Məhkəmə qərarları › İş №3(049)-1084/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1084/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1084/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 210.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 27 aprel 2023-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəailiyyəti aşkar edildiyindən hüquqi şəxs - Şəxs MMC-nin barəsində Azərbayan Respublikası Səhiyyə Nazirliyi «X1»nin X3 mütəxəssisi X2 tərəfindən İXM-nin 210.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Azərbayan Respublikası Səhiyyə Nazirliyinin və Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, onların işə baxılmasının təxirə salmaq haqqında vəsatətləri daxil olmamışdır. İXM-nin 64.3-cü maddəsində qeyd olunur ki, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə İXM-nin 64.3-cü maddəsinin tələbinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüuqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1» publik hüquqi şəxsinin 26 aprel 2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də plan üzrə yoxlamaların aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də plan üzrə yoxlamaların aparılması qeydə alınmışdır. Qeydiyyat xx.xx.2023-cü il tarixdə aparılmışdır. Tərtib edilmiş yoxlama suallarından görünür ki, yoxlama Şəxs MMC lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1» publik hüquqi şəxsinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus klinikada plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Baxış zamanı işçilərin əmək müqavilələri yoxlayıcılara təqdim edilmədiyi üçün məsul şəxsi müəyyən etmək mükün olmamışdır. Tərtib protokol imzalanmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1» publik hüquqi şəxsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarxli 267 №-li aktdan görünür ki, 27 aprel 2023-cü il tarixdə saat 11:30-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama aparılmışdır. Yoxlama zamanı tibb müəssisəsinin lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması təsdiq edilmişdir. Müraciət edən pasientlərə qeydiyyat bölməsində tibbi açılır. Müayinə məqsədilə həkimə yönəldilir. Həkim müayinəsindən sonra müalicə məqsədilə prosedur otaqlarına istiqamətləndirilir. Qeyd olunan faktlar tərəflərindən çəkilmiş foto və videolarda öz təsdiqini tapır. İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək, belə qənaətə gəlir ki, Şəxs MMC-nin İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi, yəni lisenziya olmadan özəl tibb fəailiyyəti ilə məşğul olması tərtib edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli Akt və ona əlavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımında hesab edir ki, Şəxs MMC İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona İXM-nin 210.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25.000(iyirmi beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar