Məhkəmə qərarları › İş №3(049)-1504/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1504/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1504/2023 11.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X2 barəsində Bakı şəhəri DYPİ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsi ilə tərtib edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Asif Babayev tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 şikayət verərək, Bakı şəhəri DYPİ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan “Ford Explorer” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi ilə hərəkətdə olarkən YPX inspektoru onu saxlayaraq bildirmişdir ki, guya o, svetoforun yaşıl işıqdan sarı işığa keçərkən sarı işıqda hərəkətini davam etdirib inzibati xəta törətmişdir. O, YPX inspektoruna inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığını və etiraz bildirməyinə baxmayaraq YPX əməkdaşı qanunvericiliyin tələblərinin kobud surətdə pozaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmışdır. Hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Heç bir inzibati xəta törətməmiş, qeyd edilən halları avtomaşınında olan şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, X4 məxsus “Ford Explorer” markalı, **-ME-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi ilə hərəkətdə olarkən Hikmət Əsədov idarə etdiyi nəqliyyat vasitəsi ilə svetoforun yaşıl işığı yanıb-sönüb sarı işığa keçərkən hərəkət etmişdir. Həmin vaxt nəqliyyat vasitəsində digər sərnişin X6 da olmuşdur. Onlar bir qədər hərəkət etdikdən sonra YPX avtomobili arxadan səs və işıq siqnalı ilə onlara saxla işarəsi verdiyi üçün, Hikmət Əsədov idarə etdiyi avtomobili yolun sağ hissəsinə çəkərək saxlamışdır. YPX inspektoru H.Əsədova işıqforun qırmızı işığında keçdiyini bildirərək onun barəsində protokol tərtib ediləcəyini bildirmiş, H.Əsədov isə buna etiraz edərək işıqforu qırmızı işıqda deyil, işıqforun yaşıl işığı sayrışıb sarı işığa keçərkən hərəkət etdiyini, bunun əksini sübut edəcək foto və videogörüntünün ona təqdim edilməsini YPX inspektorundan xahiş etmiş, lakin sonuncu H.Əsədovun etirazına əhəmiyyət verməyək onun barəsində tənbeh qərarı qəbul etmişdir. Onlar YPX inspektorundan uzaqlaşdıqdan qısa müddət sonra H.Əsədovun istifadəsində olan mobil telefona cərimə olunması ilə bağlı SMS bildiriş gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X3 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli şəxs – Bakı şəhəri DYPİ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 məhkəmə iclasına gəlməmiş, eyni zamanda xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Bakı şəhəri DYPİ-yə, həmçinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarından olan TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə saat 23:39-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsində “Ford Explorer” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsindən görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun svetofor siqnallarının mənalarından bəhs edən 59-cu maddəsinin 3-cü hissəsinin 1-6-cı bəndlərində qeyd olunmuşdur ki, 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Qeyd olunan Qanunun 59-cu maddəsinin 3-cü hissəsinin 2-4-cü bəndlərinin tələblərindən görünür ki, yaşıl rəngli işığın yanıb-sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər). Sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir. Eyni zamanda həmin maddənin müvafiq hissəsinin 5-6-cı bəndlərində qeyd olunur ki, qırmızı rəngli işığın yanması və ya yanıbsönməsi — bu siqnal hərəkəti qadağan edir, qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. İXM-nin 53.1 və 53.1.1-ci maddələrinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Hikmət Əsədovun əməlində İXM-nin 327.2-ci maddəsinin tərkibinin mövcudluğu ilə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının tələbini rəhbər tutuaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana qərarın qəbul edilməsinə əsas olan sübutların, yəni X2 xx.xx.2023-cü il tarixdə saat 23:39-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsində “Ford Explorer” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsini təsdiq edən video və foto görüntülərin məhkəməyə təqdim edilməsi təklif olsunda da, həmin sübutlar məhkəməyə təqdim edilmədiyindən və həmin halın sübuta yetirilməsi (sübut etmə yükü) inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyəti orqanın üzərinə düşdüyündən Hikmət Əsədovun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Şəxsin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin tərkib elementlərindən obyektə aid olan inzibati xəta hadisəsinin mövcudluğu barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən mübahisələndirilmiş, həmin halın mövcudluğunun sübuta yetirilməsi inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir ki, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, İXM-nin 327.2-ci maddəsi ilə barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 əməlində inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin. X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar