Məhkəmə qərarları › İş №3(049)-1311/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1311/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1311/2023 27.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü və 532.1-ci maddələri ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 tərəfindən 12 iyul 2023-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 14 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində biləbilə ixtisaslaşdırılmış orqanlara yalandan məlumat vermiş, çağırış üzrə qəsdən boyun qaçırmaqla izahat verməyə gəlməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 532.1 və 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, 14 iyun 2023-cü il tarixində saat 17:00 radələrində yaşadığı evdə oğlu İkram Mahmudov içkili vəziyyətdə onu döymüşdür. Buna görə də DİNin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişdir və Şəxs ərizəsi alınmışdır. Bundan sonra ona heç bir məlumat verilməmişdir. 12 iyul 2023-cü il tarixdə o, icra nümayəndəliyinə çağırılarkən dərhal ora getmişdir və izahatı aınmışdır. Həmin vaxta qədər polis tərəfindən ona heç bir bildiriş təqdim edilməmişdir və telefon zəngi ilə də polisə çağırılmamışdır. Hətta o, müraciətinə əsasən, polisin nə vaxt müvafiq tədbir görəcəyini gözləmişdir. Bu səbəbdən də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü Maddəsinin məzmununa əsasən - bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 532.1-ci maddəsinin məzmununa əsasən - İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçısını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran Şəhər Rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 tərəfindən 12 iyul 2023-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü və 532.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 564-cü və 532.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Şəxs AR İXM-nin 564-cü və 532.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən rəsmi olaraq çağırılması sübut edilməmişdir. Bu barədə iş materiallarında heç bir sübut yoxdur. Həmçinin Şəxs məhkəmə iclasında bildirmişdir ki, “o, müraciətinə əsasən, polisin nə vaxt müvafiq tədbir görəcəyini gözləmişdir.” AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü və 532.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar