Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1205/2023 18.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan şikayət verib. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli 79612 saylı akt və xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında ******* saylı protokol əsasında xx.xx.2023-cü il tarixində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə qərar qəbul edilərək barəsində 600 (altı yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Həmin inzibati protokolda və qərarda qeyd edilmişdir ki, onun tərəfindən Lənkəran rayonu Vel kəndi ərazisində dəniz kənarında qanunsuz olaraq qazıntı işləri aparılmış və istifadəsində olan "Belarus" markalı traktorla qum götürülmüşdür. Barəsində aparılan inzibati araşdırma və qərar ilə razı deyildir. Çünki o, dəniz qırağında qazıntı və yükləmə işləri aparmamışdır və idarə əməkdaşları isə qazıntı və yükləmə işlərinin aparılması zamanı onu saxlamayıb. Onu Lənkəran rayonu Vel kəndi ərazisində dəniz kənarında tanımadığı iki şəxs bel vasitəsi ona məxsus "Belarus” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı traktora qum yüklədikləri zaman saxlamışlar. İdarə əməkdaşları ona dəniz kənarında qumun daşınmasının qanunsuz olduğunu bildirdikləri zaman o, həmin qumu boşaldıb ərazidən uzaqlaşmışdır. İşin məhkəmə baxışında iştirak edən ərizəçi X4 izahatında bildirdi ki, onun mülkiyyətində "Belarus” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı traktor vardır. 15 may 2023-cü il tarixdə o, Lənkəran rayonu Vel kəndi ərazisində dəniz kənarında iki nəfər fəhlə qadınla onun traktoruna qum yükləmələri barədə razılığa gəlmişdir. Onlar traktorun yük yerinə dəniz kənarından qum doldurmuşlar. Bundan sonra ekologiya idarəsinin əməkdaşları ona yaxınlaşaraq qumu qanunsuz olaraq yüklədiyini ona bildirmişlər. Həmin ərəfədə onunla və qum yükləyən qadınlarla idarənin əməkdaşları arasında mübahisə də yaranmışdır. Bundan sonra o, traktoruna yüklənmiş qumu boşaltmış və oradan uzaqlaşmışdır. Qumu yükləməkdə məqsədi onu həyətinə aparıb şəxsi istifadəsi üçün istfadə etmək olmuşdur. Həmçinin qeyd etdi ki, mülkiyyətində olan traktorun qazıntı və yükgötürmə funksiyası yoxdur, lakin hidravlik mexanizmlə özüboşaltma funksiyası vardır. Dəniz kənaından qumun yüklənməsi ilə əlaqadar heç bir rəsmi icazəsi olmamışdır. Ərizə tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında bildirdi ki, X4 15 may 2023-cü il tarixdə Lənkəran rayonu, Vel kəndi ərazisində dəniz kənarında icazəsiz olaraq özünə məxsus olan “Belarus” markalı traktora dəniz qumu yükləmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən bu barədə müvafiq akt tərtib edilərək, protokol tərtib edilmiş və İlqar Abbasov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtməkdə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. Hadisə yerində İlqar Abbasovla idarənin əməkdaşları arasında bu barədə mübahisə də olmuşdur. Bundan sonra İlqar Abbasov traktoruna yüklədiyi dəniz qumunu boşaldaraq hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı idarə əməkdaşları tərəfindən fotoşəkillər də çəkilərək inzibati xəta haqqında araşdırma materiallarına əlavə edilmişdir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin məzmununda qeyd edilmişdir ki, “İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.” “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1.3. faydalı qazıntılar - yer qabığının maddi istehsal sahəsində istifadə edilən təbii mineral törəmələri - filiz, qeyri-filiz, inşaat materialları, yeraltı şirin, mineral, termal, texnoloji və sənaye suları, yanar (neft, qaz, daş kömür, bitium və s.) 11.1. Yerin təkindən istifadə üzrə idarəçillik müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir. İstismar isə yer təkinin istifadəçilərinin funksiyalarına aiddir. 11.6. Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılmasına dövlət nəzarəti yer təki istifadəçiləri tərəfindən mövcud qanunvericiliyə, işlərin təhlükəsiz aparılmasına, onların əhaliyə, ətraf mühitə, bina və qurğulara zərərli təsirinin qarşısının alınması və aradan qaldırılması tələblərinə riayət olunmasını təmin etmək məqsədilə həyata keçirilir. 15.1. Yerin təkindən istifadənin növləri aşağıdakılardır: 15.1.3. faydalı qazıntıların istismarı; 35.1. Yerin təkindən istifadəyə icazə bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. İş materiallarına əlavə edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X4 idarə etdiyi “Belarus” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı traktora dəniz sahilindən qanunsuz olaraq qum yükləyərkən saxlanılmışdı. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, dəniz kənarında dayanmış traktora qum yüklənmişdir və ərizəçi X4 da həmin traktorun ətrafındadır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, X4 tərəfindən 15 may 2023-cü il tarixdə Lənkəran rayonu, Vel kəndi istiqamətində dəniz kənarında “Belarus” markalı traktora qum yüklənərək, o, icazə olmadan yerin təkindən istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, X2 əməlinin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 01 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. İnzibati xəta haqqında icraat zamanı X2 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən sübuta yetirilmişdir. Ona görə də qərarın ləğvi hissəsində şikayət təmin edilməməlidir. Məhkəmə şikayətin “xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun” ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən inzibati xəta haqqında qərarlardan şikayət verilməsi, bunun qaydası, şikayətə baxılması və qərarın çıxarılması qaydaları tənzimlənmişdir. Sözügedən inzibati xəta haqqında protokoldan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığından həmin hissədə şikayətə baxılması qeyri mümkündür və geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. X4 tərəfindən verilmiş şikayət “xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi” hissəsində geri qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1205/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1205/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver