Məhkəmə qərarları › İş №3(049)-13/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-13/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-13/2023 12.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şəhərinin “Raypo” adlanan ərazisində fəaliyyət göstərən “*8333 TAXİ” xidmətinin reklamlarını açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz yayımladığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən 03 oktyabr 2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-922/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-922/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 3-(106)- 490/2022 saylı,24 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 3(049)-922/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilərək, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X6 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında sonuncunun vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, X3 İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmiş hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: İRY 000598 №-li xx.xx.2022-ci il tarixli Akt və İMG 000598 saylı xx.xx.2022-ci il tarixli göstərişdən görünür ki, Lənkəran şəhəri “Raypo” adlanan ərazidə fəaliyyət göstərən “*8333 TAXİ” xidmətinin reklamlarının açıq məkanda icazə sənədi olmadan yayımlanması X6 İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunmuşdur. Mövcud qanunvericiliyin pozuntularına dair 5 gün ərzində aradan qaldırılmalı olması tələb olunmuşdur. Əks təqdirdə İXM-nin 428.7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacağı izah olunmuşdur. Teleqramdan görünür ki, qeyd olunan göstəriş X7 tərəfindən 24 sentyabr 2022-ci il tarixdə alınmışdır. 03 oktyabr 2022-ci il tarixli 01 saylı Baxış aktından görünür ki, X6 İdarəsinin əməkdaşları tərəfindən 20 sentyabr 2022-ci il tarixli göstərişin yerinə yetirilibyetirilməməsini yoxlamaq məqsədilə baxış keçirilmiş və baxış zamanı göstərişin icra olunmadığı qanunsuz reklam yayımının dayandırılmadığı müəyyən olunmuşdur. İnternet vergi idarəsinin portalından çıxarışdan görünür ki, X1 kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. X6 İdarəsi tərəfindən İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş 03 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 kimi Lənkəran şəhəri “Raypo” adlanan ərazidə fəaliyyət göstərən “*8333 TAXİ” xidmətinin müvafiq icazə sənədləri olmadan açıq məkanda qanunsuz reklamlarını yayımladığına görə məsulliyyət daşıyır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, X3 əməlində İXM-nin 428.7.1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Belə ki, İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 17-ci maddəsinin tələbinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə «Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.» «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.2-1 və 26.2-2-ci maddələrinin tələblərinə görə Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-2-ci maddəsinə əsasən reklam yayıcısı, həmçinin: 26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; 26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi» Qaydalarının 1.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən (bundan sonra – müvafiq qurum) həyata keçirilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin Qaydaların 3.7-ci bəndinə müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İXM-nin 428.7.1-ci maddəsində açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan hüquq normalarını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, 20 sentyabr 2022-ci il tarixdə X6 İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhəri “Raypo” adlanan ərazidə fəaliyyət göstərən “*8333 TAXİ” xidmətinin reklam lövhələri reklam haqqında mövcud qanunvericiliyin pozulması ilə aşkar edilmiş, buna görə də sahibkara açıq məkanda qanunsuz reklam yayımının aradan qaldırılması ilə əlaqədar Göstəriş göndərilmiş və o, 24 sentyabrda 2022ci il tarixdə göstərişi qəbul etmişdir. Bundan sonra sahibkar tərəfindən 5 gün ərzində həmin halların aradan qaldırılıb-qaldırılmamasının yoxlanılması üçün Lənkəran şəhəri “Raypo” adlanan ərazidə fəaliyyət göstərən “*8333 TAXİ” xidmətinin reklamlarına İdarənin əməkdaşları tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, pozuntunun aradan qaldırılmadığı müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, “*8333 TAXİ” xidmətinin reklamlarını özündə əks etdirən lövhələrin sayı 1-dən artıqdır (8 fotoşəkil). Bununla da X7 reklam haqqında qanunvericiliyin yuxarıda sadalanan normalarının (maddə 26.8) tələblərini pozmaqla, İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasına görə həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X7 İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar