkər və damarlarında tromp olduğundan, ayaqları normal işləmir. Bu səbəbdən ona ikinci qrup əlillik verilmişdir. Məhkəmədən göstərilən halların nəzərə alınmasını xahiş edir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-486/2020 saylı, 10 avqust 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 14 sentyabr 2008-ci il tarixdə doğulmuş X3, 14 yanvar 2010-cu il tarixdə doğulmuş X4 və 28 aprel 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu ötən bu müddət ərzində aliment borcu üzrə ödəniş etməmişdir. Borclu barəsində 2 dəfə inzibati protkol tərtib edilərək məhkəməyə verilsə də, o, borcundan ümumiyyətlə 1 manatda olsun ödəməmişdir. Borcunu ödəməməsini xəstəliyi ilə əlaqələndirmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədləri üzrə borcunu ödəmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan elektron baza materiallarına dair çıxarışdan görünür ki, Şəxs İİ dərəcəli ümumi əlildir. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2.-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.
2. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın.
3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Anar Pənahov