Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1463/2023 31.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən 31 avqust 2023-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1199/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 80 manat aliment tutularaq tələbkar Əhmədova Ülviyyə Vəkil qızına ödənilməlidir. Şəxs hal-hazıradək həmin icra sənədinə əsasən ödənişləri qismən icra edərək, tələbkara 2270 manat aliment borcu qalmışdır. Həmin hərəkətləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borclu Şəxs icra məmurlarının çağırışlarına vaxtı-vaxtında gəlmişdir. Aliment öhdəliklərini qismən icra edərək, ödəniş qəbzlərini icra mənuruna təqdim etmişdir. Tələbkar hazırda borcludan aliment borcunu tam tələb edir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1199/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə ondan tələbkarın xeyrinə bir uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 80 manat aliment kəsilmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra hər ay aliment öhdəliyini qismən də olsa yerinə yetirmişdir. Hər ay imkanı daxilində aliment ödəmişdir. Belə ki, hazırda başqa bir qadınla ailə qurmuşdur və onunla birgə nikahdan iki azyaşlı uşağı vardır. Heç bir yerdə işləmir və gəliri yoxdur. Lakin buna baxmayaraq imkanı daxilində aliment öhdəliyini ödəmişdir. İcra məmurunun bütün çağırışlarına vaxtı-vaxtında gəlmişdir. İcra məmurunun heç bir qanuni tələbini pozmamışdır. Qalan aliment borcunu da tam ödəməyə çalışır. Heç bir inzibati xətanı törətməmişdir. Bu səbəbdən də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin məzmununa əsasən, “İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs icra məmurunun bütün çağırışlarına vaxtında gəlmiş və çağırışlardan yayınmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən aliment öhdəliyi qismən aylıq olaraq həyata keçirilmişdir. Qeyd edilən faktları icra məmuru Rasim Hüseynov da məhkəmə iclasındakı izahatında təsdiq etmişdir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1463/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1463/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver