Məhkəmə qərarları › İş №3(049)-1357/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1357/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1357/2023 04.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, İİ dərəcəli əlil, Lənkəran rayonunun Sütəmurdov kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510 və 266.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində Lənkəran rayonu Göyşaban kəndində yerləşən zibilliyə kənar yerləşən zibili tökməklə orada işləyən fəhlələrin ünvanına nalayiq ifadələr işlətdiyinə görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən İXM-nin 510 və 266.3-cü maddələri ilə 04 avqsut 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, ev quşlarının kəsimi və satışı ilə məşğuldur və sahibkardır. Əvvəllər Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi ilə müqaviləsi olmuş və onlar da həmin müqaviləyə əsasən ev quşlarının kəsimi zamanı yığılmış zibilləri götürüb aparmışlar. Sonradan dəfələrlə zəng etməsinə baxmayaraq zibil maşınları gəlib zibilləri aparmadığına görə özü məcbur qalıb zibilləri daşımışdır. xx.xx.2023-cü il tarixdə ona məxsus olan Foton markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınını işçi tərəfindən götürülərək Lənkəran rayonu Göyşaban kəndində yerləşən zibilxanaya zibili atmışdır. Həmin tarixdə o Bakı şəhərində olmuşdur. Heç kimin ünvanına nalayiq ifadələr işlətməmişdir. Bununla bağlı onun video çəkilişi var. Fotoşəkillər çəkilən vaxtı o zibilxanaya getməmişdir. İİ dərəcəli əlildir. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 bildirmişdir ki, 2023-cü ilin iyun ayında (tarixini və saatını dəqiq xatırlamır) Göyşaban kəndinin kənarında yerləşən zibilxanada olmuşdur. Orada başqa bir zibil maşınının sürücüsü də var idi. Şəxs həmin vaxt özünə məxsus FONT markalı yük maşını ilə yolun ortasına quş tükləri boşaldırdı. Zibil boşaltdığı yer Göyşaban kəndindən keçən şossenin 2 metrliyində yerləşir. Rüfətə həmin yerə zibil tökməməsini, həmin yerdən avtomobil yolunun olduğunu demiş, lakin Rüfət ona «əcəb edirəm» demiş, onu söyərək avtomobilinə minmiş və oradan uzaqlaşmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Lənkəran ŞRPŞ-nin arayışından görünür ki Lənkəran rayonu, Tükəvilə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir ildə heç bir inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmamışdır. DSMF-nin 1 saylı X5 Filialından verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Hüseynov X2 müddətsiz olmaqla İİ dərəcə əlilliyə görə əmək pensiyası alır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində Lənkəran rayonu Göyşaban kəndində yerləşən zibilliyə kənar yerləşən zibili tökməklə orada işləyən fəhlələrin ünvanına nalayiq ifadələr işlətdiyinə görə icimai qaydanı pozaraq xırda xuliqanlıq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində onun özünün və şahidin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, cəmiyyətin maraqlarını, eləcə də onun işləməməsini nəzərə alıb barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş « Əlilliyin müəyyən olunması meyarları»nın 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Göründüyü kimi Şəxs İİ dərəcəli, yəni orqanizmin funksiyalarının 61-80 faizinin pozulmasına görə əlildir və İXM-nin 30.2-ci maddəsinin tələbi baxımından onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi qadağan olunur. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-118-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100(bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsi üçün Lənkəran ŞRPŞ-yə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə, yaxud bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar