Məhkəmə qərarları › İş №3(049)-1380/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-1380/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-1380/2023 14.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: 12 avqust 2023-cü il tarixdə saat 09:50-də idarə etmək hüququ olmadan alkoqol sərxoşluğu vəziyyətində nəqliyyat vasitəsini idarə etdiyinə görə Lənkəran ŞRPŞ tərəfindən Şəxs barəsində İXM-nin 329.3 və 334.1-ci maddələri ilə 14 avqust 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-nin «İnzibati xəta haqqında protokol» adlanan 100-cü maddəsinə görə; 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Məhkəməyə təqdim edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun məzmunundan isə görünür ki, həmin protokol İXM-nin 100-cü maddəsində göstərilənlərə uyğun tam şəkildə tətib edilmədən məhkəməyə göndərilmişdir. Belə ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində məlumatlar (doğum tarixi, doğum yeri, yaşayış yeri və olduğu yer habelə fərdi identifikasiya nömrəsi tam şəkildə qeyd edilməmiş, yalnız şəxsin adı, soyadı və atasının adı qeyd olunmuşdur) (100.1.3), inzibati xətanın törədildiyi yer və bu xətanın mahiyyəti (inzibati xətanın törədilməsi vaxtı göstərilsə də yeri və mahiyyəti göstərilməmişdir.) (100.1.4), inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitələrin (alkotesterin) göstəriciləri, habelə istifadə onun tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar (100.1.8) göstərilməmişdir. Bundan başqa Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Muştaba Rəfiyevə İXM-də nəzərdə tutulmuş hüquqların və vəzifələrin izah edilməsi, həmçinin sonunuya inzibati xəta haqqında protokolun surəti verilib-verilməməsi, həmin hərəkətlər edildiyi halda şəxsin bunlardan imtina etməsi barədə hər hansı qeyd aparılmamışdır. Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş Muştaba Rəfiyevin izahatından görünür ki, sonuncu barəsindən tərtib edilmiş inzibati xəta haqqında protokolla, konkret olaraq alkotesterin nəticələri ilə (alkotesterin nəticələrinə görə Muştaba Rəfiyevin orqanizmində 0,416 promil alkoqol aşkar olunmuşdur) razı olmamış, 3 gün əvvəl spirtli içki qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarı ilətəsdiq edilmiş « Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları »nın 2.7-c bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Q25-001-17 №-li, 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında Təlimat»ın 4.7, 5.10, 5.11 və 8.7-ci bəndlərinə əsasən: 8.17. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 4.7. YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. 5.10. YPX inspektoru tərəfindən alkotester və narkotestr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq tətbiq edilir. 5.11. Şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Qeyd olunan hüquq normalarının tələbi baxımından məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Müştaba Rəfiyev alkotesterin nəticələri ilə razı olmadığı halda, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən hal şahidlərinin iştirakı ilə «Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol» tərtib edilməmiş, Müştaba Rəfiyev tibbi müayinəyə aparılmamış, sürücü ilə aparılmış ünsiyyətin qeyd edilməsinə dair hər hansı videogörüntü materialları inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə olunmamışdır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar