Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1641/2023 13.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MTK-da elektrik sistemləri üzrə mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran ŞRPŞ-nin YPX inspektoru, polis serjantı X2 tərəfindən tərtb edilmiş İXP ******* №-li xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:58 radələrində «RANGE ROVER SPORT» minik markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, «RANGE ROVER SPORT» minik markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsindədir. xx.xx.2023-cü il tarixdə işləri ilə əlaqədar Lənkəran şəhərində gəlmiş, həmin gün saat 11 radələrində yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Ona sərxoş vəziyyətdə avtomobil idarə etdiyi bildirilmiş, lakin hər hansı spirtli içki qəbul etməmişdir. Onun spirtli içki qəbul edib-etməməsi alkotesterlə yoxlanmış, yoxlama zamanı ağızlığın dəyişdirilməsini tələb etsə də, polis əməkdaşları ağızlığı dəyişdirməmiş, əvvəlki ağızlıqla onu üfürməyə məcbur etmişlər. Yoxlamadan sonra onda 0,486 promil alkoqol olduğu bildirilmişdir. O da buna etiraz etmiş, etirazına baxmayaraq onu həkim müayinəsinə aparmamışlar. O da barəsində tərtib edilmiş protokolda narazı olduğunu qeyd etmişdir. Daha sonra onu Lənkəran ŞRPŞ-nə aparmış, avtomobilini duracağa qoymuşlar. Polis əməkdaşlarına spirtli içki qəbul etmədiyin nə qədər desə də lakin polis əməkdaşları onun sözlərinə məhəl qoymamışlar. Polis şöbəsindən çıxdıqdan sonra Lənkəran şəhər Narkloji Xəstəxanasına müraciət etmiş, xəstəxanada onun spirtli içki qəbul edib-etməməsi ilə bağlı müayinə aparılmış və müayinənin nəticəsində alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Buna görə də tərtib edilmiş protokol əsassızdır və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş: 26 oktyabr 2023-cü il tarixli 02968 №-li alkotesterin nəticəsi barədə qəbzdən görünür ki, həmin tarixdə saat 10:51-də keçirilmiş müayinə zamanı Şəxs 0,468 promil alkoqol sərxoşluğu aşkar edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 001824 №-li, 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 12:40-da müayinədən keçirilmiş, müayinə zamanı alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdur. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs spirtli içki iyi gəlməsi səbəbindən tibbi müayinəyə göndərilmiş və nun idarə etdiyi «RANGE ROVER SPORT» minik markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. Videogörüntü materiallarından müəyyən olunur ki, yol patrul xidməti əməkdaşları tərəfindən Şəxs sərxoş olub-olmamasının müəyyən edilməsi məqsədilə alkotester müayinəsindən keçməsi təklif olunur, o isə polis əməkdaşlarına spirtli içki qəbul etmədiyini bildirir və alkotestrin ağızlığının dəyişdirilməsini tələb edir. Polis əməkdaşı isə yenicə dəyişdiyini bildirir. Şəxs alkotesterə üflədikdən sonra polis əməkdaşı alkotesterin göstəricisinin 0,486 promil olduğunu bildirmiş, Şəxs isə bununla razılaşmamışdır. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Q25-001-17 №li, 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında Təlimat»ın 4.7, 5.10, 5.11 və 8.7-ci bəndlərinə əsasən: 4.7. YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. 5.10. YPX inspektoru tərəfindən alkotester və narkotestr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq tətbiq edilir. 5.11. Şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Yuxarıda qeyd olunan sənədlərdən və videogörüntü materiallarından müəyyən olunur ki, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-də nəzərdə tutulmuş hüquqların və vəzifələri izah edilməmiş, protokoldan alkotesterin nəticələrindən narazı olduğunu bildirməsinə, habelə onun tibbi müayinəyə aparılması barədə protokol tərtib edilməsinə baxmayaraq, sonuncu tibbi müayinəyə aparılmamış, aparılsa belə bununla bağlı hər hansı tibbi müayinə aktı inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilməmişdir. Bununla bağlı ziddiyyətli hallara aydınlıq gətirilməsi üçün protokol tərtib etmiş səlahiyyətli şəxsin - Lənkəran ŞRPŞ-nin YPX inspektoru, polis serjantı X1 məhkəmə iclasında iştirakının təmin olunması barədə Lənkəran ŞRPŞ-nə sorğu göndərilməsinə baxmayaraq sonuncunun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Digər tərəfdən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs protokol tərtib edildən sonra fərdi şəkildə narkoloji müayinədən keçmiş və müayinənin nəticəsində orqanizmində alkoqol müəyyən edilmədiyi aşkar edilmişdir. Məhkəmə məhz buna görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparan səaliyyətli şəxs tərəfindən «Yol-patrul xidməti haqqında Təlimat»ın 4.7, 5.10, 5.11 və 8.7-ci bəndlərinin və «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinin tələblərinə riayət etmədən araşdırma aparıldığından Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:58 radələrində «RANGE ROVER SPORT» minik markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi barədə 26 oktyabr 2023-cü il tarixli 02968 №-li alkotesterin nəticəsinə dair Arayışı mötəbər sübut kimi qəbul edilə bilməz. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Hazırki işin hallarından müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:58 radələrində «RANGE ROVER SPORT» minik markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, onun alkoloq sərxoşluğu vəziyyətində avtomobili idarə etməsində şübhlər olduğundan alkotester vasitəsi ilə yoxlanılmış, onda 0,486 promil alkoloq sərxoşluğu aşkar edilmişdir. Şəxs Alkoteserin göstəricilərinə etiraz etmiş, yol patrul xidməti əməkdaşı tərəfindən onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol tərtib etmiş, lakin Şəxs tibbi müayinəyə aparılmamışdır. Daha sonra sonuncu öz təşəbbüsü ilə tibbi müayinədən keçmiş müyinə nəticəsində sərxoş vəziyyətdə olmadığı aşkarlarnmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin alkoqol sərxoşluğu vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi yuxarıda qeyd olunan hallar baxımından şübhəli haldır və İXM-nin 8.3-cü maddəsi baxımıdan şübhəli hallar da onun xeyrinə həll edilməlidir. Məhz buna görə də məhkəmə məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal, yəni inzibati xətanın obyektiv cəhəti (nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi) müəyyən edilmədiyindən Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1641/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1641/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver