Məhkəmə qərarları › İş №3(049)-1181/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1181/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1181/2023 23.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Salyan rayonu, Şorsulu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də iş icraçısı işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləməklə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının mənzilində suvaq işlərinin görülməsi zamanı işçinin döşəməsi etibarlı bərkidilmiş ayaqaltının üzərində işləməsini təmin etməməsi və «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.27.3, 5.27.4, 5.44 və 5.45 bəndlərinin tələblərini pozması orada əmək müqaviləsi əsasında rəngsaz işləyən xx.xx.1971-ci il təvəllüdlü X3 yıxılaraq az ağır xəsarətlər almasına səbəb olduğundan Şəxs barəsində İXM-nin 198.3-ü maddəsi ilə Lənkəran rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı qəbul edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, o 2018-ci il tarixdə rəsmi əmək müqaviləsi əsasında "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. Ailəlidir və və bir az yaşlı övladı vardır. MMC 2022-ci ilin mrt ayından Lənkəran şəhəri Z.Əliyeva adına küçədə çoxmərtəbəli binaların inşasına başlamışdır. Belə ki, MİDA (Mənzil İnşaat Dövlət Agentliyi) tərəfindən keçirilən tenderdə qalib gələrək MMC Lənkəran şəhərində binaların tikintisinə başlanmışdır. O hazırda yeni tikilən binalarda iş icraçısı işləyir. İşçiləri texniki təhlükəsizlik qaydaları ilə tanış edilməsi onun vəzifəsidir. İşçilər işə başlamamışdan əvvəl tərəfindən təlimatlandırıldıqdan sonra jurnalı imzalayır, daha sonra iş yerlərinə gedirlər. Mahir Həmidovun 18 aprel 2023-cü il tarixdə saat 10 radələrində üç nömrəli binanın üçüncü mərtəbəsində yerləşən mənzilində rəngsaz işi görərkən, yəni tavana və divarlara astar vurarkən ayağının altında olan kustar üsulla hazırlanmış taxta ayaqaltı sürüşdüyü üçün yerə yıxılmışdır. O həmin vaxt binanın həyətində olmuşdur. Mahir ona yaxınlaşaraq yerə möhkəm dəydiyini və xəstəxanaya getmək istədiyini bildirdi. O da ona icazə vermişdit ki, Lənkəran RMX-yə getsin. Mahirə ambulator müalicə etdikdən sonra evə buraxmışlar. Mahir 11 aprel 2023-cü il tarixdən MMC-də fəhlə kimi işləyir. Onunla rəsmi əmək müqaviləsi bağlanmışdır. Mahir mənzildə döşəməyə yıxılarkən yanında kimsə olmamışdır. Həmin gün Mahir Həmidova fərdi mühafizə vasitələri verilməmiş, gündəlik təlimatlandırma ilə bağlı heç bir fərdi söhbət aparılmamışdır. Çünki ona işə başlayan gün təlimatlandırma aparılmışdır. Törətdiyi əmələ görə peşimandır. Bir daha belə əmələ yol verməyəcəkdir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 may 2023-cü il tarixli qərarı rəsmi qaydada almış, həmin qərardan heç bir şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza və X1 X5 xx.xx.2023-cü il tarixli 439 saylı rəyindən görünür ki, X3 bədəni üzərində sağ bazu oynağının travmatik çxığı, başın təpə nahiyəsində hematoma aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hündürlükdən yıxılaraq zərblə bərk küt əşyalara dəyməsi nəticəsində əmələgələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/3541 №-li, xx.xx.2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, suvaq işlərinin görülməsi zamanı işçinin döşəməsi etibarlı bərkidilmiş ayaqaltının üzərində işləməsinin təmin edilməməsi hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.27.3, 5.27.4, 5.44, 5.45 bəndlərinin tələbləri pozulmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”nda olan “İş icraçısının əmək funksiyası”nın tələblərinə əsaslanaraq, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının mənzilində suvaq işlərinin görülməsi zamanı işçinin döşəməsi etibarlı bərkidilmiş ayaqaltının üzərində işləməsini təmin etmədiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.27.3, 5.27.4, 5.44, 5.45 bəndlərinin tələbləri "xxxx" MMC-nin iş icraçısı tərəfindən pozulmuşdur. «Cinayət işinin başlanmasının rədd edilməsi» haqqında 30 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lənkəran rayon prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.27-ci bəndinə əsasən ayaqaltı və onun elementləri aşağıdakı tələblərə cavab verməlidir: 5.27.1. quraşdırılma və sökülmə zamanı işçilərin təhlükəsizliyini təmin etməlidir; 5.27.2. istehsalçı müəssisənin pasportuna uyğun olaraq hazırlanmalı və quraşdırılmalıdır, təyinatına uyğun ölçülərə, möhkəmliyə və dayanıqlığa malik olmalıdır; 5.27.3. məhəccərlər və başqa qoruyucu qurğular, platformalar, döşəmələr, konsollar, dayaqlar, köndələn atılan tirlər, pilləkənlər və panduslar asan quraşdırılmalı və etibarlı bərkidilməlidir; 5.27.4. dağılmadan və dayanıqlığını itirmədən saxlanmalı və istismar olunmalıdır. Həmin Qaydaların 5.44-cü bəndinə görə iş icraçısı (briqadir) hər iş növbəsi başlamazdan əvvəl, hündürlükdə işlərin təhlükəsiz təşkilinə cavabdeh işçilər isə 10 iş növbəsində bir dəfədən az olmayaraq ayaqaltılara baxış keçirirlər. Baxışın nəticələri ayaqaltıların və taxtabəndlərin qəbulu və baxışı jurnalında qeyd olunur. Həmin Qaydaların 5.45-ci ayaqaltılara baxış keçirilərkən aşağıdakılar müəyyən edilir: 5.45.1. ayaqaltıların konstruksiya elementlərində onların möhkəmliyinə və dayanıqlığına təsir edə biləcək qüsurların və zədələrin olub olmaması; 5.45.2. ayaqaltıların möhkəmliyi və dayanıqlığı; 5.45.3. lazımi hasarlanmanın olması; 5.45.4. sonrakı işlər üçün ayaqaltıların yararlı olması. İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləməklə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının mənzilində suvaq işlərinin görülməsi zamanı işçinin döşəməsi etibarlı bərkidilmiş ayaqaltının üzərində işləməsini təmin etməməsi və «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.27.3, 5.27.4, 5.44 və 5.45 bəndlərinin tələblərini pozması orada əmək müqaviləsi əsasında rəngsaz işləyən xx.xx.1971-ci il təvəllüdlü X3 yıxılaraq az ağır xəsarətlər almasına səbəb olması inzibati xəta haqqında iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbirir tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd edir; İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500(min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar