Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-11/2023 11.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər Rayon X4 X6 Yol Patrul Xidmətinin inspektoru polis serjantı Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Lənkəran rayonu, Burcəli kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1, 332.1 və 327.2 maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1, 332.1 və 327.2 maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Şəhər Rayon X4 X6 Yol Patrul Xidmətinin inspektoru polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:52 radələrində «TOYOTA CHR» markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən AR İXM-nin 333.1, 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-899/2022 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılaraq Şirvan Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 3(106)-466/2022 saylı qərarı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-899/2022 saylı qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli 2(049)-899/2022 saylı qərarı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək, rəy verilməsi üçün iş materalları Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin eksperti Əminə İbrahimova tərəfindən verilmiş ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində qeyd edilmişdir ki, “ekspertizaya təqdim olunmuş işin 2-ci vərəqəsində yerləşən xx.xx.2022-ci il tarixli İXP ******* saylı “Protokolun surətini aldım” qrafasındakı və aşağı hissədə yerləşən “Şəxs” adı soyadı qarşısındakı imzalar – Şəxs tərəfindən icra olunmuşdur”. İşin məhkəmə baxışında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər Rayon X4 X6 Yol Patrul Xidmətinin inspektoru polis serjantı Nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində Şəxs «TOYOTA CHR» markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən “giriş qadağandır” yol nişanının tələbini pozduğu üçün tərəfindən saxlanılmışdır. Sürücünün sənədləri yoxlanılarkən onun həmin avtomaşını idarə etmək səlahiyyəti olmadan idarə etdiyi müəyyən edilmişdir. Bundan sonra avtomaşının Şəxs tərəfindən idarə edilərək duracağa yerləşdirilməsi üçün tədbir görülmüşdür. Belə ki, o, sürücünün yanında əyləşərək avtomaşının duracağa aparılmasını təmin edərkən yolda onunla söhbət zamanı sürücü Şəxs spirtli içki qəbul etdiyini aşkar etmişdir. Cərimə meydançasına çatdıqdan sonra alkotester vasitəsilə sərxoşluq vəziyyəti yoxlanılaraq, onun sərxoş olduğu müəyyən edilmişdir və bu barədə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahat bildirdi ki, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində «TOYOTA CHR» markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Lənkəran rayonu Sütəmurdov qəsəbəsində “Beta” çay fabrikinin qarşısında yol patrul xidməti əməkdaşları onu saxlamışlar. Həmin vaxt polis əməkdaşları tərəfindən sərxoş olduğu ona bildirilmiş və sərxoşluq vəziyyətinin yoxlanılmalı olduğu ona bildirilmişdir. Saxlanıldığı yerdə polis əməkdaşları tərəfindən alkotester vasitəsilə 9 (doqquz) dəfə sərxoşluq vəziyyəti yoxlanılmış, lakin onda sərxoşluq müəyyən edilməmişdir. Bundan sonra o, polis əməkdaşlarına bildirmişdir ki, o, spirtli içki qəbul etməmişdir, Lənkəran şəhər İcra Hakimiyyətində qəbula getməlidir və buna tələsir. Polis əməkdaşları ilə razılığa gəlmişdir ki, İcra Hakimiyyətinin qarşısına gedərək söhbətlərini orada davam etdirsinlər. O, öz avtomaşınını idarə edərək ora getmişdir, yal patrul xidmətinin əməkdaşları da xidməti avtomaşınları ilə onun ardınca gəlmişlər. Yolda polis əməkdaşları ilə arasında olan bu hadisədən əsəbləşdiyi üçün diqqətindən yayınaraq “giriş qadağandır” işarəsinin tələbini də pozmuşdur. Bundan sonra avtomaşınını Lənkəran şəhər İcra Hakimiyyətinin yaxınlığında saxlayaraq, yol patrul xidməti əməkdaşlarının xidməti avtomaşınına əyləşmişdir və polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün onu narkoloji xəstəxanaya aparmalıdırlar. Bir müddət onlarla getdikdən sonra ona bildirilmişdir ki, narkoloji xəstəxananın həkimi işdə deyil və avtomaşınını cərimə meydançasına aparmalıdırlar. Sonradan avtomaşınını saxladığı yerə qayıtmışlar, polis əməkdaşı Nümayəndə onun avtomaşınında sərnişin yerinə əyləşmişdir və o, özü avtomaşını idarə edərək cərimə meydançasına getmişlər. Cərimə meydançasına çatdıqdan sonra alkotester vasitəsilə onun sərxoşluq vəziyyəti üç dəqiqə aralıqla iki dəfə yoxlanılmış, bir nəticədə sərxoşluq vəziyyəti 0,307 digərində isə 0,431 promil göstərilmiş və guya sərxoş olduği müəyyən edilərək bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokolu tərtib edən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Yol Patrul Xidmətinin xidməti avtomaşında quraşdırılmış videokamera ilə qeydə alınmış videoyazıya baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:25-də «TOYOTA CHR» markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən “giriş qadağandır” yol nişanının tələbini pozmuşdur. Saat 10:27 radələrində həmin avtomaşın YPX-nin xidməti avtomaşınının qarşısında dayanmışdır. Saat 10:27:31-də «TOYOTA CHR» markalı **-CF- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomaşından düşərək, xidməti avtomaşının arxa tərəfinə yaxınlaşaraq kadrda görünməmişdir və 10:27:47-də, yəni 16 saniyədən sonra **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətsiz qalaraq, YPX-nin xidməti avtomaşını idarəetməyə başlamışdır. İkinci videofaylda YPX-nin xidməti avtomaşınının yenidən əvvəl dayandığı yerə qayıtdığı, Şəxs **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə sürücü yerinə əyləşdiyi, YPX əməkdaşının həmin avtomaşının sərnişin yerində əyləşdiyi, hərəkətə başladığı, avtomaşının cərimə meydançasına daxil olduğu müşahidə edilir. İşin faktiki halları araşdırılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol, iş materialları və işdə iştirak edən şəxslərin izahatları arasında ziddiyyətlər mövcuddur. Belə ki, polis inspektoru Nümayəndə tərəfindən izahatında “Şəxs «TOYOTA CHR» markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən “giriş qadağandır” yol nişanının tələbini pozduğu üçün tərəfindən saxlanılması və sürücünün sənədləri yoxlanılarkən onun həmin avtomaşını idarə etmək səlahiyyəti olmadan idarə etdiyinin müəyyən edildiyi” bildrilsə də videoyazıya baxış zamanı müəyyən edilmiş 16 saniyə ərzində polis əməkdaşının özünü təqdim etməsi və digər qeyd etdiyi xidməti hərəkətləri yerinə yetirməsi şübhə doğurur. Bundan əlavə Nümayəndə izahatında bildirmişdir ki, sürücünün yanında əyləşərək avtomaşının duracağa aparılmasını təmin edilmişdir. Lakin YPX-nin xidməti avtomobili hərəkətə başlayarkən **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkətsiz dayandığı müşahidə edilir. Növbəti videofaylda YPX-nin xidməti avtomaşınının yenidən əvvəl dayandığı yerə qayıtdığı, Şəxs **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə sürücü yerinə əyləşdiyi, YPX əməkdaşının həmin avtomaşının sərnişin yerində əyləşdiyi və hərəkətə başladığı Şəxs məhkəmə baxışında qeyd etdiyi xüsusatlara (yol patrul xidməti əməkdaşlarının xidməti avtomaşınına əyləşməsi, polis əməkdaşları tərəfindən ona sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün onu narkoloji xəstəxanaya aparmalı olduqlarını bildirmələri, bir müddət onlarla getdikdən sonra narkoloji xəstəxananın həkiminin işdə olmadığının deyilməsi və avtomaşınını cərimə meydançasına aparmalı olduqlarını bildirmələri) daha uyğundur. İş materiallarında olan sənədlərlə videoyazıdakı saatlar arasında da ziddiyyət mövcuddur. Belə ki, inzibati xəta haqqında protokolda onun saat 09:52-də tərtib edildiyi qeyd edilməsinə baxmayaraq iş materiallarına əlavə edilmiş CD diskdə olan videofaylda çəkilişin xx.xx.2022-ci il tarixdə saat 10:25-dən qeydə alındığı görünür. İkinci videofaylda isə ümumiyyətlə saat qeyd edilməmişdir. Heç bir videoyazıda səs qeydə alınmamışdır. Eyni zamanda işin faktiki hallarından müəyyən edilir ki, YPX əməkdaşı öz xidməti fəaliyyətində müəyyən pozuntulara yol vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş alkotester nəticələrindən müəyyən edilir ki, ilk nəticədə 0,307, növbəti nəticədə 0,431 promil sərxoşluq müəyyən edilmişdir. Bu haldan görünür ki, Şəxs sərxoşluq müayinəsinin nəticəsi ilə razı olmamışdır. Lakin buna baxmayaraq həmin şəxs sərxoşluq müayinəsindən keçirilməsi üçün həkim müayinəsinə aparılmamışdır. Halbuki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.7 bəndinə əsasən, Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 4.7 bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Halbu ki, işin faktiki hallarından müəyyən edilir ki, işin məhkəmə baxışı zamanı polis inspektoru Nümayəndə izahatında qeyd etdiyi xidməti fəaliyyət (sürücü ilə ünsiyyət, inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin) içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmamışdır. Təqdim edilən heç bir videoyazıda səs mövcud deyildir. Alkotestrlə aparılan ilkin müayinə saat 09:50-də, növbəti müayinə 09:53-də keçirilməsinə baxmayaraq nəticələr arasında 0,127 promil, yəni 41 faiz fərq mövcud olmuşdur. İşin məhkəmə baxışı zamanı mütəxəssis kimi dəvət edilmiş Lənkəran rayon Narkoloji Xəstəxanasının həkimi X3 izahatında bildirmişdir ki, 3 dəqiqədən sonra eyni şəxs üzərində alkotester vasitəsilə aparılan müayinə zamanı nticələrdə fərq cüzi faizlə ola bilər. Bu həmin şəxsin alkotesterə zəif üfürməsi ilə əlaqədar ola bilər. 41 faizlik fərqin olması az ehtimal edilir. Həmçinin iş materiallarına əlavə edilmiş Şəxs şəxsi təşəbbüsü əsasında Lənkəran rayonlararası Narkoloji Xəstəxanasın həkimi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 305 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun olmadığı müəyyən edilmişdir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İşin faktiki hallarından müəyyən edilir ki, inzibati xəta haqqında protokolda və iş materiallarında qeyd edilən xüsusatlarla, inzibati xəta haqqında protokolu tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında protokolu tərtib edən şəxsin izahatları və məhkəmə iclasında tədqiq edilmiş videyazıdakı xüsusatlar arasında ziddiyyətlər və bir sıra uyğunsuzluqlar mövcuddur. Bu hallar Şəxs AR İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasına şübhələr yaradır. AR İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilməmişdir. Ona görə də onun həmin maddə ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 43.1-ci maddəsinə əsasən «Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsi həmin Məcəllənin 327.2 və 332.1-ci maddələrini məhkəmələrin səlahiyyətlərinə aid etməyib. «“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından “Məcəllənin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları» tərəfindən baxılır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Yuxarıda istinad edilənlərdən görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya dair işlərə baxılması məhkəmələrin deyil, Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumlarının və vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələri ilə təqsirləndirilməsinə dair material Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələri ilə təqsirləndirilməsinə dair material baxılıb, səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-11/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-11/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver