Məhkəmə qərarları › İş №3(049)-1180/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1180/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1180/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov X8 Afil Əziz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Lənkəran ŞRPŞ-nin Təhqiqat Bğlməsində HK-1-1496 nömrəli material üzrə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı X1 xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Lənkəran ŞRPŞ-nin X2 polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Lənkəran rayonu Veravul kəndində şəxsi münasiətləri zəminində qardaşı arvadı Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı X1 xx.xx.2023-cü il tarixli HK-1- 1496 nömrəli təhqiqat materialı üzrə xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı olmuşdur. Qeyd olunan qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmişdir. Qeyd olunan qərar Lənkəran ŞRPŞ-nin X3 daxil olduqdan sonra həmin qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə ilə ifadə olunan inzibati xəta hadisəsi nəzərdə tutulur. Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda isə həmin şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin konkret olaraq hansı əməldə ifadə olunması, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlərin Şəxs tərəfindən yetirilmə üsulu öz əksini tapmamışdır. Bundan əlavə, araşdırma zamanı hadisənin bilavasitə şahidi olmuş X5 adlı şəxsin izahatı alınmış olsa da, Şəxs barəsində tərtib edilmiş protokolda həmin şahidin adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı qeyd edilməmiş, habelə, Şəxs tərəfindən törədildiyi qeyd edilən inzibati xəta hadisəsinin hansı faktlarla təsdiq edildiyi də hər hansı mötəbər sübutlarla əsaslandırılmamışdır. İnzibati xətalar haqqında qanunvericilikdə işə yalnız şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İnzibati xətalara dair işlərdə də inzibati xəta haqqında protokol mahiyyət etibarilə ittiham aktına bərabər sayıldığından həmin protokolda şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, protokolda qeyd edilən sübutlar əsasında baxmalıdır. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında həmin qərarın aidiyyəti şəxslərə (X4 və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora) göndərilməli olması qeyd edilsə də, hazırki işin materiallarına qeyd olunan qərarın həmin şəxslərə rəsmi qaydada çatdırılmasının təmin edildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Halbuki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən istər Zərərçəkmiş şəxs və Şəxs cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan şikayət vermək hüququ vardır. Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qərar mövcud olduğu halda, həmin şəxslər tərəfindən verilən şikayət əsasında cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar ləğv ediləcəyi təqdirdə həmin hal qeyri-müəyyənliyə səbəb olacaqdır ki, bu da qanunvericiliklə müəyyən edilmiş hüquqi-müəyyənlik prinsipinə zidd olacaqdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Ancaq iş materiallarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd olunan qərarın aidiyyəti şəxslərə rəsmi qaydada çatdırılmasının təmin edilib-edilmədiyi, qərardan şikayət verilib-verilmədiyi, verilmişdirsə, şikayətin nəticəsi, şikayət vermə müddətinin başa çatıb-çatmadığı araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati materiala məhkəmədə baxılaraq qərar qəbul edilərsə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan hər hansı şəxs tərəfindən şikayət veriləcəyi və qərar ləğv olunacağı təqdirdə, Şəxs məhkəmənin qərarı ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş olacaqdır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Lənkəran ŞRPŞ-nin X2 polis sahə rəisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər- Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar