Məhkəmə qərarları › İş №3(049)-1303/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1303/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1303/2023 10.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsində alkoqol sərxoşluğu vəziyyətində ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X12 tərəfindən İXMnin 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, polis mayoru X12 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsində alkoqol sərxoşluğu vəziyyətində ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, çağırış üzrə əraziyə yollanmış polis əməkdaşları, Lənkəran ŞRPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri X5 və X4 qanuni tələblərinə qəsdən tabe olmayaraq ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə sərxoş vəziyyətdə yaşadığı Lənkəran rayonu, Gərmətük qəsəbəsində arvadı X7 ilə aralarında yaranmış ailə münaqişəsi zəmnində sonuncunu döymüş, evdə pencərələri, müxtəlif əşyaları sındırmış, daha sonra özü və evdə olan şəxslər DİN-in “102 xidməti zəng mərkəzi”nə məlumat vermişdir. Polis əməkdaşları yaşadığı ünvana gəldikdən sonra onu şöbəyə dəvət etmiş, o da içkili olduğundan əsəblərini cilovlaya bilməmiş, ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Əməlindən peşmandır, İİ dərəcə əlildir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə əri Şəxs ilə aralarında yaranmış ailə münaqişəsi zəmnində sonuncu onu döymüş, evdə pencərələri, müxtəlif əşyaları sındırmışdır. Daha sonra çağırış üzrə polis əməkdaşları onların yaşadığı evə və həyətə gəlmişlər. O, evdə olmuş, polis əməkdaşları ilə Anar arasında baş verənləri görməmişdir. Məhkəmə iclasında şahid X5 bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə əməliyyat-istintaq qrupunda olduğu vaxt saat təxminən 13 radələrində şöbənin növbətçi hissəsinin məsul nöcbətçisi, polis mayoru X10 rayonu, Gərmətük qəsəbəsində ailə münaqişəsi zəmnində baş vermiş hadisə ilə əlaqədar şikayət daxil olduğunu bildirmişdir. Həmin məlumat əsasında Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeyd olunan ünvana getmişlər. Ünvana çatdıqda Şəxs özünün hadisə barədə DİN-in “102 xidməti zəng mərkəzi”nə məlumat verməsinə baxmayaraq, onların üzərinə gələrək ucadan ünvansız nalayiq ifadələr işlətmiş, nizam-intizama dəvət edilməsinə rəğmən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol vermiş, daha sonra xidməti maşınla polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri X6 şahid X3 izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cı il tarixədək ƏƏSMN tabeliyində DSMFnin 1 saylı X2 İİ dərəcə əlilliyə görə pensiya alır. Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Beləliklə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsində alkoqol sərxoşluğu vəziyyətində ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədə şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar