Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1055/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs direktoru X3 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 12 aprel 2023-cü il tarixdə Şəxs X5 Cəmiyyətinin barəsində barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:00-da ünvan 1 ünvanında yerləşən Şəxs Centre MMC-yə məxsus tibb müəssisəsində plandan kənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti aşkar edilmişdir və bunun nəticəsində Şəxs Centre MMC tərəfindən AR İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Həmin hüquqi şəxs tərəfindən AR İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli 227 nömrəli plandankənar yoxlama aktı ilə təsdiq edilir. İşin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışında iştirak edən Şəxs direktoru X11 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “X15” adlı tibb müəssisəsi vardır. Şəxs MMC rəsmi qeydə alınmış hüquqi şəxsdir. Lakin həmin tibb müəssisəsi hələ fəaliyyətə başlamamışdır. Belə ki, özəl tibb fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin alınmasından ötrü sənədləşdirmə işlərinə başlamışdır, lakin sənədləşmə işləri hələ tamamlanmamışdır. Protokola əlavə edilən ödəniş qəbzləri və müayinə nəticələri orada quraşdırılan tibbi aparatların yoxlanması məqsədilə test üçün çap edilmişdir. “X16”ə aid reklam bukletləri də onun tərəfindən çap edilmişdir. Hazıradək həmin tibb müəssisəsində heç bir xəstə qəbul edilməmişdir və özəl tibb fəaliyyəti olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” İnformasiya Sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakl olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, KY231910128 saylı “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri arasında Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlama qeydiyyata alınmışdır. Səbəb kimi: bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi və KİV-də yayılmış məlumat qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Baş direktorunun 12 aprel 2023-cü il tarixli 424 nömrəli qərarı ilə xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri arasında Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli 227 nömrəli plandankənar (növbədən kənar) aktından görünür ki, 12 aprel 2023-cü il tarixli 424 nömrəli qərar əsasında həmin gün saat 13:00-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də həmin MMC-nin qanuni təmsilçisi X3 iştirakı ilə yoxlama başlanmışdır və yoxlama zamanı həmin tibb müəssisəsində lisenziya olmadan özəl tibb fəaliyyəti aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş, foto və video çəkiliş aparılaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır VÖEN № **********. Qanuni təmsilçisi X6r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş protokola əlavə edilmiş reklam bukletlərindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən “X16”də özəl tibb xidmətlərinin göstərilməsi barədə məlumatlar yerləşdirilmişdir. Reklam bukletində həmin tibb müəssisəsində fəaliyyət göstərən həkimlərin adları, ixtisasları (mammoloq-radioloq, onkoginekoloq, psixiotor, pediatr, endokrinoloq, mama-ginekoloq və damar cərrahı) və onlar tərəfindən göstəriləcək tibbi xidmətlər qeyd edilmişdir. Tibb müəssisəsinin reklamı olaraq “regionun ilk süd vəzi diaqnostika mərkəzi” ifadəsi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yoxlama zamanı çəkilmiş və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yoxlama aparılan müəssisədə ginekoloji kabinet, həkim mammoloq-radioloqun iş otağı, mammoqrafiya otağı, tibbi avadanlıqlar, dərman preparatları mövcud olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş reklam bukletində “X16”də həkim Günel Qəmbərovanın fəaliyyət göstərməsi və onun tərəfindən göstərilən tibbi xidmətlər qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş protokola əlavə edilmiş “X16” tərəfindən tərtib edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, həkim Günel Qəmbərova tərəfindən göstərilən tibbi xidmətə görə xx.xx.2023-cü il tarixdə bir nəfər, xx.xx.2023-cü il tarixdə 3 nəfər şəxs tərəfindən ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş müayinə nəticələrindən müəyyən edilir ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “X16” tərəfindən müxtəlif şəxslərin müayinə nəticələri tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ödəniş tapşırığından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC tərəfindən “metrologiya xidmətinin göstərilməsinə görə” Azərbaycan Metrologiya İnstitutuna ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən müəyyən edilir ki, X8 ilə Şəxs MMC arasında ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli əmək müqavilələrinin surətindən müəyyən edilir ki, Şəxs MMC ilə X4 ilə bağlanan əmək müqaviləsinə əsasən o, qeydiyyatçı, X1 ilə bağlanan əmək müqaviləsinə əsasən o, mamaginekoloq, X9 ilə bağlanan əmək müqaviləsinə əsasən o, rentgen loborantı, X7 ilə bağlanan əmək müqaviləsinə əsasən o, radioloq, X10 ilə bağlanan əmək müqaviləsinə əsasən o, tibb bacısı, X19 ilə bağlanan əmək müqaviləsinə əsasən o, direktor vəzifəsində işə qəbul edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-cü maddəsinin məzmununa əsasən, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Özəl tibb fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, özəl tibbi fəaliyyət - qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsidir. Həmin qanunun 4-cü maddəsinə əsasən, Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, işin faktiki hallarından, yəni iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş aktdan, reklam bukletlərindən, fotoşəkillərdən, ödəniş qəbzlərindən, müayinə nəticələrindən, əmək müqavilələrindən müəyyən edilir ki, Şəxs MMC “X16” adı altında lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, zərərçəkmişə dəymiş maddi ziyanı ödəməsi qismən ödəməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130,145 və 529.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1055/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1055/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver