Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1078/2024 09.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, protokol tərtib edən şəxs: Lənkəran Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs oğu, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran şəhəri, Sabir küçəsi 9-da qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Lənkəran Rayon İcra və Probasiya şöbəsindən Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2973/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin tələbinə əsasən cavabdeh Şəxs 1800 manat və 21 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu qətnaməni tam icra etməməklə icra məmurunun qanuni tələbinə əməl etməmiş və onun tələbkara borcu yaranmışdır. Aparılmış icra tədbirlərinə baxmayaraq borclu tələbkara olan borcunu tam ödəməməklə icra sənədinin icrasından yayınmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2973/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin tələbinə əsasən cavabdeh Şəxs 1800 manat və 21 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Məhkəmədən protokolun təmin edilməsini xahiş edib, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbeh tədbirinin isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, tələbkara olan borcu avtomobil alğısatqısına görə olmuşdur. Avtomobili 3400 manata razılaşmışlar, 1600 manat ödəniş etmiş, qalan 1800 manatı isə ödəyə bilməmişdir və bun görə məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra tələbkar həmin avtomobili gəlib aparmışdır. Avtomobili aparmasına baxmayarq ondan yenə də pul tələb etmişdir. O, tələbkarın avtomobili götürməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməlində hər hansı inzibati xəta tərkibi yoxdur, əksinə tələbkarın əməllərində qanunsuz hərəkətlər olmuşdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Göstərilən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra məmurunu və müdafiəçini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-2973/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin tələbinə əsasən cavabdeh Şəxs 1800 manat və 21 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış sənədlərdən görünür ki, icra sənədi üzrə icraata 18 aprel 2022-ci il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqından materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs boca görə artıq pulun natura şəklində ödənilməsini bildirsə də, icra məmuru bu hal barədə tələbkarın mövqeyini öyrənməmiş, tələbin artıq yerinə yetirilibyetirilməməsini aydınlaşdırmadan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İcra sənədinin üzürsüz səbəbdən icra edilməməsi dedikdə borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması, lakin onun icra sənədini qəsdən icra etməməsi və ya ümumiyyətlə buna cəhd göstərməməsi başa düşülür. Hazırki halda isə icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə ödəniş edə bilməsi üçün faktiki imkanlarının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-1078/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1078/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver