Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1498/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, protokolu tərtib etmiş Lənkəran RŞPŞ-nin YPX-nin inspektoru X1, barəsində protokol tərtib edilmiş Şəxs, onun müdafiəçisi Vəkil, iştirakı ilə xx.xx.1992-ci il tarixdə Masallı rayonu, Abasbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Kontact Hom”da sürücü işləyən, Masallı rayonu, Abasbəyli kəndində kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 333.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X7 icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında 08 dekabr 2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İXP ******* №-li xx.xx.2023-cü il tarixli X7 protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11.15-də «VAZ 21093 Minik» markalı **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sərxoş halında idarə etdiyinə görə sonuncunun barəsində İXM-nin 333.1-1-ci maddəsi ilə tərtib edilərək baxılması üçün xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında protokolu tərtib etmiş Lənkəran RŞPŞ-nin YPX-nin inspektoru X2 göstərmişdir ki, hadisənin nə vaxt olması tam yadında deyil. Sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə ona saxla işarəsi vermiş, sürücü də avtomobilini saxlamışdır. Sürücü ilə söhbət etdiyi zaman onun özünü qəribə aparması onda şübhə yaratmış, və o, odan içkili olub-olmadığını soruşmuşdur. Cavabında sürücü özünün içkili olmadığını bildirmişdir. O, sərxoşluğu müainə etmək istəyərkən sürücü bundan imtina edərək razı olmamışdır. Buna görə də o, onu şöbəyə gətirmiş, şöbənin inzibati binasında, otaqların birində onu alkotestrnən müainə etmişlər. Müainə zamanı sürücüdə yüngül dərəcədə sərxoşluq müəyyən olunmuşdur. Şöbədə o, avtomobilin idarə etməsindən kənarlaşdıraraq ondan təhvil alınmış, bu zaman protokol və akt tərtib olunmuş, daha sonra duracağa yerləşdirilmişdir. Sonradan avtomobil ona təhvil verilərək qaytarılmışdır. Həmin avtomobili onlar deyil, inzibatçı qaytarmışdır. Avtomobili idarə etməkdən kənarlaşdırma protokolunu sürücü özü imzalayıb. Sürücü şöbədə cəmi bir dəfə alkotestrnən müainə edilib. Məhkəmədən protokoun təmin olunmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasında ondan Şəxs barəsində vidoyazının və səs yazısının məhkəməyə təqdim olunması tələb olunmuş, o, vidoyazı və səs yazısını məhkəməyə təqdim edə bilməmişdir. Protokolun təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə burtaxmışdır. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü avtomobildə tək olmuşdur. Həmin gün o, içki qəbul etməmişdir. O, nə qədər təkid etsə də inspektor onun sərxoşluğunu yoxlamaq üçün onu narkoloji xəstəxanaya aparmamışdır. Bunun əvəzində isə onu polis şöbəsinin inzibati binasında apararaq orada alkotestrnən yoxlamışlar, alkotestr yüngül dərəcə sərxoş olduğunu göstərmişdir. Orada ona bildirmişlər ki, onu sürücülük hüququndan məhrum edəcəklər. 03 saat onu şöbədə saxlamışlar. Ona heç su da vermirməmişlər ki, içsin. Şöbədə saxlanılakən orada bir polis nəfərinə tapşırmışlar ki, ona nəzarət etsin. Onu şöbədən buraxdıqdan sonra avtomobilini ona qaytarmışlar və o, həmin avtomobildə narkoloji xəstənaya gedib orada test vermiş, testdə təmiz çıxaraq sərxoşluğu aşkar olunmamışdır. Polisdən müəyyən qurumlara şikayətlər etmiş, teleqram vurmuşdur. Məhkəmədən inzibati iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Bundan əlavə olaraq o, məhkəməyə yazılı şəkildə şikayət ərizəsi ünvanlayaraq şikyətində qeyd etmişdir ki, mülkiyyətində olan ** KY *** dövlət qeydiyyat nişanlı, xetçbek markalı, safari rəngli, “VAZ 21093 minik” avtomobilində Lənkəran şəhəri, Ləvəngi dairəsindən Şəhidlər dairəsi istiqamətində hərəkətdə olarkən Lənkəran Rayon Polis X9 Polis Bölməsinin soyadını, atasının adını, rütbəsini, xidməti vəsiqəsini ona təqdim etməyən, sonradan adını öyrəndiyi Mirtağı adlı əməkdaşı sözügedən avtomobili idarə etdiyi vaxt dayandırma işarəsi verərək saxlatdırmışdır. Polis əməkdaşı Mirtağı ona yaxınlaşıb sənədlərinin qaydasında olub-olmamasını soruşmuşdur. O da sənədlərinin qaydasında olduğunu bildirmişdir. Sənədləri tələb etmiş, o da əminliklə onları ona təqdim etmişdir. Sənədləri aldıqdan sonra içkili olub-olmadığını soruşmuşdur. Bildirmişdir ki, işkili deyil və ümumiyyətlə içki içən deyildir. Alkotestr etməyini bildirəndə o, etiraz etməmiş və həkimə getmək istədiyini bildirmişdir. O, isə tamamilə birtərəfli qaydada işi aparmaq üçün məcburi formada onu polis şöbəsinə aparmışdır. O, heç bir hərəkət etməmişdir ki, polisə müqavimət kimi qiymətləndirilsin. Bundan sonra avtomobili orada qsaxlayıb onu şöbəyə aparmışlar. Sonra isə özləri gedib avtomobilini şöbəyə gətirmişlər. Polis şöbəsində hərə bir yandan ona hədə sözləri ilə üstünə gəlmişlər. Ən qatı cinayətkar kimi onunla rəftar etmişlər. Onu özləri öz aparalarında heç bir şahid olmadan alkotest etdirmişlər. Onun iradəsinin ziddinə hərəkət edərək, qanunla qorunan hüquqlarını pozmuşlar. Bir neçə saat onu qanunsuz olaraq şöbədə bir otaqda dustaq kimi saxlamışlar. Beləliklə onu məcburi surətdə onların dediklərini etməyinə nail olmuşlar. Otaqdan buraxanda da şöbənin həyətindəki qapıçıya da tapşırmışlar ki, onu çölə buraxmasın. Beləliklə, 15:00-da oradan azadlığa çıxmışdır. Sənədlərini, sürücülük vəsiqəsi istisna olmaqla ona qaytarmışlar. Oradan çıxan kimi ** KY *** nömrəli avtomobil 400 manat cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixdə, saat 15:11-də ona SMS gəlmişdir. O, təcili Lənkəran Şəhər Narkoloji Xəstəxanasına müraciət edib “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsindən xx.xx.2023-cü il tarixdə, saat 15:30-da keçərək 0 % nəticəsi ilə 001690 nömrəli Akt tərtib edilmişdir. Polis əməkdaşı tərtib etdiyi protokolda vaxtlarda onun alkaqollu içki içməyini qeyd edir. Polis əməkdaşı onu polis şöbəsindən buraxanda maşını ona təhvil vermişdir. Yalnız sürücülük vəsiqəsini bölmədə saxlamışdır. Polisin bu hərəkəti də şübhəlidir. Belə ki, əgər o, sərxoş olmuşsa, avtomaşın polis şöbəsində saxlanılmalı idi. Polis əməkdaşı özü də yaxşı bilirdi ki, o, həmin vaxtı sərxoş olmamış, heç bir alkoqollu içki qəbul etməmişdir. Odur ki, Lənkəran Rayon Polis X9 Polis Bölməsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində tərtib edilmiş X7 protokolu etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında şahid qismində izahat vermiş narkolog X5 göstərmişdir ki, Şəxs narkoloji xəstəxanaya gələrək sərxoşluğunu yoxlamaq istədiyini bildirmişdir. O, onun müainə etdikdən sonra Şəxs sərxoşluğu aşkar etməmişdir. Əlavə olaraq göstərdi ki, normativlərə görə 01 saat ərzində insanın orqanizimində alkogolun miqdarı 0,15 promill azalır. Səhər verilmiş test ilə günün ikinci yarısnda verilmiş test arasında 04 saatdan çox vaxt olub. Səhər verdiyi tesdən 04 saat keçdiyi və 0,60 promill azalma olduğu üçün onda test verən zaman Şəxs sərxoşluğu aşkar edilməmişdir. İclas iştirakçılarının izahatını dinləyib, X7 protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin protokol tərtib edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının bir çox tələbləri pozulmuşdur. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Lakin məhkəmə iclasında Lənkəran RŞPŞ-nin YPX-nin inspektoru X2 tərəfindən təqdim edilmiş və mobil telefonla aparılmış görüntüləri özündə əks etdirən diskdən görünür ki, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 1 nüsxədə tərtib olunmuş və həmin şəxsə protokolun surəti təqdim edilməmişdir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə qeyd edir ki, materiala “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” xx.xx.2023-cü il tarixli protokol əlavə edilsə də, həmin protokol formal olaraq, görüntü üçün tərtib edilmişdir. Belə ki, həmin protokolla əlaqədar Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış və ekpertiza tədqiqatının dəyəri 127 manat olan məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/1792 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli protokolda “Protokolun surətini aldım Şəxs” sözlərinin qarşısındakı imza-Şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu hal ona dəlalət edir ki, Şəxs alkotestrin nəticəsindən narazı qalsa da, o, tibbi müayinəyə göndərilməli olduğu halda, göndərilməmiş, həmin protokol sonradan tərib edilmişdir. Bundan əlavə Şəxs sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən İXM-nin 69.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Lakin Şəxs sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcbur olunduğu halda, onların iştirakı təmin edilməmişdir. Bundan əlavə protokola video və səs yazısı əks olunan disk əlavə olunmalı olduğu halda, protokolu tərtib etmiş şəxs qanunda nəzərdə tutulmayan mobil telefonu ilə aparılmış görüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin görüntüləri, qanuna zidd yolla əldə olunduğundan, sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində X7 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X7 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, Şəxs yüngül dərəcədə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsində şübhələr olsa da, yuxarıda qeyd olunmuş İXM-nin 69.2 və “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının bir neçə bəndinə riayət olunmadığından o, təqsirsiz nesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X7 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X7 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və hazırkı iş üzrə Şəxs əməlində qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta tərkibi olmadığına görə hesab edirəm ki, onun barəsində X7 iş üzrə icraata xitam verilməli, ekspertiza tədqiqatının dəyəri olan 127 manat dövlətə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X7 iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 127 manat dövlətə aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(049)-1498/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1498/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver