Məhkəmə qərarları › İş №3(049)-16/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-16/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-16/2023 11.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 və onun vəkili Vəkil, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 ilə, "xxxx" MMC-nin barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 228-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Lənkəran rayonunda yerləşən «Lənkərançay-2» yatağında dağ mədən ayırma aktı olmadan qanunsuz qum-çınqıl hasilatı həyata keçirdiyinə görə "xxxx" MMC barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-nin 228-ci maddəsi ilə MN seriyalı, ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmədə izahat verərək bildirmişdir ki, tərtib edilmiş protokol əsassızdır. Belə ki, həmin qum-çınqıl hasilatı "xxxx" MMC tərəfindən aparılmamışdır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 vəkili X2 çıxış edərək, bildirmişdir ki, tərtib edilmiş protokol əsassızdır. "xxxx" MMC tərəfindən hər hansı qum-çınqıl hasilatı aparılmamışdır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X7 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edib, protokolda və tərtib edilmiş xx.xx.2022-ci il tarixli 000073 №-li Aktda qeyd olunalara uyğun izahat vermiş və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 000073 №-li Aktdan və fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyini 2109.2022-ci il tarixli 95110 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Lənkərançay-2 qum çınqıl yatağına baxış keçirilən zaman "xxxx" MMC tərəfindən qanunsuz olaraq qum-çıqıl hasilatı aparıldığı aşkar edilmişdir. Hüquqi əxsin təsisçisi X5 yazılı izahat verərək, hasilatın "xxxx" MMC tərəfindən aparıldığını bildirdi. Əraziyə baxış zamanı yeni qazıntı işlri aparılmış sahə emal olunmuş xammal, texnika və avadanlıq da aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin hasilatın aparılmasına icazə verən «dağ mədən ayırması aktı» yoxdur, "xxxx" MMC tərəfindən X- 210063, Y-42877549, X-310079, Y-4287880, X-310051, Y-4287452, X-310042, Y- 4287556 koordinatları daxilində 2205 m2 sahədə orta istismar dərinliyi 1,5 metr olmaqla 3307 m3 həcmdə qanunsuz qum-çınqıl hasilatı aparılmışdır. Beləliklə müəyyən olunur ki, «Dağ mədən ayırma aktı» olmadan qanunsuz olaraq qum-çınqıl hasilatı aparmaqla "xxxx" MMC təəfindən «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10, 21 və 46-cı maddələrinin tələbləri pozulmuşdur. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən: Yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında «Dağ-mədən ayırması» statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlərin texniki layihəsi və «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlandıqdan, ona müəyyən olunmuş qaydada dövlət ekspertizasının müsbət rəyi alındıqdan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırıldıqdan sonra dağ-mədən ayırmasının dəqiqləşdirilmiş hüdudlarını müəyyənləşdirən sənədlər (sahənin hüdudlarının koordinatlar cədvəli, planı və səciyyəvi kəsilişlər) dağ-mədən ayırması statusuna daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinə geoloji və hidrogeoloji əsaslandırma məlumatları da əlavə edilməlidir. Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. Bu sahədə fəaliyyət zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır. Bu sahədə fəaliyyətə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur. Geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə dağ-mədən ayırması statusunun verilməsi tələb olunmur. Bu sahələrə bu Qanun və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geoloji ayırma statusu verilir. Geoloji öyrənilmə üçün verilən yer təki sahəsinin hüdudları daxilində, eyni zamanda yer təkinin bir neçə istifadəçisi müəyyən olunmuş qaydada iş apara bilər. Onların qarşılıqlı münasibətləri yerin təki istifadəyə verilərkən müəyyən edilir. Dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə görə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin Qanunun 46-cı maddəsinə əsasən: Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar: yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa; yerin təkindən özbaşına istifadə edilərsə; yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa; yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə; geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa; faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa; yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə; yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə; yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa; ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə; yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə; yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməzsə. Yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır. İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi şəxsin əməlində İXM-nin 228-ci maddəsinin tərkibi o halda yaranır ki, şəxs müvafiq icazə olmadan, yaxud da verilmiş icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmiş olsun. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin əməlində İXM-nin 228-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibat xəta haqqında protokol, tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt və işdə olan fotoşəkillərlə tam sübuta yetirilir. Belə ki, hazırki işin hallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən Lənkəran rayonunda yerləşən «Lənkərançay-2» yatağında «dağ mədən ayırması statusu» olmadan qanunsuz qum-çınqıl hasilatı həyata keçirmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, "xxxx" MMC qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, təqsirin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 5.000(beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar