Məhkəmə qərarları › İş №3(049)-1199/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1199/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1199/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu, Cil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Tükəvilə kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-1411/2021 saylı, 25 avqust 2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 bildirdi ki, Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-1411/2021 saylı, 25 avqust 2021ci il tarixli icra sənədini icra etməkdən yayınır. Belə ki, sözügedən icra sənədinə əsasən, xx.xx.2021-ci il tarixdən başlayaraq Əkbərova (Rüstəmzadə) Gülbahar Qalib qızından hər ay bir uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X4 verilməlidir. Borclu hazırda Gəncə şəhərində yaşayır. Borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, eləcə də onunla iki il müddətində telefon danışıqları zamanı icra sənədini icra etməsi tələb edilmiş, hüquq və vəzifələri izah edilmiş, lakin o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Ona görə də barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda tələb üzrə Şəxs 2600 manat məbləğində aliment borcu vardır. Borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, 2021-ci ilin fevral ayının 17-ə qədər anası Nəzakət Rüstəmovaya məxsus evdə keçmiş əri X6 və uşaqları 19 mart 2015-ci il təvəllüdlü X7 və 25 sentyabr 2017-ci il təvəllüdlü X8 ilə birgə yaşamışdır. xx.xx.2021-ci il tarixdə uşaqlarını anasının evində qoyaraq Gəncə şəhərinə getmiş, orada Heydər Hacıyev adlı şəxslə ailə quraraq hazırda orada yaşayır. xx.xx.2021-ci ildən hazırki tarixədək Lənkəran rayonuna gəlməmiş, uşaqlarını görməmiş, lakin anası vasitəsilə onlardan xəbərdar olmuşdur. Daha sonra öyrənmişdir ki, X6 ondan boşanmışdır. Maddi imkanı olmadığından alimenti ödəyə bilmir. Bir ildən çoxdur ki, icra məmuru Tural İsmayılov ona zəng edərək aliment ödəməyi tələb etsə də, o buna əhəmiyyət verməmiş, həmçinin həyat yoldaşı Heydər Hacıyev ona telefonla danışmağı qadağan etmişdir. 2600 manat məbləğində aliment borcu vardır. Lakin maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir. Uşaqları anası ilə birlikdə yaşayır. Həmçinin keçmiş əri də Aftandil də anasına məxsus evdə yaşayır. Heydər Hacıyev adlı şəxslə ailə münasibətlərindən xx.xx.2023-cü il tarixdə Abbas adlı uşağı doğulmuşdur. Əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşağının olmasını, maddi imkanının zəif olmasını nəzərə alıb barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X11 izahatında göstərdi ki, Şəxs onun qızıdır. X1 ilə evli olmuş, lakin xx.xx.2021-ci il tarixdə heç kimin xəbəri olmadan uşaqlarını onun evində qoyaraq Gəncə şəhərinə getmiş, orada yaşamağa başlamışdır. Gülbaharın uşaqlarına o və ataları Aftandil baxırlar. Aftandil Laçın şəhərində bərpa yenidənqurma işlərində fəhlə işləyir. Ayda bir-iki dəfə evə gələrək uşaqlarına baş çəkir, onların maddi ehtiyaclarını ödəyir. O da nənəsi kimi uşaqlarına qayğısına qalaraq, onların ehtiyaclarını qarşılayır. xx.xx.2021-ci il tarixdən hazırki vaxta qədər Gülbahar heç vaxt Lənkəran rayonuna yaşadıqları evə gəlməmiş, onunla və uşaqları ilə yalnız telefon əlaqəsi saxlamışdır. Bir neçə ay bundan əvvəl Gülbahar Gəncə şəhərində ailə qurduğu şəxsdən uşaq dünyaya gətirmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 22(049)-1411/2021 saylı, 25 avqust 2021-ci il tarixli icra sənədindən görünür ki, 19 mart 2015-ci il təvəllüdlü X7 və 25 sentyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X3 hər ay bir uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X4 verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 22(049)-1411/2021 saylı, 25 avqust 2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti X5 göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. “Borclunun axtarılması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Lənkəran rayonu, Cil kəndində qeydiyyatda olan X12 barəsində axtarış elan edilmişdir. “Elektron İcra” sistemindən Çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X15 adlı uşaq vardır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun özünün etirafedici izahatı, icra məmurunun və şahidin izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, İXM-nin 32.1.1-ci, himayəsində azyaşlı uşağının olmasını Məcəllənin 32.1.3-cü, ilk dəfə inzibati xəta törətməsini həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materialları ilə müəyyən olunur ki, Şəxs himayəsində azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini, həmçinin müvafiq qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar