Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1352/2023 04.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: 05 iyul 2023-cü il tarixdə ** TF *** dövlət qeydiyyat nişanlı «X9 2528 yük» markalı nəqliyyat vasitəsinin sürücüsü X1 şəhəri, Hənifə Abdullayev küçəsi ilə üzü Zərifə Əliyeva küçəsi istiqamətində hərəkətdə olarkən yolun üstündən sağdan sol uzanan internet kabel xəttinin yol hərəkəti iştirakçıları üçün təhlükəli hündürlükdə olduğunu görüb avtomobilini yolu öz hərəkət hissəsində saxlamış, qəza işığını yandırdıqdan sonra nəqliyyat vasitəsindən düşüb kabel xəttini avtomobilin üzərindən keçirmək istəyən zaman həmin vaxt Zərifə Əliyeva küçəsi istiqamətində hərəkətdə olan «PAZ» markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs lazımi diqqət göstərməli olduğu halda ehtiyatsız edərək manevr və ötmə qaydalarını pozmuş və qarşı hərəkət hissəsinə keçərək yolun üstündən keçən kabel xəttinə çırpılmış və nəticədə həmin vaxt öz avtomobilindən kənarda olan X2 xəttinin onun qaş nahiyyəsinə çırpılması nəticəsində yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bununla əlaqədar olaraq Lənkəran ŞRPŞ-nin YPX inspektoru X7 tərəfindən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-nin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda isə həmin şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin konkret olaraq hansı əməldə ifadə olunması, X3 bədəni üzərində aşkar edilmiş, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlərin Şəxs tərəfindən yetirilmə üsulu öz əksini tapmamışdır. İnzibati xətalar haqqında qanunvericilikdə işə yalnız şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İnzibati xətalara dair işlərdə də inzibati xəta haqqında protokol mahiyyət etibarilə ittiham aktına bərabər sayıldığından həmin protokolda şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, protokolda qeyd edilən sübutlar əsasında baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Ancaq iş materiallarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd olunan qərarın aidiyyəti şəxslərə rəsmi qaydada çatdırılmasının təmin edilib-edilmədiyi, qərardan şikayət verilib-verilmədiyi, verilmişdirsə, şikayətin nəticəsi, şikayət vermə müddətinin başa çatıb-çatmadığı araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati materiala məhkəmədə baxılaraq qərar qəbul edilərsə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan hər hansı şəxs tərəfindən şikayət veriləcəyi və qərar ləğv olunacağı təqdirdə, Şəxs məhkəmənin qərarı ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş olacaqdır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1352/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1352/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver