Məhkəmə qərarları › İş №3(049)-1124/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1124/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1124/2024 12.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X10 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, 01 avqust 1982-ci il tarixdə Lerik rayonu, Kaqoy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cavabdeh X2 Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-765/2019 saylı 02 dekabr 2020-ci il və Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(008)-5678/2023cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən X3 barəsində İXM-nin 528.1-ci maddəsi ilə 12 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 məhkəmə iclasında bildirmişdir ki, 3-cü qrup əlilidir və bir azyaşlı uşağı var. O, həmin vaxt xətəxanada olmuş və bu barədə sonradan sənədləri icra məmuruna təqdim etmişdir. Buna görə axtarışda olduğunu bilməmişdir. 2023-cü ilin 29 noyabrında o 100 manat ödəniş etmişdir. Hazırda da 700 manat ödəniş etmişdir. Əməlindən peşmandır və məhkmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin böyük icra məmuru Gündüz Mehdiyev bildirmişdir ki, borclunun barəsində iki məhkəmə qətnaməsi vardır. İlkin Lənkəran Rayon Məhkəməsinin qətnaməsi olaraq hər ay 120 manat ödəməlidir, sonradan həmin məbləğ Baki Şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə məbləğ 120 manatdan 220 manata artırılmışdır və ümumilikdə 2148 manat borc təşkil edir. Pensiyasından hər ay 105 manat tutulur. May ayında 50 manat, sentyabrda 50 manat və martda 100 manat ödəməklə, cəmi 200 manat pul ödəmişdir. Mal-qara alveri ilə məşğuldur. Əvvəllər tabesizlik göstərdiyi üçün barəsində axtariş elan olunmuş, iltizam alındıqdan sonra isə çağırışlara müntəzəm gəlmişdir. Materiallar məhkəməyə verildikdən sonra borcu üzrə 700 manat ödəmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: İşdə olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-765/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs Mslüm qızına verilsin. Cavabdehdən alimentin alınması iddiası üzrə qanunvericili müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülsün. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinin 2(008)-5678/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-765/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək cavabdeh Şəxs Səttər oğlundan hər ay 220 manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. İcraata başlama haqqında xx.xx.2020-ci il və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, hər iki icra sənədi üzrə icraata başlanılmış, daha sonra hər iki icra sənədi 16 noyabr 2024-cü il tarixdə ümumi icraata birləşdirilmişdir. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icra sənədləri üzrə icraata başlama haqqında qərarların surətləri X7 göndərilmiş, icra sənədlərinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarxdə borclu X8 barəsində axtarış elan edilərək, qərar icra edilməsi üçün Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən 3-cü qrup əlil olaraq qeydiyyatdadır və 150 manat təqaüd alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi üçün borclunun icra məmurunun tələbini üzrsüz səbəbdən icra etməməlidir. Lakin hazırki işin hallarından görünür ki, X8 barəsində axtarış elan edilməsindən onun xəbəri olmamış, həmin vaxt xəstəxanada olmuşdur. Hazırki məhkəmə iclasında da borcundan daha 700 manatını ödəmişdir. Qalan borcu ödəməkdən imtina etmir və yaxında ödəyəcəyini bildirir. Bu hal da onu deməyə əsas verir ki, X8 əməlində hər hansı üzrsüz səbəb mövcud deyil, nəticə olaraq onun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından X8 barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakimi Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar