Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1422/2023 12.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.5.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının ön hissəsinin sol tərəfində mövcud olan 1 ədəd sərv cinsli ağacın inkişafdan dayanacaq dərəcədə binaya toxunan budaqlarının birtərəfli kəsildiyinə görə Şəxs MMC barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-nin 253.5.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Şəxs MMCnin nümayəndəsi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 80750 N-li aktdan görünür ki, idarənin 16 avqust 2023-cü il tarixli 00182 saylı sərəncamının icrası ilə əlaqədar olaraq ünvan 2 ünvanında vətəndaş X1 xüsusi mülkiyytəində olan 0.11818 ha torpaq sahəsində 1 ədəd 2 girişli yaşayış binası və 1 ədəd 1 girişli, 2 mərtəbəli qeyri-yaşayış binasının tikintisi ilə əlaqədar hazırlanmışlayihə sənədinə dair ETSN-nin X2 Agentliyi tərəfindən Lənkəran ŞİH verilmiş xx.xx.2023-cü il tarixli ER-22/433 saylı X2sının rəyində qeyd olunan icrası zəruri olan ekoloji tələbləri yerinə yetirilməsi vəziyyəti əməkdaşlar tərəfindən yerində araşdırılmışdır. Aparılan araşdırmada tikinti işləri aparan Şəxs MMC-nin direktoru iştirak edib. Tikinti quraşdırma işləri ünvan 2 ünvanında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2022-ci il 19 aprel qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən vətəndaş X1 icarəsində olan 0.11818 ha torpaq sahəsində yerində yetirilir. X2 Agentliyinin 1 saylı RETSİ-nin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş və 2023cü il 06 aprel tarixli 04/002 saylı akt tərtib olunmuşdur. Baxış zamanı mövcud vəziyyət üzrə tikinti aparılan sahənin azad olduğu ərazinin fərqli hissəsində 10 ədəd müxtəlif diametrli və müxtəlif cinsi ağacların tikinti altına düşmədiyi müəyyən edilmişdir. Hal-hazırda tikintidə son tamamlama işləri aparılır. Faktla bağlı Şəxs MMC-nin direktoru İnam Əliyev sözügedən ağacın budaqların tikinti prosesinə maneçilik törətdiyinə görə binaya toxunan budaqların kəsildiyini şifahi bildirdi. Beləliklə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi haaqında və yaşıllığın mühafizəsi haqqında qanunun tələblərini pozmuşdur. «Yaşıllıqların götürülməsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən: 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X2sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X2sının obyekti olan və X2sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.5. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. 13.6. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. 13.7. Bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. 13.8. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydaları»nın 2.1 və 2.4cü bəndlərindəqeyd olunur ki; 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X2sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X2sının obyekti olan və X2sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. İXM-nin 253.4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə -fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.5.1-ci maddəsinə görə Bu Məcəllənin 253.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə - fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Göründüyü kimi şəxsin əməlində İXM-nin 253.5.1-ci maddəsinin tərkibi o halda yaranır ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən şəxs meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələmiş olsun. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 253.5.1ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibat xəta haqqında protokol, tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt və işdə olan fotoşəkillərlə tam sübuta yetirilir. Belə ki, hazırki işin hallarından müəyyən olunur ki, Şəxs MMC-nin əməkdaşı tərəfindən onun xeyrinə ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının ön hissəsinin sol tərəfində mövcud olan 1 ədəd sərv cinsli ağacın inkişafdan dayanacaq dərəcədə binaya toxunan budaqlarının birtərəfli kəsilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs MMC qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, təqsirin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2.000(beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1422/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1422/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver