Məhkəmə qərarları › İş №3(049)-1179/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1179/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1179/2023 07.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1948-ci il tarixdə Lənkəran rayonu, Viyən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, Lənkəran rayonu, Viyən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Ələt-Astara yolunun 206-cı km-də mülkiyyətində olan “QAZ-31105” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun ehtiyat hissəsindən sola və geriyə manevr edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes-Benz” markalı **-SB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşduğuna görə Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayı Xİ tağımının YPX inspektoru, polis baş serjantı X1 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 07 iyun 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, sürücülük vəqisənin etibarlılıq müddəti bitmişdir. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Ələt-Astara yolunun 206-cı km-də mülkiyyətində olan “QAZ-31105” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun ehtiyat hissəsindən sola və geriyə manevr edərkən arxadan gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes-Benz” markalı **-SB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə anidən fikrinin yayınması səbəbindən baş verib. Əməlindən peşmandır. Hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Ələt-Astara yolunun 206-cı km-də “Mersedes-Benz” markalı **-SB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qəfildən Şəxs idarə etdiyi “QAZ- 31105” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun ehtiyat hissəsindən sola və geriyə manevr edərkən onun qarşısına çıxmış və toqquşma baş vermişdir. İdarə etdiyi avtomobilə dəymiş ziyan hesablanmış, maddi ziyanın məbləği ilə əlaqədar Şəxs ilə arasında hər hansı mübahisə yoxdur. Şəxs hazırda heç bir şikayəti yoxdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 03 iyun 2023cü il tarixli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 03 iyun 2023cü il tarixli protokollaşdırmadan görünür ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan Şəxs Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən verilmiş AE 452922 №-li “B” kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti əhatə edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Ələt-Astara yolunun 206-cı km-də mülkiyyətində olan “QAZ-31105” markalı **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun ehtiyat hissəsindən sola və geriyə manevr edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes-Benz” markalı **-SB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq sonuncuya maddi ziyan vurmuşdur. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Kosntitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsində göstərilmişdir. Həmin maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Həmin Qanunun 35-ci maddəsinə görə isə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. (“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi). Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir. Göründüyü kimi həmin qərarda ifadə edilmiş hüquqi mövqeyə əsasən, “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi də ehtiva edir. Bundan başqa, İXM-nin 30.2-ci maddəsinin tələbinə görə, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşdə olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.1948-ci il tarixdə doğulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün və zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs törətdiyi əməli etiraf etməsi, peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yaşını, həmçinin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınaraq, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar