Məhkəmə qərarları › İş №3(049)-1159/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1159/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1159/2022 14.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X9, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Lənkəran rayonu, Zövlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatda olmaqla yaşayan (FİN 1GVN0P) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 14 dekabr 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 17 noyabr 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 14 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran rayonu, Zövlə kəndində arvadı Zərərçəkmiş şəxs sol said nahiyəsindən tutaraq sıxmaqla ona xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X9 izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs arvadıdır. X11 ilə qaynatası Cankişi Hüseynov 03 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində onun yaşadığı evə gələrək arvadını Boladi kəndində aparmaq istəmiş və bu zaman aralarında mübahisə olmuş, mübahisə zamanı o, arvadının əlindən tutaraq saxlamışdır. O, arvadına heç bir xəsarət yetirməmişdir. Buna görə də məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X6 barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində heç bir inzibati xəta tərkibin olmadığını nəzərə alıb barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs onun əridir. 03 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran rayonu, Zövlə kəndində əri ilə aralarında mübahisə yaranmış və əri onu döymüşdür. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə cərimə təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X10 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun kürəkəni, zərərçəkmiş şəxs isə qızıdır. 03 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində kürəkəni ona qızını evdən gəlib aparmasını bildirmiş, həmin gün saat 20 radələrində o, əri Cankişi Hüseynovla qızının yaşadığı Lənkəran rayonu, Zövlə kəndindəki evinə getdikdə, həmin vaxt aralarında mübahisə yaşanmış və Şəxs qızını döymüşdür. Məhkəmə iclasında dindirilmiş şahid X5 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun kürəkəni, zərərçəkmiş şəxs isə qızıdır. 03 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində kürəkəni onun aravadı Rəna Hüseynovaya qızını gəlib aparmasını bildirmiş, həmin gün saat 20 radələrində o, arvadı Rəna Hüseynova ilə qızının yaşadığı Lənkəran rayonu, Zövlə kəndindəki evinə getdikdə, həmin vaxt aralarında mübahisə yaşanmış və Şəxs qızını döymüşdür. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 911 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol said nahiyəsinin sıyrıqları, sol bazu və sağ baldər nahiyəsinin qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti 03 noyabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs əlilliyə görə 268.62 manat pensiya alır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmişi döyməsi zərərçəkmiş şəxs və şahidlərin izahatı, məhkəmə tibb ekspertiza rəyi və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə münasibətlərini, yəni ər-arvad olmalarını, əlil olmasını, zərərçəkmiş şəxsin ona cərimə təyin ediılməsini xahiş etməsini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar