Məhkəmə qərarları › İş №3(049)-159/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-159/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-159/2025 10.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu, İstisu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə evli və bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2435/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, ailəlidir və himayəsində bir azyaşlı övladı var. Həyat yoldaşı əməliyyat olunub. Borcu ödəməkdən imtina etmir, lakin ödəmək üçün pulu yoxdur. Oğlunun babası 2-3 aya nəvəsi üçün kiçiy toy edib yığılan pulla həmin borcu bağlayacaqdır. 08 fevral 2025-ci il tarixdə Bakı şəhərində, metropolitendə saat 11:10-da saxlanılaraq şöbəyə gətirilmişdir. Əlilliyi yoxdur, özünü təqsirli bilir, əməlindən peşimandır. Barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə bildirmişdir ki, Şəxs Lənkəran Rayon Məhkəməsi tərəfindən e-2(049)- 2435/2024 saylı icra sənədini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam olaraq icra etməmişdir. Buna görə də onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş və 08 fevral 2025-ci il tarixdə, saat 11:10-da tutularaq 10 fevral 2025-ci il tarixdə onlara təhvil verilmişdir. Şəxs barəsində inzibati tənbeh növündə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(049)-2435/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 6599.70 manat məbləğində borc və 86.40 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-nin xeyrinə verilməsi qət edilib. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon İcra və Probasiya Şöəbsində, xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(049)-2435/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarılması haqqında qərardan görünür ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən X1 barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmişdir. Lənkəran ŞRPŞ tərəfindən təqdim olunana arayışdan görünür ki, Şəxs 08.202.25-ci il tarixdə, saat 11:10-da Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində saxlanılmış və xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ tərəfindən aidiyyəti üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, X1 heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini tam olaraq yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən tam icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 fevral 2025-cü il tarix, saat 11:10-dan hesablansın. Həbsin sonu 18 fevral 2025-cü il tarix, saat 11:10 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar