Məhkəmə qərarları › İş №3(049)-1174/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1174/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1174/2023 16.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X30 və onun etibarnamə üzrə nümayəndəsi X5 və qərarından şikayət verilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran ərazi şöbəsinin nümayəndəsi X13 iştirakları ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran ərazi şöbəsinin 15 may 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X30 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran ərazi şöbəsinin 15 may 2023-cü il tarixli MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan narazı qalan X30 şikayət ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində olan Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin müdiri vəzifəsini icra edən X16 qəbul etdiyi 15 may 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi və Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Lənkəran Ərazi Şöbəsinin müdiri vəzifəsini icra edən X31 tərəfindən qanunvericiliyin tələblərinin kobud surətdə pozulması və eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması barədə öhdəliyi yerinə yetirmədən təkrarən eyni qaydada qanunsuz və əsassız qərar qəbql etdiyi üçün Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-yə təqdimat göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, eyni məzmunlu, İXM-nin eyni maddəsi ilə Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin müdiri X21 tərəfindən 21 dekabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş və həmin qərar əsasən o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq etməklə cərimə edilmiş və həmin qərardan məhkəməyə şikayət vermişdir. Lənkəran rayon məhkəməsinin 15 fevral 2023-cü il tarixli 3(049)-55/2023 saylı qərarı ilə Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin 21 dekabr 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli 3(106)- 90/2023 saylı qərarı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)- 55/2023 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati xətanın araşdırması zamanı fakitiki olaraq torpağın üst münbit qatının X30 tərəfindən korlanması barədə kifayət qədər və mötəbər sübutlar əldə etmədən, yəni həmin torpaq sahəsinin məhz X30 tərəfindən qazılaraq həyətyanı sahəsinə daşınması, X30 həyətyanı sahəsinə baxış keçirilməsi (videoçəkiliş və ya fotoşəkillər çəkilməli, müvafiq akt tərtib olunmalı), bununla bağlı torpaq sahəsinin sahiblərinin, şahidlərin izahatları alınmadan X30 ilə münaqişə vəziyyətində olan Çingiz Cəfərovun izahatı ilə kifayətlənərək inzibati xəta haqqında protokol tərtib edərək, həmin protokol əsasında yekun qərar qəbul etmişdir. Eyni zamanda hamin qərarla yenidən araşdırma zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin üzərinə “inzibati xəta haqqında qərar qəbul etmiş ƏMDX-nin Lənkəran Ərazi Şöbəsinin aidiyyəti şəxsləri işin düzgün həlli üçün əhəmiyyətli olan halların, yəni mübahisəli torpağın üst münbit qatının korlanmasında X17 təqsirinin olub-olmamasını müəyyən etmək üçün həmin torpaq sahəsinin məhz X30 tərəfindən qazılıb həyətyanı sahəsinə daşınması istiqamətində torpaq sahəsinin sahiblərinin, şahidlərin (zərurət yaranarsa kənd icra nümayəndəsi və ya bələdiyyənin) izahatları alınmalı, X17 həyətyanı sahəsinə baxış keçirilməli, bununla bağlı videoçəkliş və ya fotoşəkillər çəkilməli, müvafiq akt tərtib olunmalı və işin, düzgün həlli üçün əhəmiyyətli olan digər hallar araşdırılmalıdır”. vəzifəsini qoysa da Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Lənkəran Ərazi Şöbəsi torpaq sahəsinin sahiblərinin, şahidlərin (zərurət yaranarsa kənd icra nümayəndəsi və ya bələdiyyənin) izahatlarını almadan onun həyətyanı sahəsinə baxış keçirmədən, bununla bağlı videoçəkiliş və ya fotoşəkillər çəkmədən, müvafiq akt tərtib olunmadan və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar araşdırılmadan. Azəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Lənkəran Ərazi Şöbəsinin müdiri vəzifəsini icra edən X31 məhkəmə tərəfindən müəyyən edilmiş halları əhəmiyyətsiz hesab etməklə xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edərək yenə də onu 1000 manat məbləğində cərimə etmişdir. Bunula da inzibati orqan tərəfindən araşdırma aparılarkən tam və hərtərəfli aparılmamış, inzibati orqanın rəhbərinin qərəzli münasibəti, vəzifə səlahiyyətindən sui istifadə edilməklə qərar qəbul edilməklə həmin inzibati xətanı aradan qaldıracaq şübhələr araşdırılmamışdır. Azəbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran ərazi şöbəsinin müdiri vəzifəsini icra edən Kənan X1 şikayət ərizəsinə etdiyi etirazında göstərmişdir ki, Lənkəran rayonu Mamusta kənd sakini X9 X30 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qazdıraraq həyətyanı sahəsinə daşıması və faktla bağlı qanunamüvafiq tədbir görülməsi barədə bir sıra dövlət qurumlarına ünvanladığı şikayət ərizəsi əsasında Lənkəran ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri X26 və həmin sektorun məsləhətçisi X14 tərəfindən Lənkəran rayonu Mamusta kəndi ərazisində şikayətçinin iştirakı ilə araşdırma aparılmışdır. İddia olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daxil olmadan kənardan baxış keçirilən zaman torpaq sahəsinin üst münbit qatının qazılaraq daşınması faktı aşkar olunmuşdur. Qazıntı faktının araşdırılması məqsədi ilə X30 ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq əraziyə dəvət olunmuşdur. X30 əraziyə gəldikdə şifahi olaraq torpaq sahəsinin onun tərəfindən istifadə olunduğunu və onun tərəfindən torpaq sahəsi qazıldığını bildirmişdir. Lakin, X30 torpaq sahəsini hansı məqsəd üçün qazdığını bildirməmiş və torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Yerində torpaq sahəsinin mülkiyyət növünün dəqiqləşdirilməsi mümkün olmadığı üçün qazılmış ərazinin koordinatları götürülərək ərazi şöbəsində NECAS baza məlumatlarında araşdırma aparılmışdır. Qazıntı faktının araşdırılması məqsədi ilə X30 ilə telefon vasitəsi ilə yenidən əlaqəsaxlanılaraq məlumatların dəqiqləşdirilməsi və istifadəsində olan torpaq sahəsinə dair sənədlərin təqdim olunması məqsədi ilə Lənkəran ərazi şöbəsinə dəvət olunmuşdur. Lakin, X30 ərazi şöbəsinə gəlməkdən imtina etmişdir. Aşkar olunmuş faktla bağlı Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və telefon vasitəsi ilə X30 ilə əlaqə saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 101-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən xx.xx.2022ci il tarixli **********81 saylı məktubla poçt vasitəsi ilə ünvanına göndərilmişdir. İnzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixində X30 tərəfindən qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq X30 barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən xx.xx.2022- ci il tarixli MN1295956 saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək 1000 (bir min) manat cərimə məbləği təyin olunmuşdur. Lənkəran ərazi şöbəsi tərəfindən X30 barəsində qəbul olunmuş xx.xx.2022ci il tarixli MN1295956 saylı inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərini rəhbər tutaraq xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktubla poçt vasitəsi ilə vətəndaşın qeydiyyatda olduğu ünvana göndərilmişdir. İnzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixində X30 tərəfindən şəxsən qəbul olunmuşdur. X30 inzibati tənbeh vermə haqqında qərarı aldıqdan sonra qərarı ləğv olunmasından ötrü Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsində iş üzrə materiallara baxılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsi tərəfindən X30 barəsində Azərbaycan Respublikasının İXM-nin 244.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN1295956 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair 3(049)- 55/2023 saylı 15 fevral 2023-cü il tarixli qərar qəbul edərək, qərarın sürətini 15 fevral 2023-cü il tarixli məktubla poçt vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinə göndərmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)- 55/2023 saylı 15 fevral 2023-cü il tarixli qərarı poçt vasitəsi ilə 20 fevral 2023-cü il tarixində Lənkəran ərazi şöbəsinə çatmış və məktub xx.xx.2023-cü il tarixli ********** nömrə ilə ərazi şöbəsində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən Lənkəran Rayon Məhkəməsinin 3(049)-55/2023 saylı 15 fevral 2023-cü il tarixli qərarından Şirvan Apelyasiya Məhkəməsinə **********51 saylı xx.xx.2023-cü il tarixli etirazla müraciət olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsində iş üzrə materiallara baxılaraq Lənkəran Rayon Məhkəməsinin 3(049)-55/2023 saylı 15 fevral 2023-cü il tarixli qərarının ləğv olunması, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən X30 barəsində Azərbaycan Respublikasının İXM-nin 244.2- ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN1295956 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və işin yenidən araşdırılması üçün Lənkəran ərazi şöbəsinə geri qaytarılmasına dair 15 mart 2023-cü il tarixli 3(106)90/2023 saylı qərar qəbul edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli 3(106)90/2023 saylı qərarı ərazi şöbəsində xx.xx.2023-cü il tarixli ********** nömrə ilə qeydiyyata alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən X30 barəsində olan inzibati xəta haqqında iş ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsində yenidən araşdırma aparılmışdır. Bununla əlaqədar bildirirəm ki, araşdırma zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən üst qatı daşınan torpaq sahəsinin mülkiyyət növü, kateqoriyası,uqodiyası barədə dəqiqləşdirilmiş məlumatları və torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin sürətini təqdim olunması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ********** saylı xx.xx.2023-cü il tarixli xidməti məktub göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran ərazi idarəsin tərəfindən üst qatı qazılaraq daşınan torpaq sahəsinin baza məlumatlarına əsasən JN- 1115,1114,1113,1062,1061 və 1060 nömrəli Dövlət aktları əsasında xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı və dincə qoyulmuş torpaq sahəsi olması barədə ********** saylı xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Qeyd olunanları nəzərə alaraq JN- 1115,1114,1113,1062,1061 və 1060 nömrəli Dövlət aktlarında adları qeyd olunan vətəndaşların faktiki yaşayış ünvanı və əlaqə nömrələrinin təqdim olunması məqsədi ilə Lənkəran ərazi şöbəsi tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə **********79 saylı xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ********** saylı xx.xx.2023-cü il tarixli (№12-06/447 xx.xx.2023) məktubla cavab verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunan siyahıya əsasən qeyd olunan vətəndaşların iki nəfəri vəfat etmiş, üç nəfəri halhazırda başqa ölkədə yaşayır. Digər mülkiyyət sahibləri ilə Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən telefon vasitəsil iə əlaqə saxlanılmış və torpaq sahəsinə dair məlumatların dəqiqləşdirilməsindən ötrü Lənkəran ərazi şöbəsinə dəvət olunmuşdur. Lakin, mülkiyyət sahibləri ərazi şöbəsinə gəlməkdən imtina etmiş sözügedən torpaq sahəsindən istifadə etmədiklərini, ümumiyyətlə həmin ərazini tanımadıqlarını və halhazırda ayrı torpaq sahəsindən istifadə etdiklərini bildirmişdirlər. Qeyd olunanları nəzərə alaraq qazılaraq üst qatı daşınan torpaq sahəsinin faktiki olaraq kim tərəfindən istifadə olunması barədə məlumat verilməsindən ötrü Lənkəran ərazi şöbəsi tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə **********00 xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Lakin, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən həmin torpaq sahəsinin faktiki olaraq kim tərəfindən istifadə olunduğunu bilmədiklərini bildirilərək məktuba cavab verilməsindən imtina olunmuşdur. Lakin, üst qatı qazılaraq daşınan torpaq sahəsinin faktiki istifadəçisi ilə əlaqədar bildirirəm ki, Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu Mamusta kəndi ərazisində üst qatı qazılaraq daşınan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ilkin baxış keçirildiyi və araşdırma aparıldığı zaman X2 torpaq sahəsinin onun tərəfindən istifadə olunduğunu bildirmişdir. Həmçinin Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu Mamusta kəndi ərazisində üst qatı qazılaraq daşınan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirildikdən sonra X30 xx.xx.2022-ci il tarixində İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə etdiyi ********** saylı xx.xx.2022-ci il tarixli müraciətində Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən hal-hazırda istifadəsində olan torpaq sahəsinə icazəsiz daxil olunduğunu bildirmişdir. Həmçinin araşdırma aparılan zamanı X30, özü və azyaşlı oğlu tərəfindən telefon vasitəsi ilə çəkilmiş video görüntüləri, Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən torpaq sahəsinə icazəsiz girildiyini bildirərək facebook sosial şəbəkəsində paylaşılmışdır. Qeyd olunanlar sübut edir ki, sözügedən üst qatı qazılaraq daşınan torpaq sahəsi ayrı-ayrı vətəndaşların mülkiyyətində olsada, faktiki olaraq X30 tərəfindən istifadə olunur. Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, X30 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qazılaraq daşınması ilə bağlı eyni fakt barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Qeyd olunanları nəzərə alaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı toplanmış sübutlar barədə məlumatların Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinə təqdim olunmasından ötrü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə **********99 saylı xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ********** saylı xx.xx.2023-cü il tarixli (3-14-40/2-340/2023 saylı xx.xx.2023) məktubla cavab verilmişdir. Belə ki, Lənkəran rayonu Mamusta kənd sakini X18 müraciəti əsasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılımış və araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qazılaraq X17 həyətyanı sahəsinə töküldüyü müəyyən olunmuşdur. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Lənkəran rayonu Şıxəkəran kənd sakini X19 barəsində kamaz markalı yük avtomobili ilə torpaq daşınmasına görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X19 izahatında bildirir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qazılmış torpaq onun tərəfindən daşınaraq X17 həyətyanı torpaq sahəsinə tökülmüşdür. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubu və X8 izahatı materiala əlavə olunmuşdur. Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı X10 məxsus kamaz markalı yük avtomobili vasitəsi ilə torpaq sahəsinin daşınaraq X17 həyətyanı sahəsinə töküldüyü zaman ayrı kənd sakinləri tərəfindən çəkilmiş video görüntülər əldə olunaraq işə əlavə olunmuşdur. Əldə olunan sübutları və qeyd olunanları nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 57-60-cı maddələrinin tələblərini rəhbər tutaraq xx.xx.2023-cü il tarixində saat 10.00-da Lənkəran şəhəri Qala Xiyabanı 30 ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin yerləşdiyi inzibati binada inzibati xəta haqında işə baxılması barədə bildiriş xx.xx.2023-cü il tarixli **********03 saylı məktubla poçt vasitəsi ilə X17 yaşadığı ünvana göndərilmişdir. X30 bildirişi aldıqdan sonra xx.xx.2023-cü il tarixində Lənkəran ərazi şöbəsinə gəlmişdir. Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən X17 iştirakı ilə inzibati xəta haqqında iş üzrə materiallara baxılmış və xx.xx.2023-cü il tarixli akt tərtib olunaraq bir daha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst qatının qazılaraq daşınması halının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinin pozulması halı olduğu X22 izah olunmuşdur. Həmçinin Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən X22 xx.xx.2023-cü il tarixində saat 10.00-da inzibati xəta haqqında iş üzrə qərar veriləcəyi bildirilmiş və qeyd olunan vaxtda inzibati xəta haqqında işə baxılmasında iştirak etməsinə dair xəbərdarlıq olunmuşdur. Lakin, İnzibati xəta haqqında işə baxılmasına dair bildirişi almasına və xx.xx.2023-cü il tarixində Lənkəran ərazi şöbəsində olarkən ona verilən məlumata baxmayaraq X30 təyin olunmuş vaxtda inzibati xəta haqqında işə baxılmasında iştirak etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq inzibati xəta haqqında işə X17 iştirakı olmadan baxılmışdır. Yuxarıda qeyd olunan faktlara əsasən bildiririk ki, üst qatı qazılaraq daşınan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki olaraq X30 tərəfindən istifadə olunması və X8 izahatı sübut edir ki, sözügedən torpaq sahəsinin üst qatı X30 tərəfindən birbaşa və ya başqa şəxslər vasitəsi ilə qazılaraq həyətyanı torpaq sahəsinə tökülmüşdür. Aşkar olunan faktları və əldə olunan sübutları nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq X30 barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN1295996 saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək 1000 (bir min) manat cərimə məbləği təyin olunmuşdur. Qərarın sürəti **********08 xx.xx.2023-cü il tarixli məktubla poçt vasitəsi ilə X23 yaşadığı ünvanına göndərilmişdir. X4 Rayon Məhkəməsinə edilən müraciətində qeyd edir ki, Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst qatının qazılması faktı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən yenidən aparılmış araşdırma zamanı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qazılmasında X17 təqsirinin olub- olmamasının müəyyən etmək üçün torpaq sahəsinin mülkiyyət sahiblərinin, şahidlərin izahatları alınmmadan, onun həyətyanı sahəsinə baxış keçirilmədən, video və fotoşəkillər çəkilmədən və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar araşdırılmadan barəsində inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı üst qatı qazılaraq daşınan torpaq sahəsinin mülkiyyət sahibləri ilə əlaqə saxlanılmış, lakin mülkiyyət sahibləri həmin torpaq sahəsindən istifadə etmədiklərini bildirmiş və əlavə məlumat verməkdən imtina etmişdirlər. Həmçinin qazılmış torpaq sahəsinin daşınaraq X17 həyətyanı sahəsinə tökülməsi zamanı çəkilmiş video görüntülər və torpaq sahəsinin daşınmasında istifadə olunan kamaz markalı yük avtomobilinin sahibi X7 alınmış izahat inzibati xəta haqqında iş üzrə materiala əlavə olunmuşdur. Üst qatı qazılaraq daşınan torpaq sahəsinə dair işin yenidən araşdırılması zamanı torpaq sahəsinin mülkiyyət sahiblərinin, şahidlərin izahatlarının alınmaması, video və fotoşəkillər çəkilməməsi və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar araşdırılmaması barədə X17 iddiası əsassızdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X30 şikayətin dəlillərinə uyğun çıxış etdi, əlavə olaraq bildirdi ki, Lənkəran rayonu, Mamusta kənd sakini X11 və onun ailə üzvlərinə məxsus pay torpaq sahəsində sonuncuların razılığı ilə çəltikçiliklə məşğul olur. Çəltikçilik təsərrüfatını inkişaf etdirmək üçün dövlət tərəfindən ona subsidiya ayrılır. O, heç vaxt heç kimə torpaq sahəsini qazdırmamışdır. Belə ki, Lənkəran rayonu Mamusta kəndində yaşayan anası Göyəçin Cəfərovaya məxsus fərdi yaşayış evində anası ilə birlikdə onun qardaşının ailəsi, o cümlədən azyaşlı uşaqları da yaşayır. O özü isə başqa ünvanda yaşayır. Anasına məxsus evin həyətində çökəklik olduğundan həmin yerə su yığılır. Bu da həmin evdə yaşayan insanların səhhətinə mənfi təsir göstərdiyi üçün o, bu problemin həlli üçün müxtəlif vaxtlarda aidiyyəti orqan və qurumlara, o cümlədən Lənkəran Şəhər İcra Hakimiyyətinə, kənd bələdiyyəsinə müraciətlər etmişdir. 2022-ci ilin sentyabr ayında anasına məxsus evdə olarkən sonradan adının X19 olduğu ona məlum olan “Kamaz” markalı yük avtomobili sürücüsü maşınla dolu torpağı onun anasının həyətinə gətirmişdir. O, Sirac Abdullayevdən torpağın kim tərəfindən və haradan gətirdiyini soruşduqda, sürücü bələdiyyə sədri və icra nümayəndəsinin onu çağıraraq səhədən gedib torpaq götürüb onun anasının həyətindəki çökəklikə boşaltmaq barədə tapşırıq verdiklərini bildirmişdir. O da müvafiq qurumlara etdiyi müraciətlərin nəticəsi olaraq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin anasının həyətindəki problemin bu üsulla aradan qaldırdığını görmüş, bun etiraz etməmişdir. Anasının evi ilə Siracın torpaq gətirdiyi sahənin arasında təqribən 1 kilometr məsafə vardır. “Kamaz” sürücüsü təxminən 7-8 dəfə həyətə torpaq gətirmişdir. “Kamaz” sürücüsünə dəqiq xatırlamadığı üçün 70-80 manat pul vermişdir. Qərarından şikayət verdiyi orqanın etirazında əlavə etdiyi diskdəki videogörüntülərdə olan “Kamaz”ın torpaq gətirdiyi ev onun anasına məxsus evdir. O, heç kimə hər hansı torpaq sahəsini qazmağı, anasının həyətinə torpaq gətirməyi sifariş verməmiş, heç kimə torpaq sahəsi qazdırmamışdır. Qeyd etdiyi kimi aidiyyəti təşkilatlara anasının həyətində olan problemin həlli üçün etdiyi müraciətin nəticəsi olaraq bələdiyyə sədri və icra nümayəndəsi problemin çözümünü bu şəkildə həll etmişlər. Sonradan sürücü X12 idarəsi tərəfindən cərimə edildiyi ona məlum olmuş, daha sonra anasının həyətinə gətirilmiş torpaq sahəsini geri qaytarmışdır. ƏMDX-nin Lənkəran ərazi şöbəsinin əməkdaşları məsələ ilə əlaqədar ətraflı araşdırma aparmadan qərəzli şəkildə onu cərimə ediblər. Qeyd olunan torpaq sahəsinin qazılmasında onun heç biri təqsiri yoxdur. Ona görə də şkiayətinin təmin edilməsini, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X30 və onun etibarnamə üzrə nümayəndəsi X5 şikayətin dəlillərinə uyğun çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin ona istinad olunan inzibati xəta haqqında əməlini törətmədiyini bildirərək, şikayətin təmin edilməsini, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin Lənkəran ərazi şöbəsinin nümayəndəsi X27 etirazın dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında göstərdi ki, özünə məxsus “Kamaz” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə sifariş əsasında yük daşımaqla dolanışığını təmin edir. Təxminən 2022-ci ilin sentyabr ayında Mamusta kənd icra nümayəndəsi və bələdiyyə sədri ona çağıraraq kəndin çöl sahəsində ekskavator işlədiyini, ekskavator sürücüsünə məlumat verdiklərini, həmin sahədən bir neçə dəfə torpaq sahəsini götürüb Vüsal Cəfərovun anasına məxsus evə torpaq aparmağın lazım olduğunu bildirmişlər. O, həmin şəxslərin tapşırığı ilə sahəyə getmişdir. Sahədə getdikdə Tələt adlı ekskavator sürücüsünün torpaq sahələrinin kənarlarında olan arxları təmizlədiyini görmüşdür. Gəlməyinin səbəbini ona bildirdikdən sonra Tələt “Kamaz”ın yük yerinə torpaq boşaltmışdır. O da həmin torpaq sahəsini Vüsalın anasına məxsus evə aparmışdır. Evə çatanda Vüsal orda olmuş və Vüsala gətirdiyi torpağı icra nümayəndəsi və bələdiyyə sədrinin tapşırığı ilə gətirdiyini bildirmişdir. Təxminən 7-8 dəfə Vüsalın anasına məxsus evə torpaq gətirmişdir. Həmin torpağı evin həyətində olan çökəkliyə boşaltmışdır. Dəqiq xatırlamadığı üçün Vüsal ona 70-80 manat civarında pul vermişdir. Vüsalın anasının evi ilə torpaq gətirdiyi sahənin arasında təqribən 1 kilometr məsafə vardır. Videogörüntüdə olan ev torpaq gətirdiyi Vüsal Cəfərovun anasına məxsus ev, “Kamaz” isə ona məxsus avtomobildir. Daha sonra o, Ekologiya idarəsinin əməkdaşları tərəfindən cərimə edilmişdir. Vüsal Cəfərov ona torpaq gətirməyi tapşırmamışdır. Torpağı Vüsalın anasının evinə kənd icra nümayəndəsi və bələdiyyə sədrinin göstərişi ilə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 izahatında göstərdi ki, istifadəsində əvvəllər ekskavator olmuşdur. O, kənd sakinlərinin sifarişi ilə sahələrdə arxları, torpaq sahələrini təmizləməklə dolanışığını təmin etmişdir. 2022-ci ilin sentyabr ayında Lənkəran rayonu Mamusta kəndi ərazisində çöl sahədə su arxlarını təmizləyərkən Sirac adlı “Kamaz” sürücüsü sahəyə gələrək ona “Kamaz” maşınına torpaq yüklənilməli olduğunu bildirmiş, müəyyən vəsait müqabilində onunla razılaşmış, “Kamaz”a təxminən 7- 8 dəfə torpaq yükləmişdir. “Kamaz”a yüklənmiş torpaq sahəsini haradan götürməyi özü müəyyənləşdirmişdir. Vüsalı Cəfərovu tanımır. Ondan torpaq sahəsinin qazılması ilə bağlı hər hansı sifariş almamışdır. Qeyd etdiklərini məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsində də təsdiq etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. Məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticə əsassızdır. Belə ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan Vüsal Cəfərovun istifadə etdiyi torpaq sahəsinin mülkiyyətçisi X6, X8 izahatını almadan, tam və hərtərəfli araşdırmadan aparmadan, Sirac Abdullayevin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi səthi məzmunlu izahatına və X29 Cəfərovun anasının evinə torpaq gətirməsini əks etdirən videogörüntülərə və fotoşəkillərə əsaslanaraq, yanlış nəticəyə gəlmiş, torpağın üst münbit qatının X30 tərəfindən korlanması barədə kifayət qədər və mötəbər sübutlar əldə etmədən yenidən X30 barəsində 15 may 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd edildiyi kimi inzibati orqan yenidən araşdırma zamanı məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlar iş üçün mühüm əhəmiyyət kəsb edən X8 izahatını almadan onun 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi səthi məzmunlu izahatına əsaslanmışdır. Halbuki, X8 izahatı alınacağı təqdirdə, bir sıra xüsusatlar – torpağın kim(lər)in tapşırığı ilə Vüsal Cəfərovun anasına məxsus evə aparılması, torpaq sahəsini Tələt Cabbarovun qazması barədə məlumatlar əldə oluna bilərdi. Eyni zamanda Vüsal Cəfərovun istifadə etdiyi torpaq sahəsinin mülkiyyətçisi X6 da izahatı alınmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan işin əhəmiyyətli hallarını nəzərdən qaçırmış və araşdırmanı tam və hərtərəfli aparmadan qərar qəbul etmişdir. Belə olan halda yenidən araşdırma zamanı inzibati xəta haqqında qərar qəbul etmiş orqan X19, X24, X6, kənd icra nümayəndəsi və bələdiyyə sədrinin izahatları alınmalı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları araşdırmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən şikayət qismən təmin edilməli, Azəbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran ərazi şöbəsinin 15 may 2023-cü il tarixli MN № ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azəbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran ərazi şöbəsinə qaytarılmalı və qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azəbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran ərazi şöbəsinin 15 may 2023-cü il tarixli MN № ******* saylı qərarından X30 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X30 barəsində Azəbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran ərazi şöbəsi tərəfindən qəbul edilmiş 15 may 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırma aparılması üçün Azəbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Lənkəran ərazi şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar