Məhkəmə qərarları › İş №3(049)-1063/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1063/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1063/2024 04.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, protokol tərtib edən şəxs Lənkəran ŞRPŞ İTB polis sahəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Lənkəran rayonu, Şiləvar kəndində doğulmuş, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla yaşayan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 04 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 03 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 03 dekabr 2024 -cü il tarixdə, saat 17.00 radələrində Whatsapp sosial şəbəkələrində polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. O, Lənkəran ŞRPŞ-nın qarşısında uca səslə naliyiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X4 göstərdi ki, Lənkəran Rayon Polis X1 Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 17.00 radələrində Whatsapp sosial şəbəkələrində polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. O, Lənkəran ŞRPŞ-nın qarşısında uca səslə naliyiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 03 dekabr 2024 -cü il tarixdə, saat 17.00 radələrində Whatsapp sosial şəbəkələrində polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün onu polis şöbəsinə dəvət etmişlər. O, heç kimi söyməmiş, ucadan səsküy salmamış, polisin qanuni tələbinə tabesizlik göstərməmişdir. Barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xidməti üzrə rəis müavini vəzifəsində xidmət edir. 03 dekabr 2024 cü il tarixdə, saat 17.00 radələrində Whatsapp sosial şəbəkələrində polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün Şəxs polis şöbəsinə dəvət etmişlər. O, Lənkəran ŞRPŞ-nın qarşısında uca səslə naliyiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs törətdiyi inzibati xəta ilə bağlı sübutlar təqdim edildikdə təqsirini boynuna almışdır. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində xidmət edir. 03 dekabr 2024-cü il tarixdə, saat 17.00 radələrində xidməti otağında xidmətdə olarkən dəhlizdən səslər eşidib çölə çıxdıqda iki nəfər şəxsin yüksək səslə ünvansız söyüş söymələrini görmüşdür. Sonradan öyrənmişdir ki, Whatsapp sosial şəbəkələrində polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün Şəxs polis şöbəsinə dəvət edilmiş, lakin o, uca səslə naliyiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat –rabitə qrupunun operator vəzifəsində xidmət edir. Onun əldə etdiyi məlumata əsasən Whatsapp sosial şəbəkələrində polisin ünvanına etikadan kənar sözlər işlədilmişdir və həmin şəxslərin 5 nəfər olması müəyyən edilmişdir. X7 həmin yaradılmış qrupun admin-təsisçisi olmuşdur. 03 dekabr 2024-cü il tarixdə, saat 17.00 radələrində Whatsapp sosial şəbəkələrində polisin ünvanına etikadan kənat sözlər işlətdiyi üçün Şəxs polis şöbəsinə dəvət etmişlər. O, Lənkəran şəhər ŞRPŞ-nın qarşısında uca səslə naliyiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03 dekabr 2024-cü il tarixli raportdan görünür ki, 03 dekabr 2024 -cü il tarixdə, saat 17.00 radələrində Whatsapp sosial şəbəkələrində polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün Şəxs polis şöbəsinə dəvət etmişlər. O, Lənkəran şəhər ŞRPŞ-nın qarşısında uca səslə naliyiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onlar qanunu izah edərək Şəxs polis əməkdaşları nizam intizama dəvət etsələr də, bunun heç bir nəticəsi olmamış, sonuncu polis əməkdaşlarına əl qol hərəkətləri ilə müqavimət göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat-Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs heç bir növ pensiya və müavinət almadığı müəyyən olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində ictimai yer hesab olunan Lənkəran ŞRPŞ-nin inzibati binasında ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan hərəkətlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən etiraf edilməsə də, məhkəmə iclasında dindirilmiş şahidlər və tədqiq edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında dindirilmiş polis əməkdaşlarının ifadələri ilə tam təkzib olunur. İş materiallarından aydın olur ki, 03 dekabr 2024 -cü il tarixdə, saat 17.00 radələrində Whatsapp sosial şəbəkələrində polisin ünvanına etikadan kənar sözlər işlətdiyi üçün Şəxs polis şöbəsinə dəvət etmişlər. O, Lənkəran şəhər ŞRPŞ-nın qarşısında uca səslə naliyiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur, lakin Şəxs polisin hansı qanuni tələbini yerinə yetirmədiyi müəyyən deyil. Polis əməkdaşları tərəfindən konkret kim tərəfindən hansı tələbin irəli sürülməsi və Şəxs da həmin tələbi yerinə yetirməməsinə dair hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs polis şöbəsində ucadan söyüş söyməsi özü-özlüyündə ictimai qaydanı pozmaqdır və həmin əməl İXM-nin 510-cu maddəsi ilə tam əhatə olunur. Şəxs tərəfindən xırda xuliqanlıq əməli törədilərkən eyni zamanda və ya onun davamında polis əməkdaşlarına qarşı tabesizlik göstərməsi halı da məhkəmədə müəyyən edilməmişdir. Əksinə məhkəmədə dindirilmiş şahid ifadələrindən aydın olur ki, Şəxs tərəfindən uca səslə söyüş söyüldükdən sonra ona konkret olaraq sübut təqdim edildikdə (vatsap ani mesajlaşma sistemindəki yazılardan çıxarışa dair) o, əməlini etiraf edərək sakitləşmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xərtanı törətməsi məhkəmədə sübuta yetirilməmişdir və İXM-nin 53.2-ci maddəsinə əsasən o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Tutma protokolundan müəyyən olunur ki, Şəxs 03 dekabr 2024-cü il tarixdən, saat 18.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 03 dekabr 2024-cü tarixdən, saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar