Məhkəmə qərarları › İş №3(049)-1416/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1416/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1416/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X7, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X4 iştirakı ilə, xx xxxx 1980-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 tərəfindən 25 avqust 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)- 258/2023 saylı, 10 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs əsas borc üzrə 9843 (doqquz min səkkiz yüz qırx üç) manat və ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat tutularaq X1 ödənilməlidir. Bundan əlavə Lənkəran Rayon Məhkəməsinin 2(049)-956/2023 saylı, 11 aprel 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat tutularaq tələbkar X6 ödənilməlidir. Borclu borc tələbini icra etməkdən boyun qaçırır və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-258/2023 saylı, 10 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs əsas borc üzrə 9843 (doqquz min səkkiz yüz qırx üç) manat və ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat tutularaq X1 ödənilməlidir. Bundan əlavə Lənkəran Rayon Məhkəməsinin 2(049)-956/2023 saylı, 11 aprel 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat tutularaq tələbkar X6 ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-258/2023 saylı, 10 yanvar 2023-cü il tarixli icra sənədi üzrə icraata 12 aprel 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-956/2023 saylı, 11 aprel 2023-cü il tarixli icra sənədi üzrə icraata 05 iyun 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda faktiki olaraq işləmir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirdi ki, qeyd edilən icra sənədləri üzrə borclu olduğunu bilir. X1 icra sənədində göstəriləndən daha çox borcu olmuşdur. X2 məhkəməyə müraciət edənə qədər mütəmadi olaraq ödənişlər etmiş və borcunu azaltmışdır. Hal-hazırda işləmir. Lakin borcunu ödəmək üçün müəyyən qədər çalışır və icra sənədi üzrə göstərilən borc məbləğini yaxın zamanlarda ödəyərək yekunlaşdıracaqdır. Göstərilən halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X13 oğlu hüquqularını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində tərkib olmadığnı, maddi vəziyytətinə görə borcu ödəmək imkanı olmadığını və buna görə qərəz müəyyən edilmədiyini, bu səbəbdən də icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X8 öz izahatında bildirdi ki, borc tələbi ilə bağlı Şəxs qarşı məhkəmədə iddia qaldırdığı vaxtdan etibarən Şəxs ona heç bir məbləğdə ödəniş etməmişdir. Ümumiyyətlə isə heç vaxt onunla əlaqə saxlamamışdır. Şəxs qonşu kəndlərdən alver etsə də, onunla əlaqə saxlamamış və borcunu nə vaxt ödəyəcəyini ona bildirməmişdir. Bu səbəbdən Şəxs qanuna müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-258/2023 saylı, 10 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs əsas borc üzrə 9843 (doqquz min səkkiz yüz qırx üç) manat və ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat tutularaq X1 verilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-258/2023 saylı, 10 yanvar 2023-cü il tarixli icra sənədi üzrə icraata 12 aprel 2023-cü il tarixli qərarla başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. O tələbin könüllü icrası haqqında bildirişi imzalayaraq qəbul etmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Həmçinin Lənkəran Rayon Məhkəməsinin 2(049)-956/2023 saylı, 11 aprel 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs əsas borc üzrə 2700 (iki min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat tutularaq tələbkar X6 verilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-956/2023 saylı, 11 aprel 2023-cü il tarixli icra sənədi üzrə icraata 05 iyun 2023-cü il tarixli qərarla başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. O tələbin könüllü icrası haqqında bildirişi imzalayaraq qəbul etmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcunun icrası ilə əlaqədar olduğunu, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar