Məhkəmə qərarları › İş №3(049)-1477/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1477/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1477/2023 05.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan narazı qalan X5 şikayət ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində olan Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X4 qəbul etdiyi 30 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun 1 saylı RETSİ-nin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarla tanış olmuşdur. Həmin qərar qərəzli yazılmışdır. Qərarla razı deyil, çünki, heç vaxt İXM-nin maddələrinin tələbləri pozmamışdır. 23 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Liman şəhərində yol kənarında “Zil” markalı maşınına heç bir icazə sənədi olmadan Lənkəran rayon polis əməkdaşları tərəfindən qanunsuz protokol yazılmışdır. Belə ki, sözügedən yerdə olsa da, heç bir qanun pozuntusu etməmişdir. Lənkəran rayonu, Liman şəhəri sakinlərindən hazır formada olmuş və öz istifadəsi üçün qum götürmüşdür. Qumu maşına vurmamışdır. Yerin səthinə toxunmamışdır. Əməlində belə tərkib yoxdur. Əgər belə hal mövcud idisə niyə 1 saylı RETSİ-nin əməkdaşlarını ora dəvət etməmişlər. Bu onu göstərir ki, polis əməkdaşı öz vəzifəsində sui-istifadə etmişdir. Lənkəran rayon polis əməkdaşlarının yanında sənədlərə hüquqi savadı olmadan, oxumadan, baxmadan və tanış olmadan imza etmişdir. Həmin vaxtı hava qaranlıq olmuşdur. O, hər hansı formada ekskavatorla yerin təkində istifadə etməmişdir Əgər hər hansı qaydanı pozmuşdusa, niyə polis tərəfindən 1 saylı ekologiya idarəsinin əməkdaşlarını dəvət etməmişdilər. Burada görünür ki, Lənkəran rayon polis əməkdaşları onunla şəxsi münasibətləri olmadığından əsasız və qanunsuz akt yazılmışdır. Hesab edir ki, həmin ərazi və bu maddənin norması 1 Saylı RETSİ-nin əməkdaşlarının səlahiyyətində olan işdir. Onların orda iştirak etməməsi bır daha polislərin onunla qərəzli olmasını tam aydın göstərir. Lakin 1 Saylı RETSİ-nin əməkdaşları öz səlahiyyətlərini aşaraq inzibati qanunvericiliyə zidd olaraq xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokol əsasında qərar qəbul ediblər. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmənin 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş iclasında şikayət vermiş şəxs X5 şikayətin dəlillərinə uyğun çıxış edərək göstərmişdir ki, Lənkəran rayonu, Liman şəhəri, 3cü Xutor yaşayış massivində yaşayır. Fəhləliklə məşğuldur. Yaşadığı evə xırda təmir işləri görməkdən ötrü quma ehtiyacı olmuşdur. 23 iyul 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında çöl ərazidə içərisi qazılmış arxların kənarlarında toplanmış qumdan 60-70 bel “Zil” markalı yük maşınına yükləmişdir. Bu zaman Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları həmin yerə gələrək onu torpaq sahəsini qazmaqda təqsirli bilərək polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən həmin torpaq sahəsini qazmadığını, naməlum şəxs(lər) tərəfindən arxların təmizlənməsi məqsədi ilə qazılaraq arx kənarlarına yığılan qumdan öz ehtiyacı qədər götürdüyü bildirməsinə, həmin ərazidə arxboyu qazılmış yerlərin də olmasına baxmayaraq, onun etirazına məhəl qoyulmamış, heç bir sübut olmadan, sadəcə həmin ərazidə olmasına və qazılmış torpaq sahəsindən qumu götürməsinə görə, polis işçiləri tərəfindən heç bir araşdırma aparılmadan onun barəsində İXM-nin 243.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında da heç bir araşdırma aparılmadan, inzibati xəta hadisəsinin onun tərəfindən törədilməsinə dəlalət edən sübutlar olmadığı halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur, ona görə də ləğv edilməlidir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış şikayət vermiş şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında bildirdi ki, Lənkəran ŞRPŞ-nin Liman PB tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və materiallar təmsil etdiyi idarəyə daxil olduqdan sonra Pərviz Hüseynov barəsində 30 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərar Liman PBdə toplanmış material əsasında qəbul edilmişdir. Liman PB-də toplanaraq saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş materialda olan sənədləri məhkəməyə təqdim edir. Şikayətin təmin edilməməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə barəsində tərtib edilmiş 23 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati protokol və toplanmış sənədlər əsasında xx.xx.2023-cü il tarixdə saat 10:30-da idarədə araşdırma aparılaraq inzibati qərar çıxarılacağı, vətəndaş gəlmədiyi halda onun iştirakı olmadan müvafiq qərar qəbul edilcəyi bildirilmişdir. Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə barəsində tərtib edilmiş 23 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə olunan materiallar aidiyyəti üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 23 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə barəsində tərtib edilmiş, protokolda həmin faktın raport və toplanmış materialla təsdiq edildiyi qeyd olunmuşdur. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. Məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticə əsassızdır. Belə ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan X1 şikayətində göstərdiyi dəlillərə qiymət vermədən, inzibati tənbehin verilməsi üçün əsas olan halları tam və hərtərəfli araşdırmadan yanlış olaraq yekun nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında həmin qərarın Lənkəran ŞRPŞ-nin Liman PB-dən daxil olmuş material əsasında qəbul edildiyini bildirərək, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Liman PB-dən təmsil etdiyi idarəyə təqdim edilmiş metarialları təqdim etmişdir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 23 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda həmin faktın raport və toplanmış materialla təsdiq edildiyi qeyd olunmuşdur. Lakin, Liman PB-nin idarəyə təqdim etdiyi toplanmış materialda X1 Lənkəran rayonu, Liman şəhəri ərazisində 23 iyul 2023-cü il tarixdə torpaq sahəsini qazaraq öz istifadəsi üçün yük avtomobilinə yükləməsi ilə bağlı heç bir mötəbər sübut (foto və video görüntü və s.) əlavə edilməmişdir. Eyni zamanda, şikayətçi Pərviz Hüseynov yaşadığı evə xırda təmir işləri görməkdən ötrü quma ehtiyacı olduğu üçün 23 iyul 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında çöl ərazidə içərisi qazılmış arxların kənarlarında toplanmış qumdan 60-70 bel “Zil” markalı yük maşınına yüklədiyi üçün polis işçiləri tərəfindən polis bölməsinə aparıldıqdan sonra orada həmin torpaq sahəsini qazmadığını, naməlum şəxs(lər) tərəfindən arxların təmizlənməsi məqsədi ilə qazılaraq arx kənarlarına yığılan qumdan öz ehtiyacı qədər götürdüyü bildirməsinə, həmin ərazidə arxboyu qazılmış yerlərin də olmasına baxmayaraq, həmin dəlillərə qiymət verilmədən, barəsində inzibati protokol tərtib edilmiş, onun təqsirli olması mötəbər və təkzibolunmaz sübutlarla təsdiq edilmədiyi halda, polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokolla əlaqədar heç bir araşdırma aparmadan onun barəsində 30 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan işin əhəmiyyətli hallarını nəzərdən qaçırmış və araşdırmanı tam və hərtərəfli aparmadan qərar qəbul etmişdir. Belə olan halda, yenidən araşdırma zamanı inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən Lənkəran rayonu, Liman şəhəri ərazisində yerləşən sözügedən torpaq sahəsinin mülkiyyətçi(lər)si müəyyənləşdirməli, həmin şəxs(lər)in izahatı alınmalı, torpaq sahəsinin hansı məqsədlə kim(lər) tərəfindən qazılması, həmçinin torpaq sahəsinin qazılmasını görə biləcək mümkün şəxslərin dairəsi müəyyən edilməli, zərurət olduğu halda həmin halların araşdırılmasından ötrü ərazi icra nümayəndəliyi və bələdiyyənin aidiyyəti şəxsləri aparılacaq araşdırmaya cəlb edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə müvafiq sorğu məktubu ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi müraciət edilərək Pərviz Hüseynov barəsində 30 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutların (foto və videogörüntü materiallarının) məhkəməyə təqdim edilməsi təklif edilmiş, idarə tərəfindən məhkəməyə Liman PB-də toplanmış materiallar 05 oktyabr 2023-cü il tarixdə təqdim edilmişdir. Həmin materiallarda isə Pərviz Hüseynova istinad olunan inzibati xəta haqqında əməlin onun tərəfindən törədilməsinə dəlalət edən heç bir mötəbər sübuta rast gəlinməmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının tələbini rəhbər tutuaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana qərarın qəbul edilməsinə əsas olan sübutların, yəni X5 tərəfindən 23 iyul 2023-cü il tarixdə Lənkəran rayonu, Liman şəhəri ərazisində yol kənarında “ZİL” markalı yük maşınına heç bir icazə sənədi olmadan qanunsuz olaraq yerin təkini qazaraq qum yükləməsini təsdiq edən video və foto görüntülərin məhkəməyə təqdim edilməsi təklif olsunda da, həmin sübutlar məhkəməyə təqdim edilmədiyindən və həmin halın sübuta yetirilməsi (sübut etmə yükü) inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyəti orqanın üzərinə düşdüyündən Pərviz Hüseynovun İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalı və qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İdarəsinin 30 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar