Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1399/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, inzibati protokol tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X1 və barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istehsalahatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortasını təmin etmədiyinə görə X2 Xidmətinin Lənkəran regional ərazi şöbəsi tərəfindən "xxxx" ASC-nin barəsində İXM-nin 469.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-487/2022 №-li qərarı ilə, "xxxx" ASC İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 5000(beş min) manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan qərardan "xxxx" ASC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-213/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə, şikayət təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-487/2022 №-li qərarı ləğv edilərək, iş materialları şikayətə yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati protokol tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X1 tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun çıxış edərək, "xxxx" ASC-nin İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində qanunla müəyyən edilmiş məblədə cərimə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən onun işçiləri ilə əmək müqaviləsi bağlanmış, lakin işçilərin istehsalahatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4.0.1-ci maddəsinə görə bu Qanuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. İXM-nin 469.2-ci maddəsinə əsasən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, "xxxx" ASC İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməlində İXM-nin 469.2-ci maddəsinin tərkibi olsa belə, artıq onun qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırki işin hallarından görünür ki, İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti 4 ay müəyyən olunur ki, "xxxx" ASC-nin əməlində qeyd olunan inzibati xəta xx.xx.2022-ci il tarixdə aşkar edilmiş, lakin hazırki vaxtadək 1 il 3 ay müddət keçmişdir. İnzibati xətanın bitmə anının müəyyən edilməsi işin müəyyən edilməli olan zəruri hallarından biridir. İnzibati hüquq nəzəriyyəsində müvafiq əməlin ictimai təhlükəlilik dərəcəsindən və xarakterindən asılı olaraq inzibati xəta tərkibləri 2 qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə inzibati xəta tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də inzibati xəta tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur və belə cinayət tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Yəni, maddi tərkibli inzibati xətalarda hərəkət və ya hərəkətsizliyin nəticəsi olmalıdır. Maddi tərkiblər elə tərkiblərdir ki, belə tərkiblərə inzibati xətanın obyektiv cəhətinin elementlərindən hərəkətlə (hərəkətszliklə) yanaşı, ictimai təhlükəli nəticəni də xarakterizə edən əlamət daxil olur”. Formal tərkiblərə isə “inzibati xətanın obyektiv cəhətinin elementlərindən yalnız hərəkəti və ya hərəkətsizliyi xarakterizə edən əlamətləri” daxildir. Yəni formal tərkiblərə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət, yaxud hərəkətsizlik müəyyən edilir. Nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzümu aradan qalxır. İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqd inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 135.1.5-1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin barəsində İXM-nin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1399/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1399/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver