Məhkəmə qərarları › İş №3(049)-1638/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1638/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1638/2023 26.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib edilçiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 2023-cü ilin may və iyun aylarında Liman şəhər sakini Zərərçəkmiş şəxs aldadaraq 488 manat pulunu alıb götürdüyünə görə Şəxs barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Cavid Həsənli tərəfindən İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında 26 oktyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda göstərilən inzibati xəta haqqında protokol üzrə ona istinad edilən əməlin törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən 5 ilə yaxın müddətdir ki, Liman şəhər sakini Zərərçəkmiş şəxs tanıyır, onunla tanışlığı var. 2023-cü ilin may ayında İlhamla görüşüb söhbət etdiyləri zaman o ona əvvəllər mühafizəçi kimi işlədiyi və işdən çıxarıldığı Lənkəran Dövlət Universitetini təzminat tələbi ilə bağlı məhkəməyə vermiş, işinə hazırda Ali Məhkəmədə baxılır. O da Ali məhkəmədə hakim tanışı olduğunu, onun vasitəsilə onun xeyrinə qərar qəbul etdirə biləcəyini dedi. İlham da ona hakim tanışının olduğu təqdirdə ona kömək etməyini istədi. İlhama bu işlə əlaqədar müəyyən miqdarda pul ödəməli olacağını dedi. İlham da razılaşdı. Lakin İlham ona maddi vəziyyətinə görə çox pul ödəməyə imkanı olmayacağını bildirdi. Bu səbəbdən də İlhamın pulu olduqca onun kart hesabına pul köçürməsi və o həmin pulları saxlayıb məhkəmədə lazım olduqda lazımı şəxslərə verəcəyiylə bağlı razılaşdı. O qabaqcadan İlhama ona nə qədər pul verməli olduğunu demədi, özü də nə qədər pul alacağını düşünmədi. 2023-cü ilin may və iyun ayları ərzində də İlham ona məxsus kart hesablarına bir neçə dəfəyə ümumilikdə 238 manat pul köçürtdü. İlham 2023-cü ilin iyun ayının əvvəllərində Lənkəran şhəərində Mərkəzi Bazar ərazisində görüşdükləri zaman 150 manat pulu da nağd şəkildə ona verdi. Beləliklə İlham ona 488 manat pul vermiş oldu. Lakin o İlhamdan aldığı pulları özünə xərclədi, onun üçün heç bir iş görmədi. 2023-cü ilin iyul ayının əvvəllərində İlham söz verdiyi kimi məhkəmədə onun xeyrinə heç bir iş görmədiyini görüb ondan 488 manat pulu geri qaytarmağı istədi. Lakin onun maddi imkanın pis olduğuna görə İlhamın 488 manat pulunu geri verə bilmədi. İnzibati xəta haqqında protokolda yazılanlarla razıdır. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilir. Əlilliyi yoxdur. Epilesiya xəstəsidir, tez tez tutmaları olur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o 2023-cü ilin may və iyun ayları ərzində bir neçə dəfə Elçinin dediyi məbləğlərdə ona bank hesabına hissə-hissə olmaqla ümumilikdə 238 manat pul köçürdüb. Sonuncu dəfə 2023-cü ilin iyul ayının əvvəlində Lənkəran şəhərində Mərkəzi bazar ərazisində Elçinlə görüşdükdə ona 150 manat da pul verməli olduğunu dedi və o da həmin məbləğdə pulu ona verdi. Elçinə ümumilikdə 488 manat pul verməyinə baxmayaraq o onun üçün heç bir iş görmədi. Elçin 2023-cü ilin iyul ayının 42-nə kimi ona müxtəlif yalanlar deməklə vax uzatdı. 24 iyul 2023cü il tarixdə Elçinlə sonuncu dəfə əlaqə saxladıqda onun onu aldatdığını, 488 manat pulunu dələduzluq yolu ilə ələ keçirtdiyini başa düşdü. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir, onlara dəymiş ziyan ödənilməmişdir, ona görə də Mirkamal Mirzadənin həbs edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, zərər çəkmiş şəxsin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əmlakları talamış şəxsin və ya şəxslərin barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarların surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin arayışından görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin izahatını, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, zərərçəkmişə dəymiş ziyanı aradan qaldırmamasını və onlarla barışığa nail olmamasını, bu baxımdan cəmiyyətin maraqlarını nəzərə alıb barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25(iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 26 oktyabr 2023-cü il tarixdən saat 15:13-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə, yaxud bilavastiə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar