Məhkəmə qərarları › İş №3(049)-15/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-15/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-15/2024 01.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən 19 dekabr 2023-cü il tarixdə Şəxs barəsində EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, "xxxx" MMC 27450.00 ABŞ dolları məbləğində vəsaiti 26 noyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 27450.00 ABŞ dolları məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 27 noyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankı və Şəxs lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, Şəxs MMC-də mühasib vəzifəsində işləyir. "xxxx" MMC tərəfindən 26 noyabr 2021-ci il tarixdə xaricə köçürmüş 27.450.00 ABŞ dollarına dair mallar ölkə ərazisinə idxal edilmişdir. Bu barədə rəsmi olaraq gömrük bəyannamələri mövcuddur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC ilə X1 İNS.TEKS.SAN.İC VE DİS TİC.LTD.STİ arasında bağlanmış 19 sentyabr 2021-ci il tarixli, 1009/21 saylı müqavilədən görünür ki, həmin müqavilənin şərtlərinə əsasən, tərəflər arasında müxtəlif çeşiddə olan olan malların satışına dair razılığa gəlinmişdir. Satıcı (ikinci tərəf) tərəfindən 27.450 ABŞ dolları vəsaitin köçürülməsi ilə əlaqadar alıcıya hesab-faktura təqdim edilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin “Buta” filialı vasitəsilə xx.xx.2021-ci il tarixdə 1009/21 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “X1 İnş. Teks. San. İç ve Dış Tic. LTD ŞTİ”-nin hesabına ödənilmiş 27.450 ABŞ dolları vəsait köçürülmüşdür. Məhkəmə sorğusu əsasında əldə edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" ASCnin RB-02/227 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2021 -ci il tarixində X1 İNS.TEKS.SAN.İC VE DİS TİC.LTD.STİ 27450 USD (iyirmi yeddi min dörd yüz əlli ABŞ dollar) köçürülmüş vəsait xx.xx.2023 tarixində **********0646 saylı bəyannamə ilə 12379.72 USD və **********9631 saylı bəyannamə ilə 15070.28 USD "xxxx" ASC tərəfindən bağlanılmışdır.” **********9631 nömrəli xx.xx.2022-ci il tarixli və **********0646 nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, 100921 nömrəli, xx.xx.2021-ci il il tarixli müqaviləyə əsasən, X1 İNS.TEKS.SAN.İC VE DİS TİC.LTD.STİ-nin tapşırığı ilə mallar Azərbaycan Respublikasına idxal edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən 19 dekabr 2023-cü il tarixdə tərtib edilmiş EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilmişdir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş sənədlərlə və hazırki məhkəmə araşdırması ilə nəticə etibarilə müəyyən olundu ki, Şəxs MMC tərəfindən 1009/21 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “X1 İnş. Teks. San. İç ve Dış Tic. LTD ŞTİ”-nin hesabına ödənilmiş 27.450 ABŞ dolları vəsaitə dair mallar Azərbaycan Respublikasına idxal edilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş məktubla da bu fakt təsdiqlənmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki,: bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən tərtib edilmiş 19 dekabr 2023-cü il tarixli, EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən əmələ görə inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar