Məhkəmə qərarları › İş №3(049)-1195/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1195/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1195/2022 29.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X13, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi: X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Lənkəran rayon, Osaküçə kənd orta məktəbində texnologiya müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Məhkəmənin icraatına 29 dekabr 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X2 17 dekabr 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 29 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Lənkəran rayon Osaküçə kənd orta məktəbinin birinci mərtəbəsinin dəhlizində 11-ci sinif şagirdi Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinin cırmaqlayaraq ona xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X13 izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs və sonuncunun anası ilə münasibətləri pis olmuş, zərərçəkmiş şəxs onu doqquz dəfə döymüş, bu barədə aralarında məhkəmə çəkişməsi də olmuşdur. Onun şikayəti ilə zərərçəkmiş şəxsin anası Vüsalə Əliyeva 20 gün inzibati qaydada həbs olunmuşdur. 07 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Lənkəran rayon Osaküçə kənd orta məktəbinin birinci mərtəbəsinin dəhlizində olan zaman məktəbin 7 b sinif şagirdi Turan ona yaxınlaşaraq onu sinif otağına dəvət etmişvə o, da həmin sinifə getmişdir. Sinif otağına daxil olan zaman məktəbin şagirdi Zərərçəkmiş şəxs qapıda dayanaraq onu sinif otağına buraxmamış, anasını tutdurduğunu bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs onun saçından tutub dartmağa, boğazını sıxmağa başlamışdır. Bu zaman o qışqırmış və orada olan şagird və müəllimlər onları ayırmışlar. Hadisə zamanı onun mobil telefonu da sınmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs vurmamış, cırmaqlamamışdır. O, özünü müdafiə etmişdir. O, dini baxışlarına görə dırnaq saxlamır və buna görə də Diananın sinəsində olan cırmaq izləri ona məxsus deyil, həmçinin hadisə günü Zərərçəkmiş şəxs sinə hissəsi qapalı olan paltar geyinmişdir. Bir daha bildirir ki, o, Zərərçəkmiş şəxs vurmamış, özünü müdafiə etmişdir. Özünü təqsirli bilmir, lakin buna baxmayaraq münasibətləri normallaşdırmaq üçün Zərərçəkmiş şəxs üzr istəməyə hazırdır. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəmdəsi X3 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Lənkəran rayon Osaküçə kənd orta məktəbinin on birinci sinifində oxuyur, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin məktəbdə müəllimə işləyir. Şəxs şikayətinə görə onun anası Vüsalə Əliyeva 20 gün inzibati həbs edilmiş, eyni zamanda Şəxs facebook sosial şəbəkəsində onun barəsində xoşagəlməz məlumat yazdığına görə onun Şəxs xoşu gəlməmişdir. Şəxs yazdığı statusa görə o, məktəbdə biyabır olmuşdur. 07 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində məktəbin 7 b sinfində olan zaman sinif otağına Şəxs daxil olmuşdur. O, Şəxs görən zaman anası ilə olan ədavəti yadına düşmüş və sinif otağından çıxmağını bildirmişdir. Şəxs onu mobil telefonla çəkmək istəmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs əli ilə onun sinəsindən vurmuş, cırmaqlamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçidir, barışmaq istəmir və onun həbs edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X2 17 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 20 dekabr 2022-ci il tarixli raportdan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış sağlamlığıa zərər vurmanın təyininə dair xx.xx.2022-ci il tarixli, 1221 nömrəli ekspert rəyindən görünür ki, X8 bədəni üzərində - döş qəfəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, bər küt əşyalarla (cırmaq) vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 22 dekabr 2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Şəxs heç bir pensiya və müavinət almır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 26 dekabr 2022-ci il tarixli Şikayət, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 25 mart 2022-ci il tarixli, 154-9192-1222 nömrəli məktub, Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin 18 may 2021-ci il və 25 mart 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarından məlum olur ki, Şəxs ilə zərərçəkmiş şəxs X10 və onun qanuni nümayəndəsi X6 arasında uzun müddətdir ədavət vardır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirilir. Belə ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi zərərçəkmiş şəxsin izahatı, məhkəmə tibb ekspertiza rəyi və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə, zərərçəkmiş şəxsin izahatında göstərilənlərlə məhkəmə tibb ekspertiza rəyində müəyyən edilmiş halların üst-üstə düşəməsini nəzərə alaraq həm zrərəçəkmiş şəxsin ifadəsini, həm də məhkəmə tibb ekspertiza rəyini iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsi vurmaması, özünü müdafiə etməsi barədə izahatında göstərdiklərini iş üzrə məhkəmədə müəyyən olunan hallarla təkzib olunduğuna görə sübut növü kimi qəbul etmir və həmin izahatə özünümüdafiə xarakterli izahatı kimi qəbul edir. Məhkəmə, inzibati xəta hadisəsinin təhsil müəssisəsində baş verməsini, yəni zərərçəkmiş şəxsin təhsil aldığı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin isə təhsil tədris etdiyi yerdə baş verməsini, tərəflər arasında uzun müddətdir ədavət olmasını və hazırkı hadisə ilə bağlı zərərçəkmiş şəxsin barəsində də İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün müvafiq olaraq göndərilməsini də nəzərə alır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-in 32 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, elmi-pedoqoji fəaliyyətlə məşğul olması, habelə məhkəmə araşdırması gedişində barışığa cəhd etməsini məsuliyyəti yüngülləşdirən kimi nəzərrə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, həmçinin barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasının gedişində zərərçəkmiş şəxsdən üzr istəməsini, habelə barışığa cəhd etməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə münasibətlərini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, eyni zamanda zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbiri təyin edərkən hadisənin təhsil müəssisəsi, yəni məktəbdə baş verməsini də nəzərə alır. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar