Məhkəmə qərarları › İş №3(049)-1034/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1034/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1034/2024 16.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.45 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, protokol tərtib edən şəxs: Xİ X9 Xidmət inspektoru polis baş sejantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxxxx 1967-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 16 noyabr 2024-cü il tarixdə, saat 15:44 radələrində sürücülük hüququ olmadan narkotik isifadə etmiş vəziyyətində “VAZ 21703” minik markalı **-UJ-*** qeydiyyat nişanlı avtomobili idarə etdiyinə görə Lənkəran ŞRPŞ-nin Xİ X9 xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 334-1.1-ci maddəsi ilə 16 noyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, 16 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində Lənkəran rayonu, Ələt-Astara yolunun 213 km-də xidmətdə olarkən avtomobilin ödənilməmiş 6058 manat cəriməsi olduğu üçün avtomobilə saxla əmri vermişdir. “VAZ 21703” minik markalı **-UJ-*** qeydiyyat nişanlı avtomobil dayandıqdan sonra sürücüdən müvafiq sənədləri tələb edərək özünü təqdim etməyi xahiş etmişlər. Sürücü özünü şübhəli aparmış, daha sonra müəyyən olunmuşdur ki, Sürücünün hərəkətləri onlarda şübhə doğurduğu üçün onu tibbi müayinəyə gətirmişlər. Tibbi müyainədən sonra şəxsin Şəxs olması müəyyən edilmiş və narkotik sərxoşluğunda olması aşkar edilmişdir. Şəxs sürücülük hüququ məhdudlaşdırıldığı üçün və avtomobili narkotik sərxoşluğu halında idarə etdiyində görə barəsidə protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək göstərdi ki, 16 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində etibarnamə ilə idarə etdiyi, “VAZ 21703” minik markalı **-UJ-*** markalı avtomobillə Lənkəran rayonun, Ələt-Astara yolunun 213-km də hərəkətdə olarkən yol patrul əməkdaşları onu saxlamışlar. Sənədlərə baxış zaman hərəkətləri şübhə olduğundan, polis əməkdaşları avtomaşını Lənkəran ŞRPŞ-nin duracağına gətirmişlər. Onu isə narkoloji xəstəxanaya aparmışlar. Orada məlum olmuşdur ki, o narkotik maddə olan qəbul edib avtomobili idarə etmişdir. Əməlindən peşmandır. O, 6000 manatdan çox cəriməsi olduğunu, habelə sürücülük hüququnun məhdudlaşdırıldığını bilmişdir, lakin imkanı olmadığı üçün cərimələri ödəyə bilməmişdir. Ayda 1-2 dəfə marixuana qəbul edir, sonuncu dəfə 5-10 gün əvvəl marixuana qəbul etmişdir. Hazırda idarə etdiyi avtomobili sataraq cərimələri ödəmək istəyir, buna görə də həbs edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X2 hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını, səmimi ifadələr verməsini, eləcə də maddi imkanı olmaması, cəriməni ödəmək niyyətinin olmasını nəzərə alaraq məhkəmədən Şəxs barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 16 noyabr 2024-cü il tarixli 338 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə zamanı Şəxs narkotik maddə olan marixuana aşkar edilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs sürücülük hüququ məhdudlaşdırılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs 16 noyabr 2024-cü il tarixdə sürücülük hüququ olmadan narkotik vasitə təsiri altında “VAZ 21703” minik markalı **-UJ-*** qeydiyyat nişanlı avtomobili idarə etmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İXM-nin 334-1.1-ci maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-cü maddəsinə əsasən Şəxs etdiyi əməldən peşiman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və həmin maddənin sanksiyasında yalnız cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın hallarını, yəni ümumi gediş-gəliş yolu olan kənd ərazisində sürücülük vəsiqəsi olmadan, narkotik sərxoşluğu hallında avtomobio idarə etməsini, habelə əvvəllər də yol nəqliyyat qaydalarını pozduğuna görə müvafiq olaraq cərimə tətbiq edilıməsini, həmin cərimələri ödəməməsini, yəni şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, Şəxs həbsdə saxlama müddətinin əvvəlinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, materiala şəxsin barəsində inzibati qaydada tutma haqqında protokol əlavə edilməmişdir. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, şəxsin inzibati tutma müddətinin əvvəli, faktiki olaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan hesab edilməlidir. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 16 noyabr 2024-cü il tarixdən, saat 17.45-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X4 mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar